Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:48

YAP-ın tədbirində Cümhuriyyətin ünvanına ittihamlar səsləndi


Mayın 27-də YAP-ın keçirdiyi konfrans Foto:YAP

Mayın 27-də YAP-ın keçirdiyi konfrans Foto:YAP

Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 90 ili tamam olur. Həmişə olduğu kimi, yenə də ildönümü ərəfəsində AXC barədə müxtəlif fikirlər, fərqli münasibətlər diqqəti cəlb edir.


SSRİ-nin süqutundan 20 ilə yaxın bir müddət keçməsinə baxmayaraq ölkədə hələ də bu hadisəyə və onun iştirakçılarına yekdil münasibət formalaşmayıb. AXC və onun yaradıcılarına qeyri-müəyyən münasibət 28 may ərəfəsində keçirilən tədbirlərdə özünü daha aydın büruzə verir.


Xüsusilə müxalifət düşərgəsində iqtidarın müstəqillik gününü yetərincə dəyərləndirmədiyi iddia edilir. Hakim YAP-ın təmsilçiləri isə bunun əksini bildirirlər. İqtidaryönlü Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı deyir ki, 1918-ci il mayın 28-də baş verən hadisə Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı olub: «Mərhum prezident Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycan dövləti isə bu mərhələnin davamıdır».


YAP icra katibi, millət vəkili Əli Əhmədov da deyir ki, Azərbaycanın indiki siyasi hakimiyyəti AXC –nin varisi kimi öz üzərinə düşən tarixi missiyanı layiqincə yerinə yetirir: «Bu varisliyi nəinki qoruyur, ona öz ehtiramını ifadə edir».


Mayın 27-də YAP-ın keçirdiyi konfransda tarixçi alim Kərim Şükürovun dedikləri isə açıq və üstüörtülü etirazlarla qarşılandı. Şükürovun fikrincə, parlamentin 90 illiyi elə də böyük hadisə deyil. Çünki həmin parlamenti xalq seçməmişdi. Hakimiyyəti bolşeviklərə də AXC parlamenti təhvil verib. Orduda yalnız kasıb balaları xidmət edib və sairə. Ondan sonra çıxış edənlər həmin vaxtkı reallığı nəzərə almağı və tarixə sahib çıxmağı tövsiyə etdilər.


Mayın 27-də AXCP, ALP və VİP –in birləşdiyi «Azadlıq» siyasi bloku da AXC-nin 90 illiyinə həsr olunmuş toplantı keçirdi. Bu tədbirdə isə fikirlər daha çox iqtidarın tənqidinə yönəldi. Çıxış edənlər hakimiyyəti AXC-ni yaradanlara laqeyd, qısqanc münasibət bəsləməkdə, respublika gününün ölkədə layiqincə qeyd olunmasına şərait yaratmamaqda ittiham etdilər. İndiki hakimiyyəti kommunistlərin varisi adlandıranlar da oldu.


AXCP sədri Əli Kərimli isə bildirdi ki, kimin istiqlal gününə necə yanaşmasından asılı olmayaraq onlar öz üzərlərinə düşəni etməli, 28 mayın bayram olduğunu yaddan çıxmağa qoymamalıdırlar.


Müxalifət paytaxtda hələ də AXC-nin yaradıcılarının xatirəsinə abidənin, ən azı Məmməd Əmin Rəsulzadənin heykəlinin qoyulmamasını, onların məzarlarının vətənə köçürülməməsini və sairəni iqtidarın qərəzli münasibəti kimi dəyərləndirirlər. Hakimiyyət isə cümhuriyyət quranlara ən böyük abidənin bu günkü müstəqil Azərbaycan Respublikasının olduğunu bildirir, AXC-nin bayrağının, himninin və gerbinin indiki dövlətin atributları olaraq qalmasının bunu sübut etdiyini deyirlər.


AXC-nin yaranmasının 90 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması üçün prezident İlham Əliyev sərəncam imzalayıb. Mayın 27-də dövlət başçısı paytaxtın İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib. Bu məqsədlə paytaxtda və regionlarda bayram tədbirləri nəzərdə tutulub. 28 may Azərbaycanda iş günü deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG