Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:24

«Heç mənim özümün də sponsorum yoxdu…»


«Qara Qarayev 26-lar haqqında opera yazmaq istəyirdi. Atam onu bu fikrindən döndərdi»

«Qara Qarayev 26-lar haqqında opera yazmaq istəyirdi. Atam onu bu fikrindən döndərdi»

«Can Bakı» verilişinin qonağı olan xalq yazıçısı Anar rəhbərlik etdiyi Yazıçılar Birliyinin fəaliyyətindən söz açıb. O, birliyin tamamilə dövlətdən maliyyələşdiyinə görə onların kitab çap etməyə imkanları olmadığını deyib:


«Bunun üçün sponsor olmalıdır. Heç mənim özümün də sponsorum yoxdur».


Anar bildirdi ki, artıq Mədəniyyət və Turizm naziri bu il prezident təqaüdü alacaq yazıçıların siyahısını təsdiqləyib.


Yazıçı müsahibəsində atası, tanınmış şair Rəsul Rzanın 98 yaşının tamam olması ərəfəsində onu yad edib. Bildirib ki, 30-cu illərdə Bakıya köçməsi, ədəbi mühitə düşməsi atasının şair olmasına böyük təsir göstərib. Rəsul Rza məhz Bakıda həyat yoldaşı Nigar Rəfibəyli ilə tanış olub.


Yazıçı Anar valideynlərinin toyları haqqında eşitdiyi xatirələri də səsləndirib: «O toyda Əhməd Cavad, Mikayıl Müşfiq, Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəminli iştirak ediblər. Atam deyirdi ki, bəlkə də bu, onların həyatında iştirak etdikləri ən son bayram tədbiri olub».


Anar dedi ki, atasının 26 Bakı komissarlarına heç vaxt hörməti olmayıb: «Həmişə deyirdi ki, Şaumyanın dəstəsi Göyçayı topa tutub alıb. Bir dəfə Qara Qarayev bizim evdə qonaq olanda dedi ki, 26-lara opera həsr etmək istəyir. Atam onu bu fikrindən döndərdi. Cümhuriyyət yaradıcılarına gəlincə, həmişə deyərdi ki, o yazıqların vaxtı az oldu, bir şey edə bilmədilər».


Rəsul Rzanın repressiya dövründən sağ çıxması səbəblərindən danışan Anarın dediyinə görə, o vaxtlar bu, lotereya kimi bir şey imiş: «O vaxt «oxu, tar» deyən Müşfiqi də tutdular, tarı qadağan edən komissarı da. Ola bilər, həmin ərəfədə Rəsul Rzanın Moskvada olması onu repressiyadan xilas etmişdi. Bizim evdə həmişə repressiya qurbanlarının xatirəsi yad edilib. Müşfiqin adı gələndə, nənəmin, bibilərimin gözü yaşarırdı».


Anar atasının cəsarətli insan olduğunu, 37-38-ci illərdən sonra Azərbaycan dilinin yaşamasının qayğısına qaldığını, Bakıdakı kinoteatrların adlarının milliləşdirilməsinə nail olduğunu və nəhayət heç nədən qorxmadan sovet dövründə xalq düşməni damğası vurulan bir şəxsin qızına evləndiyini söylədi.


Günün bütün mövzuları

XS
SM
MD
LG