Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:46

Hakimiyyətin yeni media planı


Bakı sakini yerli qəzet oxuyur, 22 iyul 2003
Bakı sakini yerli qəzet oxuyur, 22 iyul 2003

«Azadlıq» qəzeti:


Seçki ərəfəsi ənənəvi repressiya tədbirləri bir qədər arxa plana keçəcək, müvəqqəti maddi şirnikləndirmə taktikasına üstünlük veriləcək. Bu barədə «Azadlıq» qəzetinə mötəbər mənbə məlumat verib.


Söhbət bəzi müxalifət qəzetlərinin şirnikləndiriləcəyindən gedir... Yaxın günlərdə müxalifət qəzetlərindən birində çox yüksək tariflərlə Azərbaycanın çox məşhur və zəngin banklarından birinin silsilə reklamları yerləşdiriləcək. Həmin banka bu tapşırıq Prezidentin İcra Aparatından verilib. Yəni heç bir halda bu addım bankın özfəaliyyəti sayıla bilməz...


Hakimiyyət lazım olanda bu faktdan başqa formada da faydalanacaq. Məsələn, beynəlxalq təşkilatlara sübut etməyə çalışacaq ki, reklam bazarı hətta müxalifət qəzetlərinin də üzünə açıqdır: «Ancaq biz özəl müəssisələri məcbur edə bilmərik ki, bütün müxalifət qəzetlərinə reklam versin, bunu reklam verən təşkilat müəyyənləşdirir».


Bankın əməkdaşlıq edəcəyi müxalifət mətbuatına gəldikdə isə, Prezident Aparatında hələlik iki qəzetin imkanlarını nəzərdən keçirirlər. Daha doğrusu, hansı müxalifət qəzetinin qoyulan «investisiya»ya layiq hərəkət edəcəyini araşdırırlar. Yəqin yaxın günlərdə məhz hansı qəzetdə tanınmış bir bankın silsilə reklamlarının yerləşdirilməsinin şahidi olacağıq...


«Yeni Müsavat»qəzeti:


… Turxan bəyi isə ayrı məsələ narahat edir. «Azərbaycan Demokratik Respublikasının yubileyi yaddan çıxıb, xalqımız Samir Cavadzadəni və Elnur Hüseynovu Rəsulzadədən üstün tutur». Bəyin sözünə qüvvət, hazırda bir çox camaatın başı «Avrovizion»a qarışıbdır… Guya, bütün Avropa şeytanın muğam oxumasına heyran qalıb, bu saat Parisin, Londonun küçələri boğazında «qaynadan» insanlarla doludur və s.


Qardaşlar, bir dəqiqə dayanın! Əgər manıslarımız birinci yeri tutsa, gərək yarışma gələn il Bakıda olsun. Onda paytaxtda yaşamaq lap it zülmü olar. Ramiz Mehdiyev demişkən, onsuz tıxacdan tərpənmək mümkün deyil. Problem çoxdur. Üstəlik, birdən yarışma gəldi düşdü hansısa işğal gününə, Akif Nağı «Avrovizion»u qadağan elədi – neyləyəcəyik? Sevinməyin, görək başımıza nə gəlir…


Bir dənə sitat isə sürüşüb aradan çıxmaq istəyirdi. Güclə köşəyə qaytarmışam. Deputat Hacı Rəcəbli deyib ki, deputatların maaşları artırılmalıdır:


«Millət vəkili tez-tez seçildiyi rayona gedir, xeyir-şər məclislərində iştirak etməli olur. Millər vəkili ilə adi vətəndaşın xərcləri arasında böyük fərq var».


Hadı bəy toya yazdırmaq üçün şabaş və nəmər pulu istəyir. Mən bu istəyi dəstəkləyirəm, ancaq gərək hər şey qanuni olsun. Məsələn, qoy deputatxana təzə qanun çıxartsın, orada konkret yazılsın: Deputat bir sessiya ərzində neçə seçicinin böyük toyuna, sünnət mərasiminə pul salmalıdır, nə qədər ölü yerinə getməlidir…


Əgər deputat sünnətdə kirvə seçilibsə, 13-cü maaş da almaq haqqı olmalıdır.



«Yeni Azərbaycan» qəzeti:

Seçkiyə 6 aydan az müddət qalmasına baxmayaraq, Azərbaycan müxalifəti hələ də ölü sükutdan ayrıla bilmir. Əksinə, hansısa konsepsiya irəli sürmək, problemlərdən alternativ çıxış yolları təklif etmək yerinə qarşılıqlı ittihamlara üstünlük verirlər.

Azərbaycan müxalifətinin ən böyük problemi ... prinsipsizlikdir. Hələ də meydan hərəkatının yaratdığı sindromların əsiri olan müxalifət proseslərin səs-küy, ittiham əsasında tənzimlənəcəyini düşünür. 21-ci əsrin intellektualizminə söykənməyən ittihamlarla, yalançı vədlərlə uğur qazanacağını fikirləşən düşərgə prosesləri iki rəngdə qavrayır. Yalnız qara və ağ rənglərin tandemindən ibarət bu qavrayış tərzi müxalifəti ümumilikdə dünyada gedən proseslərin inkişafından geri salır. Hətta onların özünü inandırma qabiliyyəti bəzən o qədər güclü olur ki, reallığı dərk etməkdə çətinlik çəkirlər. Məsələn, seçki prosesi ilə əlaqədar fikirlərində yalnız ittihamlara əsaslanan düşərgə bir dəfə də olsun nə təsir dairəsində olan qəzetlərdə, nə də elektron KİV-lərdə Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı heç bir konsepsiya səsləndirməyin. Bundan başqa, Azərbaycanın son illərdə öhdəsindən gəldiyi problemlərin həllində heç bir rola malik olmayan müxalifət uzun zamandır ki, fikirlərində heç bir yenilik nümayiş etdirə bilmir...
XS
SM
MD
LG