Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:34

Kosovo iki yerə bölünür


«Kosovo daxilində serblər yaşayan şimal təxminən Gürcüstan daxilində Abxaziyanı xatırladacaq»

«Kosovo daxilində serblər yaşayan şimal təxminən Gürcüstan daxilində Abxaziyanı xatırladacaq»

Bir vaxtlar Kosovo probleminə «donmuş münaqişə» deyirdilər. İndi Kosovonun öz daxilində «donmuş münaqişə» yaranır. Bu, Şimali Kosovodur. Özünü yenicə müstəqil dövlət elan etmiş Kosovo iki yerə bölünür - albanlar yaşayan cənuba və serblər yaşayan şimala.


Bu həftə Avropa Birliyi elan edəndə ki, Kosovoya polis qüvvələri yerləşdirməyi təxirə salır, çoxları fikirləşdi ki, bu, adi bürokratik problemdir. Ancaq ekspertlərin fikrincə bu, Serbiya ilə Rusiyanın birgə fəaliyyətinin nəticəsidir.


Fevralda Kosovo Serbiyadan öz müstəqilliyini elan edəndə, burda sabitlik yaratmağı Avropa Birliyi öz üzərinə götürdü. Hazırda bu funksiyanı BMT və onun KFOR adlanan hərbi qüvvələri yerinə yetirir və BMT-nin mandatı iyunda başa çatır. İndi Rusiya BMT-nin Təhlükəsizlik Şurasındakı veto hüququ ilə hədələyərək bu keçidin qabağını alır.


Avropa Birliyi rəsmiləri deyirlər ki, qurum Kosovo missiyasına sentyabrdan tez başalaya bilməyəcək. Kosovonun paytaxtı Priştinadakı təhlilçi Avdulla Robac «Azadlıq» radiosuna bunları deyir: «Bu, qeyri-müəyyən vəziyyət iki bəd xəbər verir. Birincisi, Belqrad Kosovoda hələ də rol oynaya bilir. İkincisi, Kosovonun öz qurumları hələ təşəkkül tapmadığına görə, öz səlahiyyətlərində olan işləri görə bilmirlər».


Beynəlxalq Böhran Qrupunun təhlilçisi Ceyms Layon isə deyir ki, əslində Kosovo artıq iki yerə parçalanıb: «Baş verən faktiki parçalanmadır, beynəlxalq aləmin KFOR adlanan hərbi qüvvədən, yəni zordan istifadədən başqa, Kosovonun şimalına təsir etmək imkanı yoxdur».


Təhlilçilərin fikrincə, hadisələrin gedişi göstərir ki, Kosovonu özündə saxlaya bilməyən Serbiya indi Rusiyanın köməyi ilə Kosovonu parçalamaq istəyir. Belə getsə, Kosovonun şimalı öz müstəqilliyini elan edə və yeni donmuş münaqişə yarana bilər.


Beynəlxalq Böhran Qrupundan Balkan təhlilçisi Ceyms Layon deyir:


«Bu, sırf donmuş münaqişədir. Heç bir şans yoxdur ki, bu münaqişə Amerikanın və Qərbi Avropanın istədiyi şəkildə həll olunsun».


Layon deyir ki, Kosovo daxilində serblər yaşayan şimal təxminən Gürcüstan daxilində Abxaziyanı xatırladacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG