Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:48

Astara gömrükxanasında yeni qayda…


Azərbaycanla İran arasında gömrüklə bağlı iki məsələ açıq qalır

Azərbaycanla İran arasında gömrüklə bağlı iki məsələ açıq qalır

Astara gömrük məntəqəsində yeni qaydalar tətbiq edilib. Yeni qaydaya görə, ölkəsinə dönən Azərbaycan vətəndaşı bir sıa məhsulları İrandan gətirə bilməz. Bura toyuq əti, banan, xalça, yuyucu tozlar və sair məhsullar daxildir. Lakin İrana gedən vətəndaşlar özləri ilə kifayət qədər məhsul apara bilərlər. Azərbaycan gəlib sonra geri qayıdan iranlılar da kifayət qədər yük götürürlər.


Qadağan edilmiş məhsulları gətirən vətəndaşlardan malları gömrükxana işçilərinə təhvil vermək tələb olunur. Qaydaya tabe olmayanlardan isə ərzaq məhsullarını güclə alırlar. Bu malın əvəzində isə heç nə ödənilmir. Müsadirə edilmiş toyuq əti yandırılır. İki ay bundan əvvəl Astara sərhəd keçid məntəqəsində müsadirə edilmiş 200 kiloqramdan çox toyuq əti yandırılmışdı.


Əvvəllər İran tərəfi də 17 adda ərzaq məhsulunun ölkədən çıxarılmasına qadağa qoymuşdu. Qadağan edilən məhsulların siyahısı İran gömrükxanasında divardan asılıb. Son zamanlar İran tərəfi qadağan edilən məhsulların siyahısını azaldıb. İndi bu siyahıya zəruri ərzaq məhsulları daxil edilib.


İrana əsasən yerli sakinlər gedirlər. Bunların arasında sadələşdirilmiş qaydadan istifadə edənlər çoxdur. Astara Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Bölməsindən «Azadlıq» radiosuna deyiblər ki, sadələşdirilmiş qayda 45 kilometr ərazidə yaşayanlara şamil edilir. Astara qeydiyyatında olan vətəndaş şəxsiyyəti təsdiq edən sənədi bölməyə təqdim edir və növbəyə yazılır. Növbəsi çatanda isə İrana gedir.


Bu zaman viza tələb olunmur. İranla Azərbaycan arasında bağlanmış memoranduma görə, bir nəfər yerli sakin İrana ildə 4 dəfə sadələşdirilmiş qaydada gedə bilər. Hər il bu qayda ilə İrana Astaradan 8-9 min yerli sakin gedir. Bölmədən «Azadlıq» radiosuna verilən məlumata görə, bu qayda qohumluq münasibətində olan adamlar arasında əlaqələrin qurulması üçün edilib. Lakin sadələşdirilmiş qaydadan alver məqsədi ilə istifadə edənlər də var.


Astara, Lənkəran və Lerik rayonlarının sakinləri sadələşdirilmiş qaydada Astara keçid məntəqəsindən, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının sakinləri isə Biləsuvar keçid məntəqəsindən istifadə edirlər. İl ərzində hər iki keçid məntəqəsindən 30 mindən çox yerli sakin sadələşdirilmiş qaydada İrana gedir. Memoranduma görə, bir o qədər də iranlı Azərbaycana gəlir. Bu gediş-gəliş sərhədyanı ticarətin inkişafına müsbət təsir edir. Yerli sakinlər İrandan mal gətirməklə əlavə qazanc əldə edirlər. Bir çox ailələr məhz bununla dolanırlar.


Astara şəhər sakini, ikinci dərəcəli əlil Ceyhun Haşımov İrandan yenicə gəlib, orda qohumlarına baş çəkib. Geri qayıdanda özü ilə toyuq əti gətirib. Lakin sərhəddə Əllədin adlı gömrük işçisi heç bir səbəb göstərmədən toyuq ətini ondan alıb. O, deyir ki, iranlılar da Azərbaycandan çox şey alıb aparırlar. Bu ki, qadağan deyil.


Astara gömrükxanasından öyrəndik ki, yeni qaydanın tətbiqi ilə bağlı qeyri-rəsmi göstəriş var.


Sabiq gömrük xidməti kapitanı Elman Hüseynovun dediyinə görə isə qanunla hər bir vətəndaş xarici ölkədən 50 kiloqrama qədər qadağan edilməmiş yük gətirə bilər. Bu yük satış məqsədilə olmamalıdır. Yük artıq olarsa, bunun üçün rüsum ödənməlidir. Əgər müsadirə olunursa, protokol yazılmalı və bir sürəti də vətəndaşa verilməlidir. Qadağan olunmuş maldırsa, onda bunun Azərbaycana gətirilməsinə icazə verilməməlidir. Ancaq elə adamlar var ki, onlara İrandan toyuq ətinin gətirilməsinə şərait yaradılır: «Deməli, bu, qadağan deyil».


Elman Hüseynov deyir ki Azərbaycanda istehsal olunan toyuq ətinin bir kiloqramı 6 manatdır. İrandan gətirilən toyuq ətinin bir kiloqramı isə indiyə qədər 3 manata satılırdı. Gömrükxanada yeni qayda tətbiq edildikdən sonra mağazalarda İranda istehsal olunmuş toyuq ətinin 1 kiloqramı 4 manata qalxıb. Burda böyük qazanc var. Gömrükxanada baş verənlər də bununla bağlıdır.


Azərbaycanla İran arasında gömrüklə bağlı iki məsələ açıq qalır. Hər iki ölkənin gömrükxanalarında vahid iş rejimi müəyyənləşməyib. İran gömrükxanasının işçiləri cümə, Azərbaycan gömrükxanasının işçiləri isə bazar günləri istirahət edirlər. Keçiddən piyada istifadə edənlərin özləri ilə nə qədər yük apara biləcəkləri barədə razılıq əldə olunmayıb. Ölkələr hər iki məsələni özlərinə məxsus şəkildə həll edirlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG