Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:28

Azərbaycanla Türkmənistan kəmər çəkməyə razı olsalar…


Türkmənistanın Nobukkoya qoşulması Avropanın Birliyinin marağındadır

Türkmənistanın Nobukkoya qoşulması Avropanın Birliyinin marağındadır

Türkmənistan prezidenti son 12 ildə ilk dəfədir ki, Azərbaycana gəlib. Əsas məqsəd Xəzər dənizi ilə enerji ixracı məsələsinin müzakirə etməkdir. Beynəlxalq təhlilçilərin fikrincə, bu səfəri kənardan diqqətlə izləyən xeyli maraqlı tərəf var. Onlar baxmaq istəyirlər ki, Azərbaycan və Türkmənistan öz zəngin qaz ehtiyatlarından necə istifadə etmək istəyirlər.


Daşına biləcək qazın qiyməti isə dollar hesabı ilə 10 milyardlarla ölçülür. Azərbaycan prezidenti İlham Əliyevlə Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun danışıqlarda əsas diqqət Trans-Xəzər və Nabukko layihələrinə ayrılacaq.


Deyə bilərlər ki, bu söhbətlər 10 ildir ki, gedir, hələlik heç bir nəticə yoxdur. Ancaq Londondakı Hərb və sülh məlumatları institutundan olan Con Məkleod deyir ki, bütün təqsirini Azərbaycan-Türkmənistan əməkdaşlığında marağı olmayan Xəzər qonşuları - İranın, Rusiyanın üstünə atmaq da olmaz. Azərbaycan və Türkmənistanın əməkdaşlığı həm də ona görə yox idi ki, bu ölkələrin liderlərinin münasibətləri pis idi.



«İki ölkəni real olaraq bir-birindən ayrı salan o idi ki, Heydər Əliyev və Türkmənbaşı belə demək mümkünsə, Sovet İttifaqının qalıqları idi. Onlar bir-birini başa düşmək istəmirdi. Heç başa düşə bilməzdilər də…»

«İki ölkəni real olaraq bir-birindən ayrı salan o idi ki, Heydər Əliyev və Türkmənbaşı belə demək mümkünsə, Sovet İttifaqının qalıqları idi. Onlar bir-birini başa düşmək istəmirdi. Heç başa düşə bilməzdilər də. Heydər Əliyevin xarakteri güclü idi, Niyazov isə özünə qapanmış adam idi. Təsəvvür edin ki, bu iki ölkənin hətta diplomatik əlaqələri dondurulmuşdu».


Britaniyalı təhlilçinin fikrincə, Xəzərdə Azərbaycanla Türkmənistan arasında neft yataqları davası da ondan qaynaqlanırdı ki, liderlər dil tapmaq istəmirdi.


Ancaq Türkmənistanda 2 il əvvəl Berdıməhəmmədov prezident olandan iki ölkə arasında münasibətlər istiləşməyə başladı.


Həm də dünyada neftə, qaza qiymətin artması iki ölkənin gənc liderlərini ümumi maraqdan çıxış etməyə və bu işi sürətləndirməyə sövq edir.


Türkmənistanın bir köhnə problemi də var ki, onun qaz xətlərinə böyük çıxışı yalnız Rusiyadandır, İrana bir boru xətti gedir ki, bunu böyük çıxış adlandırmaq olmaz. Türkmən qazını Qazaxıstandan Çinə daşımalı kəmər isə hələ bir il sonra işə düşə bilər. Yəni Avropaya, Rusiyadan yan keçən çıxış tapmaq əslində Türkmənistanın marağındadır.


Neft və qaz məsələləri üzrə «Oil and qas monitor» jurnalının məsləhətçisi Cenifer Delay deyir ki, Xəzərin bu tayındakı qazı Türkiyədən və Balkanlardan keçirməklə birbaşa Avropaya çıxardacaq Nabukko kəmərinin öz payına düşən hissəsini tikməyə Azərbaycanın planı var - bu, Şahdəniz qazını Türkiyəyə çıxardacaq Bakı-Ərzurum kəməridir. Problem Türkmənistanındır ki, onun Azərbaycana gələn kəməri yoxdur.


Delay deyir ki, əslində belə kəməri Türkmənistan 10 il əvvəl tikmək istəyirdi.


«Türkmənistandan Xəzərin dibi ilə Azərbaycana gələcək kəməri Şell və Bextel şirkətləri tikməli idi. Ancaq 2000-ci ildə Şell bu işdən kənara çəkildi. Çünki Niyazovla mübahisəyə baş qoşmaq istəmədi. Niyazov belə fikirləşirdi ki, Şell Türkmənistana kifayət qədər pul vermir. Elə buna gbörə də müqavilənin şərtlərini dəyişdirmək istəyirdi».


Delayin fikrincə, Azərbaycanla Türkmənistan Xəzərlə kəmər çəkməyə razı olsalar, beynəlxalq biznes buna maraq göstərəcək, xüsusilə Avropa Birliyi.


Avropa Birliyinin Nabukko planının mahiyyəti də elə budur ki, Avropanın Rusiya qazından asılılığını azaltsın, Rusiyadan yan keçən kəmərlər olsun və bunlar Avropaya müxtəlif ölkələrdən gəlsin. Hazırda Avropa işlətdiyi qazın 40 faizini Rusiyadan alır.


Əslində Avropa Birliyi ilə Türkmənistanın marağı eynidir - ikisi də Rusiyadan yan keçən kəmərdə maraqlıdır.


Delayın fikrincə, işlər artıq irəli getməyə başlayıb. Çünki Türkmənistan Avropa Birliyinə 10 milyard kub metr qaz verməyə söz verib. Trans-Xəzər kəməri tikilsə və Nabukkoya qoşulsa, Avropaya gedən türkmən qazının miqdarı dəfələrlə artacaq.


XS
SM
MD
LG