Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:36

Aclıq təhlükəsi dünya liderlərini Romaya toplayır


Ərzağın qiymətinin qalxması bəzi ölkələrdə aclığa səbəb olub

Ərzağın qiymətinin qalxması bəzi ölkələrdə aclığa səbəb olub

«Bizim hesablamalarımıza görə, son üç ildə ərzağın qiymətinin iki dəfə qalxması az gəlirli ölkələrdə 100 milyon insanı kasıblıq həddinə salıb». Dünya Bankının rəhbəri Robert Zolik belə deyir. Digər mütəxəssislər isə ərzağın qiymətinin qalxmasının artıq bəzi ölkələrdə aclığa gətirib çıxardığını bildirirlər. BMT-nin Ümumdünya Ərzaq Proqramının sözçüsü Robin Loc:


«Əfqanıstan buna misaldır. Yanvarın sonunda prezident Karzai daha 2,5 milyon əfqanı yedirtmək üçün 77 milyon dollar ayırmağı xahiş etmişdi. Bu adamlar təzəlikcə aclığa düçar olublar. Onların çoxu şəhər, ya da yarımşəhər yoxsullarıdır. O insanlar ki, bu yaxınlara qədər işləyib özlərini dolandıra bilirdilər, onlar indi də əvvəlki işlərində çalışırlar. Ancaq indi ərzağın qiyməti onlar üçün əlçatmaz olub».


Belə bir vaxtda dünya liderləri ekspertlərin bu problemin təfərrüatı və həlli yolları haqqında rəylərini dinləmək üçün iyunun 3-də Romaya toplaşırlar. Bu toplantı iyunun 5-nə qədər davam edəcək. Təşkilatçı isə mərkəzi iqamətgahı Romada yerləşən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatıdır. Tədbirdə BMT rəsmiləri ilə yanaşı 40-dan çox ölkənin dövlət və hökumət başçıları iştirak edəcəklər. Toplantıda BMT-nin Baş katibi Ban Ki Munun dünya liderlərinə müraciət edib, onları təcili ticarət məhdudiyyətlərini və kənd təsərrüfatındakı vergiləri qaldırmağa çağıracağı gözlənilir.


Ərzağın qiymətinin son 30 ildə ən yüksək səviyyəyə qalxmasıyla bağlısa müxtəlif fikirlər var. Burda da ekspertlərin fikirləri haçalanır. Ən çox yayılan mövqe isə budur ki, enerji ehtiyatlarının qiyməti qalxır, Hindistan və Çin kimi sürətlə inkişaf edən ölkələrdə ərzağa olan təlabat artır. Bir çox mütəxəssislər isə Ban Ki Mun kimi düşünürlər ki, qiymətlərin qalxmasında dünyanın zəngin ölkələrinin öz bazarlarını qorumaq üçün qoyduqları ticarət qadağaları böyük rol oynayır. Onların fikrincə, bu cür qadağalar inkişaf etməkdə olan dövlətlərin fermerlərini daha çox məhsul istehsal edib gəliri çox olan ölkələrdə satmaq imkanından məhrum edir.


Sonuncu versiya kimi yanacağın istehsalının qiymətlərin artmasına təsir etdiyi göstərilir.


Günün bütün mövzuları

XS
SM
MD
LG