Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:10

«Prezident Aparatı ləğv edilir»


«Ramiz Mehdiyevin Qərbin demokratiya tələbinə sərt cavab verməsi səbəbsiz deyilmiş»
«Ramiz Mehdiyevin Qərbin demokratiya tələbinə sərt cavab verməsi səbəbsiz deyilmiş»

«Prezident Aparatı ləğv edilir» . «Yeni Müsavat» qəzeti yazır ki, Prezidentin İcra Aparatının (PİA) rəhbəri Ramiz Mehdiyevin Qərbin Azərbaycan hakimiyyətindən demokratiya tələbinə olduqca sərt cavab verməsi səbəbsiz deyilmiş: «Adətən bu kimi məsələlərdə hər zaman kənarda dayanmağa çalışan, ən yaxşı halda manevr effektli açıqlamalar verən PİA rəhbərinin bu dəfə şəxsən irəli çıxması, ABŞ prezidenti Corc Buşu və Dövlət katibi Kondoliza Raysı kəskin tənqid etməsi, bunun ardınca Rusiyameylli bəyanatlar verməsi onun birbaşa şəxsi maraqlarından irəli gəlirmiş».


Qəzet yazır ki, beynəlxalq qüvvələr hakimiyyətdən təcili şəkildə demokratik islahatlar həyata keçirməyi tələb edir. Cəmiyyətdə ona qarşı yaranan inamsızlığın fərqində olan Qərb, xüsusilə də ABŞ Azərbaycanda öz nüfuzunu bərpa etmək üçün iqtidar qarşısında qəti tələblər qoyub: «Ramiz Mehdiyevin ölkənin idarəçiliyindən uzaqlaşdırılması istəyi bu tələblərin sırasında ən başda dayanır. Qərb buradakı nümayəndələri vasitəsilə dərin araşdırmalar apararaq öyrənib ki, ölkədə demokratik qüvvələrin zəiflədilməsi, xalqın qorxu altında saxlanılması, azad mətbuatın boğulması ilə bağlı texnologiyalar birbaşa PİA rəhbərinin nəzarəti altında hazırlanır və həyata keçirilir. Bu səbəbdən Qərbdə belə fikir formalaşıb ki, əgər Rusiyanın adamı kimi tanınan cənab Mehdiyev idarəçilikdən kənarlaşdırılarsa, ölkədəki vəziyyət xeyli dəyişə bilər».


«Yeni Müsavat» iddia edir ki, Qərb ümumiyyətlə icra strukturlarını nəzarətdə saxlayan, bir növ totalitarizm ənənəsi olan Prezidentin İcra Aparatının ləğv edilməsini istəyir: «Qərbin təklifi ilə Gürcüstanda olduğu kimi Azərbaycanda da Prezident Dəftərxanası yaradılacaq və onun məhdud səlahiyyətləri olacaq. Bu qurum ancaq texniki məsələlərin həllini həyata keçirəcək».


«Azadlıq» qəzeti yazır ki, Bakıyla Sumqayıt susuz qalacaq. Mayın 19-u saat 15.00-dan «Azərsu» Səhmdar Cəmiyyətinin (SC) müəssisələrinə məxsus nasos stansiyalarına elektrik enerjisinin verilişi tam dayandırılacaq. Bununla da Bakı və Sumqayıt şəhərləri susuz qala bilər. «Sumqayıtelektrikşəbəkə» Açıq Səhmdar Cəmiyyətinin Mətbuat Xidmətinin yaydığı məlumata görə, «Azərsu»nun tabeçiliyində olan su təsərrüfatı obyektlərində istehlak edilmiş elektrik enerjisinə görə 2008-ci il yanvarın 1-dək 37940788 manat, cari ilin 4 ayı ərzində 3449836 manat debitor borcu yaranıb: «Göründüyü kimi iki dövlət qurumunun debitor borc məsələsində razılığa gələ bilməməsi ən azı iki böyük şəhərin sakinlərini susuz qoya bilər. Artıq əminliklə söyləmək olar ki, bizi qarşıda heç də yaxşı günlər gözləmir. Ölkədə taxıl qıtlığının yarandığı, insanların çörəklə imtahana çəkilmə ehtimalının olduğu indiki dövrdə insanlar həm də susuz qala bilər».


«Alma» qəzeti yazır ki, Azərbaycanda inflyasiya Ermənistandan iki dəfə artıqdır. 2008-ci ili 1-ci rübündə MDB məkanında ən aşağı illik (yəni, 2007-ci ilin 1-ci rübü ilə müqayisədə) inflyasiya 7.9%-lə Ermənistanda qeydə alınıb. Bu barədə məlumatı MDB Statistika Komitəsi yayıb. Qəzet yazır ki, göstərilən dövrdə MDB ölkələrində istehlak qiymətlərinin orta qiymət artımı 15% təşkil edib. Bununla belə, Komitənin məlumatına əsasən, Ermənistanda cari ilin fevral ayı ilə müqayisədə mart ayında inflyasiya 1.4% təşkil edib. Ümumi götürdükdə, inflyasiya bütün MDB-də müşahidə olunub. İstehlak qiymətlərinin maksimal artımı 2008-ci ilin 1-ci rübündə 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə Tacikistanda 26,2% (cari ilin fevral ayı ilə müqayisədə martda 0.9%-lik), Ukraynada 22,5% (3.8%- fevralla müqayisədə martda), Qırğızıstanda 22,4% (2.3%), Qazaxıstanda 18,7% (0.6%), Azərbaycanda 16,5% (3.1%), Moldovada 14,7% (1.1%), Belarusda 13,0% (0.8%), Rusiyada 12.9% (1.2%), Gürcüstanda 11.3% (fevralla müqayisədə martda istehlak qiymətlərində heç bir dəyişiklik müşahidə olunmayıb) qeydə alınıb. 1-ci rübdə MDB-dəki inflyasiya ilə əlaqədar Türkmənistan və Özbəkistanla bağlı məlumatlar yoxdur.


«Azərbaycan» qəzetindəki «Birləşdirici lider» başlıqlı məqalədə deyilir ki, hər bir xalqın tarixdəki yeri və rolu hansısa mürəkkəb siyasi şəraitdə məsuliyyəti üzərinə götürərək onun taleyində misilsiz rol oynamış, mütərəqqi ideyaları, qeyri-adi idarəçilik keyfiyyətləri ilə sabit dövlətçilik ənənələri formalaşdırmış dahi şəxsiyyətlərin fövqəladə missiyası ilə şərtlənir: «XX əsr Azərbaycan tarixinin fenomenal şəxsiyyəti olan ümummilli lider Heydər Əliyev də məhz belə liderlərdən biri kimi xalqının taleyində misilsiz rol oynamış, onu tarixən can atdığı azadlıq, müstəqillik ideallarına qovuşdurmuş, mütərəqqi tarixi ənənə əsasında yeni dövlətçilik konsepsiyasını irəli sürmüşdür».


Qəzet yazır ki, indi obyektivlik hissini itirməyən hər bir azərbaycanlı müasir Azərbaycan dövlətinin qurucusunun Heydər Əliyev olduğunu etiraf edir: «Ulu öndər dövlət idarəçiliyinin bütün mərhələlərində milli maraq və mənafeləri önə çəkmiş, uzaq hədəflərə hesablanmış müdrik siyasət yeritmişdir».


XS
SM
MD
LG