Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:22

«Erkən ərə verilən qızların valideynləri məsuliyyətə cəlb edilsin!»


Maştağadakı məktəblərdən birində 11-ci sinfin hərbi hazırlıq dərsi

Maştağadakı məktəblərdən birində 11-ci sinfin hərbi hazırlıq dərsi

«Dərslər xoşuma gəlirdi. Müəllimimiz yaxşıydı. Səhər durub dərsə gedirdim, oxuyurdum. İndi dərsə getmək istəyirəm». Maştağada yaşayan 11 yaşlı Balacaxanım Əliyeva təhsilini 3-cü sinifdən atasının təkidi ilə yarımçıq qoyduğunu deyir.


Balacaxanımın atası Vaqif isə qızını məktəbdən çıxarmasını bu cür izah edir: «Məktəbdə pozğunçuluq çoxdu». Vaqifin sözlərinə görə, məktəbdəki rüşvətxorluq da onun qərarına təsir edib.


Nərmin Həmidova da orta məktəblə 3-cü sinifdən vidalaşıb. Onun atası İbrahim Həmidov deyir ki, qızını məktəbə qoymayacaq: «Zəmanə xarabdı. Bizim nəslimiz məktəbə 3-cü, 4-cü sinifəcən gedir».


İbrahim Həmidov qızının oğlanların toplaşdığı məktəbdə oxumasına razı deyil: «Hansı məktəbə baxırsan qabağında oğlan uşaqları…Mən ora necə qız qoyum?!»


Yalnız nənəsinin müşayiəti ilə Quran dərslərinə gedən Nərmin isə məktəbə getməkdən qorxduğunu deyir: «Özüm getmək istəməmişəm. Qorxuram, istəmirəm, xoşum gəlmir. İstəyirəm müəllim gəlib evin içində mənə dərs desin».


Nənəsi Səyyarə xanım deyir ki, Nərminin anası da, bibiləri də orta məktəbi bitiriblər: «Zəmanə yaxşıydı. İndi adam qız uşağını bayıra qoymağa qorxur».


Maştağa kəndində yaşayan Sevinc Muradova da məktəbi bitirməyib. Amma onu dərsləri atmağa məcbur edən olmayıb: «7-ci sinifə qədər getdim. Sonra çıxıb, evdə oturdum. Həvəsim yox idi oxumağa».


Maştağa kəndindəki 187 saylı orta məktəbin direktoru Nailə Məmmədova qızların məktəbə gəlməməsini əhalinin mühafizəkarlığı ilə izah edir: «Maştağa seyidləri, din xadimləri ilə tanınmış kənddir. Uşaqları erkən yaşlarından hicaba keçirirlər, dini oxumağa üstünlük verirlər. Düzdür, namaz qılmalıyıq, Allaha ibadət etməliyik, amma qədərincə».


Erkən yaşlarından qızların ailə qurmasına bu kənddə üstünlük verilir. Ona görə də çox vaxt 4-cü sinifdən valideynlər uşaqlarını məktəbdən çıxarırlar.


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet səhifəsindəki statistik məlumatlar qızların təhsil probleminin cənub bölgələrində daha kəskin olduğunu göstərir. 2007-ci ildə ölkə üzrə universitetlərə qəbul üçün sənəd verənlərin cinslər üzrə bölgüsü 45-50 faiz nisbətində idisə, cənub bölgələrində vəziyyət tamamilə fərqli olub. Lerik və Yardımlı rayonlarından ali məktəbə qəbul üçün ərizə verənlər arasında qızlar cəmi 15-20 faiz təşkil edib.


Milli Məclisin Təhsil Komissiyasının üzvü Cəmil Həsənli deyir ki, qızların məktəbdən yayındırılmasının bir səbəbi də yoxsulluqdu. Onun sözlərinə görə, uşaq sinifdən-sinifə keçdikcə xərclər artır. Amma Həsənli bildirir ki, bu, yeganə səbəb deyil: «Digər səbəb son illər dini xurafatın yayılmasıdır».


Miqrantlara Hüquqi Yardım Mərkəzi 2003-cü ildə qadın hüquqlarının qorunması və təhsil problemləri ilə bağlı Bakı kəndlərində, cənub bölgələrində, Şirvanı əhatə edən bir neçə rayonda araşdırma aparıb. Mərkəzin rəhbəri Əlövsət Əliyev: «Təhlillər göstərdi ki, birinci sinifə uşaqların yüz faizi gedir. Yeddinci sinifdə qızların sayı 10, səkkizdə 30, doqquzda 60, onuncu sinifdə az qala 80 faiz azalır».


Əlövsət Əliyev deyir ki, bu bölgələrdə qızlar böyüdükcə onların ayağı məktəbdən tədricən kəsilir: «Çox qəribədir ki, insanlar regionlarda övladlarını, qızlarını ərə verməyə tələsirlər».


Qadın Krizis Mərkəzi də 2006-cı ildə cənub bölgələrində oxşar araşdırma aparıb. Mərkəzin rəhbəri Mətanət Əzizova: «Məktəblərdə qızların sayı çox azdır. Haradasa 8, 9–cu sinifdən sonra qızlar artıq məktəbə getmirlər».


Əzizova da problemin kökünü qızların erkən ailə qurmasında görür.


Əlövsət Əliyev isə deyir ki, erkən nikahlar yalnız molla kəbini ilə rəsmiləşdirilir. Buna görə də Mərkəz çıxış yolunu Qafqaz Müsəlmanları İdarəsinə müraciətdə görüb: «Qafqaz Müsəlmanları İdarəsindən xahiş etdik ki, fətva versinlər və göndərsinlər bütün mollara ki, nikah yaşına çatmamış qızlarla kəbin bağlanmasın. Əgər bu kəbin bağlanmasa, təbii ki, qızların ərə getməsinin qarşısı nisbətən alınmış olar».


«Təmiz Dünya» təşkilatının rəhbəri Mehriban Zeynalova isə hesab edir ki, problemin qarşısını almaq üçün ciddi addımlar atılmalıdır: «Biz təklif edirik ki, erkən ərə verilən qızlarla bağlı valideynin cəzalandırılması metoduna əl atılsın, bu haqda qanunvericiliyə maddə əlavə edilsin. Erkən ərə verilən qızlar valideyn tərəfindən məcbur edilirsə, o zaman həmin valideynə cinayət məsuliyyəti tətbiq edilsin. Məncə, indiki vəziyyətdə problemin qarşısını almaq üçün ən çox bu vasitəyə əl atmaq olar».


Deputat Cəmil Həsənli ailə quran qadın üçün təhsilin olduqca vacib olduğunu deyir: «Nəzərə almaq lazımdır ki, cəmiyyətdə boşanma halları çoxalıb. Bir qayda olaraq uşaqlar da qadınların yanında qalır. Bu halda hətta orta təhsil görməmiş bir qadın həyatın çox ağır sınaqları ilə üzləşməli olur ki, bu da yolverilməzdir».


Maştağadakı 187 saylı orta məktəbin direktoru Nailə Məmmədova isə deyir ki, hazırda bu məktəbin bir neçə şagirdini valideynləri təhsildən ayırıb. Onların arasında hətta ibtidai sinif şagirdləri də var. Məmmədova qızların məktəbə qaytarılması üçün valideynlərlə iş aparıldığını deyir. Söhbətlər fayda vermədikdə isə məktəb rəhbərliyi hüquq-mühafizə orqanlarına müraciət edir.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov isə deyir ki, onlara bu cür müraciətlər daxil olmur: «Əgər valideyn uşağı zorla azadlıqdan məhrum edib, ev dustağı kimi saxlayır, məktəbə buraxmırsa, əlbəttə ki, onun barəsində araşdırma aparıla bilər».


Uşaq Hüquqları Klinikasının rəhbəri, hüquqşünas Nazir Quliyev isə deyir ki, hazırki qanunvericilikdə qızlarını təhsildən yayındıraraq ərə verən valideynlərə qarşı məsuliyyət nəzərdə tutan ağır normalar yoxdur: «Əvvəllər bir nəfər dərsə gəlməyən kimi məktəb direktoru, müəllimlər onun evinə gedirdilər, maraqlanırdılar ki, uşaq dərsə niyə gəlmir? Arayış tələb olunurdu. Təəssüf ki, indi bu yoxdu. Hətta indi həftələrlə, günlərlə uşaq dərsə getməsə belə, ondan bunun səbəbini soruşan yoxdu».


Təhsil Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Bayram Hüseynzadə isə deyir ki, Azərbaycanda təhsil məcburi yox, icbaridi: «Sovet dövründə birbaşa təhsildən, məktəbdən yayınmaq cinayət idi. Ancaq indi dövlət hər cür şərait yaradır ki, onun vətəndaşları təhsilə cəlb olunsun».


Teoloq İlqar İbrahimoğlu isə deyir ki, Azərbaycan təhsili kifayət qədər böhranlı şəraitdədir: «Buna görə də valideynləri qınamaq olmur ki, niyə uşağını məktəbə aparmırsan. Çünki 5-ci, 6-cı sinifdən sonra məktəbdə uşaq dərsdən başqa nə desəz öyrənir».


İbrahimoğlu deyir ki, islama görə, təhsil almaq çox vacibdir. Amma: «Bu günkü məktəblərin vəziyyəti o halda deyil ki, duraq valideynlərə deyək ki, uşaqlarınızı rahatca həmin məktəblərə göndərin. Bu məktəblər korrupsiyayla, rüşvətlə, əxlaqsızlıqla, mənəviyyatsızlıqla, əslində uşaqları avtoritar, totalitar düşüncə tərzində böyüdürlər. Bu mənada bəzən düşündürücüdür ki, Azərbaycan insanı bu məktəbə doğrudan da uşağını göndərməlidir, ya yox?».


Təhsildən yayındırılmış qızların sonradan təhsillərini davam etdirmək imkanı varmı?


187 saylı orta məktəbin direktoru Nailə Məmmədova deyir ki, əvvəllər bunun üçün gecə məktəbləri vardı, amma indi yoxdur: «Əvvəllər gecə məktəbləri, əlavə kurslar vardı. İndi elə bir şərait yoxdu. Əgər olsaydı, bəlkə də onlar oxuyardılar. Amma bir neçə il bundan qabaq bizdə kurslar yaradılmışdı. Hətta yaşlı qadınlar da gəlib orada təhsil alırdılar. Bu, o demək deyil ki, onlara attestat, şəhadətnamə verirdilər. Amma gəlirdilər, öyrənirdilər».


Görəsən, bu məktəblərin bərpası mümkündürmü?


Təhsil Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Bayram Hüseynzadə deyir ki, axşam məktəbləri formal xarakter daşıdığı üçün onlara ehtiyac yoxdur.


Miqrantlara Hüququ Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev vəziyyətdən çıxış yolunu maarifçilikdə görür: «Təhsilə, islami dəyərlərə, insan hüquqlarına münasibət dəyişməlidir».


Buna da bax:

Günün bütün mövzuları

XS
SM
MD
LG