Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:02

«Azadlıq» bloku boykot qərarını rəsmiləşdirdi


«Azadlıq» blokunda üç partiya birləşir
«Azadlıq» blokunda üç partiya birləşir

Azərbaycanın üç müxalifət partiyasının birləşdiyi «Azadlıq» bloku payızda keçiriləcək prezident seçkisini boykot qərarını rəsmiləşdirdi. Blokda təmsil olunan Milli Birlik Hərəkatının lideri Lalə Şövkət iyunun 2-də parlamentdə Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklərin boykot qərarının əsas səbəbi olduğunu bildirir. Onun sözlərinə görə, bu dəyişikliklər olduqca mürtəce xarakter daşıyır:


«Nə siyasi rəqabət üçün imkan yaranır, nə də seçki mühiti üçün. Əksinə bizim imkanlarımız bir qədər də məhdudlaşdırılıb. Belə durumda azad və ədalətli seçkidən danışmaq sadəlöhvlükdür».


Lalə Şövkətin proqnozlarına görə, payızdakı seçki Rusiyada keçirilən son seçkilərin bir qədər də pis variantda təkrarı olacaq.


Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli də ötən seçkilərdə olduğu kimi, bu dəfəki seçkidə də hakimiyyətin seçki prosesinə bütünlüklə nəzarət edəcəyini düşünür. Onun sözlərinə görə, proses Azərbaycanda monarxiya rejiminin qurulmasına aparır:


«Azərbaycan hökuməti avtoritarizmdən birmənalı olaraq diktaturaya keçid edir. İqtidar xalqa açıq şəkildə bəyan etmək istəyir ki, biz Azərbaycanda monarxiya, diktatura rejimi qururuq. Bizim alternativimiz budur: bu gün ölkəni xilas edə bilməsək də, heç olmasa xalqın aldadılmasında, təhqir olunmasında, ümidlərinin əlindən alınmasında iştirak etmirik. Bu korrupsiyaya, bu monopoliyaya, bu cinayətkarlığa qarşı hamımız təpki göstərməliyik, yalanın və cinayətin elementi olmamalıyıq».



«Azadlıq» blokunun seçkini boykot etməsi yalnız qısamüddətli gərginlik yarada bilər. Bu, nə seçki prosesinə, nə də beynəlxalq birliyin seçkinin nəticələrini tanımasına heç bir əngəl ola bilməz»

Müsavat Partiyasının Divanı keçən ilin oktyabrında prezident seçkisində iştirakla bağlı qərar qəbul etmişdi. Ancaq qərarda qeyd olunurdu ki, Müsavat Partiyasının seçkidə iştirakdan imtinası da istisna deyil. Müsavat başqanı İsa Qəmbər:


«Biz onu nəzərdə tuturduq ki, müxtəlif mərhələlərdə durumu yenidən dəyərləndirə bilərik. Seçki qanunvericiliyilə bağlı mühüm bir mərhələ çox mənfi nəticələrlə yekunlaşıb. Artıq dünəndən Müsavat rəhbərliyi seçki prosesi ilə bağlı yenidən müzakirələrə başlayıb».


İsa Qəmbərin sözlərinə görə, müzakirələrin sonunda partiyanın prezident seçkisinə qatılmaqla bağlı qərarının dəyişib-dəyişməyəcəyi bəlli olacaq.


Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Mübariz Qurbanlı isə müxalifət təmsilçilərinin Azərbaycanda qüvvədə olan qanunvericiliyin seçkiləri azad və ədalətli keçirməyə imkan verməməsi haqda fikirlərinə etiraz edir:


«Hər bir ölkənin keçirdiyi seçkinin qiymətini xalq verir. Seçkinin azadlığını təmin edən müddəalar Seçki Məcəlləsində yetərincədir. Bizim Məcəllədə hansısa məhdudiyyətlər yoxdur, kimisə siyasi, dini, irqi mənsubiyyətinə görə seçkidən kənarlaşdırmırlar».


Mübariz Qurbanlının fikrincə, müxalifətçilərin prezident seçkisinə qatılıb-qatılmayacağı seçkinin mahiyyətinə heç bir təsir göstərməyəcək.


Siyasi şərhçi Azər Rəşidoğlu da bu fikirdədir. Onun sözlərinə görə, beynəlxalq birliyin istəyi Azərbaycan müxalifətinin fəal siyasi mübarizə aparmasıdır:


«Azadlıq» blokunun seçkini boykot etməsi yalnız qısamüddətli gərginlik yarada bilər. Bu, nə seçki prosesinə, nə də beynəlxalq birliyin seçkinin nəticələrini tanımasına heç bir əngəl ola bilməz».


Politoloqun fikrincə, boykot qərarının effektini həm də müxalifət partiyaları arasında birliyin olmaması azaldır.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG