Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:24

Boşananların sayının çoxluğu hökuməti hərəkətə gətirdi


«Müqvilə yoxdur deyə, asanlıqla boşanır, gedib cavan qız alırlar»

«Müqvilə yoxdur deyə, asanlıqla boşanır, gedib cavan qız alırlar»

Özbəkistanda boşananların sayı o qədər artıb ki, hökumət nikaha qədər müqavilə bağlamağı təklif edir. Məsələ ondadır ki, bu ölkədə qadınlar boşanma zamanı heç nəsiz qalır, məhkəmə mülkiyyət məsələsini kişilərin xeyrinə həll edir. Qadın özünü və uşaqlarını saxlamaq üçün lazım olan mülkiyyəti itirir.


Məsələn, 25 yaşlı Lola ərindən ayrılıb, 2 uşağını götürüb, atası evinə qayıtmalı olub. İndi o ərindən maddi təzminat almağa çalışır, amma uzun-uzadı, çətin mübarizə aparmalıdır. Özbək qadınlarının çoxu kimi Lola da ərinin mülküylə dolanırmış. İndi məhkəməyə getmək, öz payını almaq istəyir. Amma bilir ki, məhkəmə uzun, üzücü prosesdir və adətən, kişilərin xeyrinə qurtarır. «Azadlıq» radiosunun müxbiri Gülnoza Seyidəzimovaya müsahibəsində Lola nikahdan əvvəl müqavilə bağlamadığına görə peşman olduğunu deyib: «Nikah müqaviləsinin üstünlüyü odur ki, kişini boşanandan əvvəl bir daha fikirləşməyə məcbur edir. Müqavilə olanda kişi arvad-uşağını pulsuz qoya bilməz, boşanmaq ona baha başa gələr. Amma müqavilə yoxdur deyə, asanlıqla boşanır, gedib cavan qız alırlar. O biri arvad-uşaq da qalır heç nəsiz».


Təxminən 10 il əvvəl ölkənin Ailə Məcəlləsinə dəyişiklik edilib. Dəyişikliyə görə, yeni evlənənlər müqavilə bağlaya bilərlər. Amma hələ çox az adam, daha doğrusu, çox az kişi nikah müqaviləsi bağlayır.


İndi hökumət yanaşmanı dəyişir. Doğrudur, qanun qadınla kişinin mülkiyyət hüququnu hələ bərabərləşdirməyib, amma hökumət yeni cütlükləri nikah müqaviləsi bağlamağa həvəsləndirir. Bunun üçün Ədliyyə Nazirliyi təbliğata başlayıb, televiziyalar reportajlar verir, məsələ dəyirmi masalara çıxarılır.


Şahnoza Kamolova Taşkənd nikah qeydiyyatı idarəsində işləyir. O, deyir ki, nikah müqaviləsi bağlansa, boşanma hallarından cana doyan məhkəmələrin də yükü azalar: «Adətən cütlük ayrılanda, mülkiyyətin bölünməsi məsələsi məhkəməyə çıxır. Müqavilə kişiylə qadının haqqını müəyyən etdiyi üçün mülkiyyət məsələsi tez həll olunar».


Amma cütlüklər nikah müqaviləsinə əhəmiyyət vermirlər. Şahnoza Kamolova: «Çox az adam nikah müqaviləsi bağlayır. Bəzi adamlar elə bilir ki, nikah müqaviləsi bağlamaqla boşanmaya hazırlaşır. Boşanmaq barədə fikirləşməyi pis əlamət hesab edirlər. Amma nikah müqaviləsi yalnız boşananların mülkiyyət haqqını müəyyən etmir, həm də evlənənlərin bağlılığının göstəricisidir».


Artıq nikah müqaviləsiylə bağlı təbliğat xeyli adamın diqqətini cəlb edib. 40 yaşlı qadın Nadira deyir ki, nikah müqaviləsi bağlayan kişi evliliyə daha ciddi yanaşar: «Ev də, başqa şeylər də qadınla kişi arasında bölünür. Qadının da kişi qədər haqqı olur. İndi boşanan kişi hər şeyi özünə götürür. Məncə, mülkiyyət bərabər bölünsə, boşananların sayı azalar. Kişi boşanandan, ya da yenidən evlənəndən əvvəl bir daha fikiləşməli olar».


Ruhanilər də Özbəkistanda boşanmaların sayının artmasından nigarandırlar. İslam dininin yenidən canlandığı ölkədə boşanmaların sayının artması çoxlarını təəccübləndirir. Fərqanədən olan ruhani Husanboy Hacı: «Boşananların sayı həddən artıqdır. O qədər boşanan var ki…Çoxu da gənc olduğu üçün boşanır. 17-18 yaşlarında evlənirlər. Nikah müqaviləsi xalqın inkişafı, stabillik üçün vacibdir. Müqavilə olsa, bəzi gənclər pulunun yarsını itirməkdən qorxar, boşanmazlar».


Təəssüf ki, bu məsləhət Lola kimiləri üçün gecdir. İndi o, 2 uşağıyla qalıb, ata evindən kömək gözləyir.


Günün bütün mövzuları

XS
SM
MD
LG