Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:29

«Gəncədə çörək köşkləri yığışdırılır»


«Gəncədə çörəyin qiymətinin yenidən qalxacağı barədə məlumatlar gəzir»
«Gəncədə çörəyin qiymətinin yenidən qalxacağı barədə məlumatlar gəzir»

Son iki gündə Gəncə şəhərində çörək qıtlığı yaranıb. Bu dəfə gəncəlilər çörəyin bahalaşmasından yox, ümumiyyətlə bu vacib qida məhsulunu tapmaqda ciddi çətinliklər çəkir. Gəncədəki mənbələrdən «GÜN səhər»ə daxil olan məlumatlara görə, belə bir şəraiti dövlət orqanları bilərəkdən yaradır.


Mənbənin dediyinə görə, «Gəncə Şəhər Gigiyena və Epidemiologiya Mərkəzi polis əməkdaşları ilə birgə mərkəzi küçələrdə yerləşən çörək satışı köklərinin yığışdırılması üçün xüsusi reydlər keçirir. Xüsusən dövlət əhəmiyyətli obyektlərin və istirahət parklarının ətrafında, gediş-gəlişin gur olduğu ərazilərdə çörək satışı qadağan olunur. Dünən isə şəhərin müxtəlif ərazilərində avtobus dayanacaqlarına yaxın yerlərdə 8 çörək köşkü götürülüb».


Qəzet bildirir ki, yerli icra hakimiyyəti orqanları çörək köşklərinin yığışdırılmasını bu ticarət obyektlərinin sanitar gigiyenik qaydalara uyğun gəlməməsi ilə əlaqələndirirlər: «Polislər deyirlər ki, bu köşklərin fəaliyyəti müvəqqəti olaraq qapadılıb. Guya, həmin obyektlərin sahiblərinə sanitar qaydalara əməl etmək üçün vaxt verilib və köşklər onların dediyi standartlara uyğunlaşdırıldıqdan sonra fəaliyyət göstərəcək. Amma indiki vəziyyətdə çörək köşklərinin yığışdırılması başa düşülən deyil. Çünki camaata çörək lazımdır, sakinlər çörək almaq üçün şəhərin bir başından o biri başınadək gəzmək məcburiyyətindədir».


Qəzet yazır ki, son vaxtlar Gəncədə çörəyin qiymətinin yenidən qalxacağı barədə məlumatlar gəzir. Buna səbəb kimi Qazaxıstandan gətiriləcək taxılın maya dəyərinin yüksək olması göstərilir.


Mayın 21-i saat 21 radələrində «Binə» ticarət mərkəzində yanğın baş verib. İş vaxtı qurtardığından ticarətçilərin əksəriyyəti bu barədə sonradan evlərində xəbər tutub. Məlumatı «Yeni Müsavat» yayıb.


Qəzet yazır ki, nəticədə burada obyekti olan sahibkarlar arasında güclü panika yaranıb. Yarmarkanın yaxınlığında yaşayan ticarətçilərin bəziləri özlərini hadisə yerinə çatdıranda məlum olub ki, xoşbəxtlikdən yanğın bütün ərazini əhatə etməyib. Yanğın ticarət mərkəzi kompleksinin «Yeganə bazarı» adlanan ərazisində baş verib. Nəticədə anbarlardakı mallar tamamilə yanıb. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alovun digər obyektlərə keçməsinə imkan verilməyib.


«Yeni Müsavat» yazır ki, yanğın xəbərini «Binə»nin üstündən uçan vertolyotdan veriblər. Mənbənin bildirdiyinə görə, hələlik yanğının nədən baş verdiyi məlum deyil. Ticarətçilər isə növbəti belə hadisənin baş verə biləcəyindən ehtiyatlanır.


«Müxalifətdə elə hesab edirlər ki, sərbəst toplaşmaq azadlığı sərbəst toplaşıb xaos yaratmaq azadlığıdır». Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı ölkədə sərbəst toplaşmaq azadlığının vəziyyəti haqqında «Yeni Azərbaycan» qəzetinin sualını cavablandırarkən belə deyib. O, bildirib: «Dəfələrlə görmüşük ki, Azərbaycanın radikalyönümlü müxalifət dairələri bütün aksiyalarında qanunazidd hərəkətlərə rəvac verməyə çalışırlar. Bu da onların mitinq psixologiyasından, mitinq yolu ilə hakimiyyətə gəlmək iştahasından xəbər verir».


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG