Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:53

«Həbsdəki jurnalistlər buraxılmasa, hesabat çox sərt olacaq»


A.Herkel: «Boykot qərarı yanlışdır»
A.Herkel: «Boykot qərarı yanlışdır»

«Həbsdə olan jurnalistlər azadlığa buraxılmasa, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) iyun sessiyasına təqdim edəcəyimiz hesabat çox sərt olacaq». Bakıda səfərdə olan AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel mayın 19-da keçirdiyi mətbuat konfransında belə deyib. O, bildirib ki, siyasi məhbuslarla bağlı məruzəçinin təyin olunub-olunmaması məsələsi isə onların hesabatından sonra məlum olacaq: «Seçki Məcəlləsi və «Sərbəst toplaşmaq azadlığı haqqında» qanuna Venesiya Komissiyasının tələb etdiyi dəyişikliklər edilməsə, seçkinin demokratik keçiriləcəyindən çox bədbinəm».


Həmməruzəçi bildirib ki, sərbəst toplaşmaqla bağlı problem qanunun məzmunundan daha çox, onun düzgün icra olunmamasından irəli gəlir.


O, Seçki Məcəlləsinə təklif edilən son dəyişiklikdə dövlət televiziyasında namizədlərin təbliğatının dayandırılmasının yolverilməz olduğunu deyib: «Bütün namizədlər dövlət televiziyasından bərabər istifadə etməlidir».


Cənab Herkel həmçinin prezidentliyə namizədlərdən tələb edilən depozit məbləğinin miqdarından (300 min - 10 milyon manat) da şikayətlənib.


Həmməruzəçi deyib ki, prezident İlham Əliyevlə görüşdə dövlət başçısı onlara bildirib ki, Ermənistandakı hadisələrdən sonra Avropa Şurasının Azərbaycanda reytinqi aşağı düşüb: «Amma bu, hər hansı bir ölkədəki situasiyanı əsas götürərək, Azərbaycana dair normaları azaltmağın mümkünlüyü anlamına gəlmir».


A.Herkel hökuməti müxalifətə aksiyalar keçirməkdə imkan yaratmağa çağırdıqlarını deyib: «Müxalifəti isə prezident seçkisində iştirak etməyə dəvət etdik. Boykot qərarı yanlışdır».


«Azadlıq» qəzetinin ətrafında baş verən hadisələrə toxunan A.Herkel bildirib ki, Avropa Şurasına üzv olan ölkədə belə hadisələr baş verməməlidir: «Bütün baş verənlər nəticəsində bu qəzetin kollektivinin sayı 40 nəfərdən 20 nəfərədək azalıb».


Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkova mayın 18-də Bakıya gəlib. Herkel deyib ki, səfərin əsas məqsədi Azərbaycanda həbsdə olan jurnalistlərlə görüşməkdir. Səfər çərçivəsində həmməruzəçilər prezident İlham Əliyev daxil olmaqla ölkə rəsmiləri, müxalifət nümayəndələri, QHT və mətbuat təmsilçiləri ilə görüşüblər.


Herkel mayın 19-u axşam Azərbaycanı tərk etsə də, Jivkovanın səfəri mayın 21-dək davam edəcək.


Azərbaycanda hazırda müxtəlif ittihamlarla üç jurnalist həbsdədir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG