Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:06

«Bu cür suda çimmək çox təhlükəlidir»


Ekoloqlar deyirlər ki, dənizə axıdılan suların tərkibinə nəzarət güclənməlidir
Ekoloqlar deyirlər ki, dənizə axıdılan suların tərkibinə nəzarət güclənməlidir

Artıq bir neçə gündür ki, çimərlik mövsümü başlayıb. Havaların qızdığı bu günlərdə Bakı sakinləri və şəhərə gələn qonaqlar üçün ən yaxşı istirahət yeri Xəzərə baş vurmaqdır. Şəhərə ən yaxın çimərliyin yerləşdiyi Şıx qəsəbəsində isə artıq qələbəlikdir. Bura gələnlər deyirlər ki, hər şey yaxşıdır – bol günəş var, su da istidir, ancaq suyun çirkliliyi onları narahat edir.


Ancaq təkcə çimərlik deyil, sahil ərazisində də ağac, şüşə qırıntıları və quş cəsədlərinə rast gəlmək olur. Çimərliyə enmək üçün istifadə olunan sınıq-salxaq iri pilləkənlər isə burda işləyən Camal Quliyev demişkən əsl təhlükə mənbəyidir:


«Dənizə girmək üçün bu pilləkənlərdən keçməlisən, gələn-gələn yıxılır. Sahil kimi dəniz də baxımsızdır, suda gözlə görüləsi çirklilik var, başdan-ayağa xəstəlik, mikrobdur...»


Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə Abşeron çimərliklərində sağlamlıq üçün təhlükəli olan ərazilərin adlarını açıqlayıb. Nazirliyin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova deyir ki, Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Buzovna və Nardaran qəsəbələrindəki çimərliklərdə modultipli lokal təmizləyici qurğular quraşdırılıb. Bununla da keçən illə müqayisədə mikrobioloji baxımdan çirklənmənin qarşısı alınıb. Ancaq bəzi məntəqələrdə hələ də mikrobioloji çirklənmə qalır: «Buzovna, Mərdəkan və Şüvəlanın «Bakkanalizasiya» İdarəsinin tabeliyində olan ərazilərində, o cümlədən Pirallahı qəsəbəsində, Gürgan kəndinin Damba-1 və Damba-2 ərazilərində çirkliliyin səviyyəsi yüksəkdir. Bu sularda təhlükəli bağırsaq çöplərinin sayı artıb».


Həkim-infeksionist Mehdi Mehdiyev isə deyir ki, dəniz suyunda bağırsaq çöplərinin miqdarının artması vəba və mədə-bağırsaq xəstəlikləri yaradır: «Bu cür suda çimmək çox təhlükəlidir».


Səhiyyə Nazirliyi isə aprel ayında vəba və digər kəskin mədə-bağırsaq xəstəliklərinin profilaktikası ilə bağlı dəniz sahillərində monitorinq aparılmasıyla bağlı sərəncam verib. Bunu Bakı Şəhər Gigiyena və Epidemiologiya Mərkəzindən deyirlər. Mərkəzin şöbə müdiri Ziyəddin Kazımov bildirir ki, onlar hazırda monitorinqi davam etdirirlər, nəticələr bir neçə gündən sonra açıqlanacaq.


Ekoloqlarsa deyirlər ki, ilk növbədə dənizə axıdılan suların tərkibinə nəzarət güclənməlidir. Kanalizasiya sularının Xəzərə axıdılması davam etdikcə, dənizdə çimmək təhlükə mənbəyi olaraq qalacaq.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG