Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:09

«Azərbaycanda sığortanın vəziyyəti son dərəcə bərbaddır»


Adil Qeybulla deyir ki, qanun 10 ilə yaxındı qəbul olunsa da, işlək deyil Foto: Gun.az

Adil Qeybulla deyir ki, qanun 10 ilə yaxındı qəbul olunsa da, işlək deyil Foto: Gun.az

Sığortalanıb Nyu-Yorka səyahətə gedəsən, səfər vaxtı xəstələnəsən, ABŞ klinikalarından birində müalicə olunub geri qayıdanda isə öz ölkəndə tibbi sığorta haqqını ala bilməyəsən! Tələbə Rəşad Hüseynzadə deyir ki, belə hadisə ancaq Azərbaycanda baş verə bilər. Çünki ölkədə tibbi sığortanı ciddiyə alan yoxdur:


«Bir tədbirlə əlaqədar Nyu-Yorka getmişdik, orda dostlarımızdan biri xəstələndi, onda infeksion xəstəlik əmələ gəlmişdi, özü də get-gedə qanqren verirdi. Biz sığorta üçün onlardan bütün sənədləri tələb etdik. Beş sənəd verdilər: nədən xəstələnib, hansı müalicələr aparılıb, nə qədər pul ödənilib və s. Gətirdik təqdim etdik burdakı yerli sığorta şirkətinə. Həmin şirkətdən isə bizə dedilər ki, sizə pulu qaytara bilmirik, gedin hara istəyirsiniz şikayət edin».


Rəşad Hüseynzadə deyir ki, müalicə üçün 470 dollar xərcləri çıxıb. Sığortaçı yerli şirkət bu məbləği, yəni sığorta haqqını qaytarmamağının səbəbini isə tələbələrə belə izah edib: «Dedilər ki, həmin xəstəxanadan xəstəlik tarixini çıxarıb gətirməliyik. Xəstəlik tarixini çıxarmaq isə heç bir xəstəxanada mümkün deyil. Bu, bütün dünya səhiyyə sistemində belədir. Çünki həmin xəstəlik tarixi düşür arxivə, arxivdən isə onun kiməsə verilməsi qadağandır. Biz dedik ki, siz bəhanə edirsiniz. Hətta həmin sığorta şirkətindən bizə dedilər ki, guya Nyu-Yorka, xəstəxanaya zəng edə bilmirlər. Həmin xəstəxananın da təqribən 130-140 nömrəsi var. Biz özümüz sınaq üçün zəng etdik, götürdülər, qoyduq yerə».


Həkim-ekspert Adil Qeybulla Rəşadın üzləşdiyi olayı bütövlükdə ölkənin problemi adlandırır: «Azərbaycanda sığortanın vəziyyəti son dərəcə bərbaddır. Siz elə bilirsiniz ki, bu avtomobillər sığortalanır, onlar nə isə ala bilirlər? Elə tibbi sığortada da vəziyyət belədir».


Azərbaycanda səhiyyə sığortasının cari inkişafıyla bağlı tədqiqat aparmış iqtisadçı ekspert də tibbi sığorta sahəsindəki işlərin ləng getdiyini vurğulayır: «Ölkədə icbari tibbi sığorta modeli qurulsa da, proses ləng gedir. Bunun da obyektiv səbəbləri var. Bu sahədə kifayət qədər hazırlıqlı institusional baza olmalıdır».


Azərbaycanda vətəndaşların tibbi sığortasının hüquqi və iqtisadi əsasları 1999-cu ildə qəbul olunmuş «Tibbi sığorta haqqında» qanunla tənzimlənir. Bu qanun əhaliyə hansı hüquqları verir?


Qanuna görə, vətəndaş tibbi sığorta müqaviləsinə uyğun olaraq tibb müəssisəsini və həkimi seçə, müəyyən olunan miqdardan az olmayan həcmdə tibbi yardım ala bilər. Əgər sığortalanana zərər vurulubsa, onlar sığorta edənə, tibbi sığorta təşkilatına qarşı iddia qaldıra bilərlər. Ekspert Adil Qeybulla deyir ki, bu qanun 10 ilə yaxındı qəbul olunsa da, işlək deyil. Bu ilin yanvarında isə, prezident həmin qanunun icra edilməsiylə bağlı sərəncam imzalayıb. Sənəd vətəndaşlara tibbi xidmətlərin göstərilməsində icbari tibbi sığortanın tətbiqinə başlamağı nəzərdə tutur. Bundan sonra vətəndaşa göstəriləcək tibbi xidmət zərfi ayrıca müəyyən ediləcək.


Bəs sığortalanmış vətəndaş tibb müəssisəsində hansı xidmətləri pulsuz ala bilər?


Adil Qeybulla: «Tibbi sığorta xidməti ilk növbədə doğuş və təxirəsalınmaz xidməti sığortalayır. Məsələn, kəskin apendisit, bağırsaq keçməzliyi, qarın boşluğunun cərrahi keçməzliyi və s.»


İcbari tibbi sığorta sisteminə görə, işləyən əhalinin əməkhaqqının müəyyən faizi sığorta fonduna yönəldiləcək. Milli Məclisin Sosial Siyasət Daimi Komissiyasının nümayəndəsi Musa Quliyev deyir ki, icbari sığortanın maliyyə mənbələri müxtəlifdir: «Burada bir neçə maliyyələşmə mənbələri olmalıdır. Düşünürəm ki, bu, gələn ildən olacaq və işləyən əhalinin əməkhaqqından tutulacaq. 4, yaxud 3 faiz».


İşləməyən əhalinin icbari sığortasına gəlincə, deputat deyir ki, bu, dövlət hesabına olacaq.


İcbari tibbi sığortanın ölkədə reallaşdırılması üçün Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılıb.


İcbari tibbi sığortanın tətbiqi ilə bağlı ilk pilot layihə isə Siyəzən rayonunda həyata keçirilir. Bu məqsədlə də dövlət büdcəsindən 1 milyon 400 min manat vəsait ayrılıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG