Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:27

«Aqil Xəlili də Elmar Hüseynov kimi öldürə bilərlər»


«Başa düşmək çətindir ki, niyə Aqil Xəlillə «ictimai düşmən» kimi rəftar edirlər»

«Başa düşmək çətindir ki, niyə Aqil Xəlillə «ictimai düşmən» kimi rəftar edirlər»

«Sərhədsiz reportyorlar» narahatdır ki, Aqil Xəlili də Elmar Hüseynov kimi öldürə bilərlər. Təşkilat prezident İlham Əliyevə məktub yazıb ki, Aqil Xəlil ətrafında baş verənlər faciə ilə başa çatmamış dövlət başçısı jurnalistə təzyiqlərə müdaxilə etsin.


«Sərhədsiz Reportyorlar» təşkilatı bildirir ki, əgər Aqil Xəlilin sonu faciə ilə qurtarsa, buna görə məsuliyyəti Azərbaycan hakimiyyətinin üzərinə qoyacaqlar.


«Başa düşmək çətindir ki, niyə Aqil Xəlillə «ictimai düşmən» kimi rəftar edirlər. Halbuki, o özü bir neçə dəfə hücuma məruz qalıb».


Məktubda deyilir ki, Aqilin Xəlilə fevralın 22-də edilən hücumda Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının adının çəkilməsi cinayət işinin predmetidir, onları da istintaqa cəlb etmək lazımdır.


***



«Sərhədsiz reportyorlar» təşkilatı «Azadlıq» qəzetinin jurnalisti Aqil Xəlilin işi ilə bağlı Azərbaycan prezidentinə və Qərb ölkələrinin Bakıdakı səfirliklərinə müraciət göndərib.


Bu barədə «Azadlıq» radiosuna təşkilatın nümayəndəsi Elza Vidalın ofisindən məlumat veriblər.


Ofisin nümayəndəsi deyir ki, onlar ölkə başçısından jurnalistin təqibinə son qoyulması və onun şəxsi təhlükəsizliyinin təmin olunması üçün tədbirlər görülməsini istəyirlər.


«Biz prezidentə məktubumuzda bu məsələ ilə bağlı yüksək səviyyədə qəti addımlar atılmasını istəmişik. Hesab edirik ki, ölkə rəhbərliyinin müdaxiləsi jurnalistin təhlükəsizliyinin təmin olunması üçün olduqca vacibdir».


Eyni müraciətlə «Sərhədsiz reportyorlar»ın baş direktoru Rober Menar ABŞ, Böyük Britaniya, Fransa, Almaniya səfirlərinə və ATƏT-in Bakı ofisinin rəhbərliyinə məktub göndərib.


O, xarici səfirlərdən Azərbaycan hakimiyyətinə Aqil Xəlillə bağlı çağırış etməyi xahiş edir.


Məktubda jurnalistin qanunsuz torpaq alqı-satqısının üstünü açdıqdan sonra ona qarşı ləkələmə kampaniyasının başladığı xatırladılır. Bundan əlavə, martın 13-də bıçaqlanması ilə bağlı jurnalistdən bu hadisəni ya iş yoldaşlarından birinin və ya homoseksualistlərdən kiminsə etməsi barədə etiraf almaq məcburiyyəti olduğu vurğulanır.


Daha sonra məktubda mayın 7-də Aqil Xəlili metroda qatarın altına atmağa cəhd olunması barədə danışılır. Qeyd olunur ki, bütün bu baş verənlərin müqabilində istintaq orqanları jurnalistə ölkəni tərk etməyə qadağa qoyurlar.


«Sərhədsiz reportyorlar» jurnalistin həyatına təhlükənin real olduğunu və baş verənlərin səbəblərinin aydın olmadığını bildirir. Menar xarici səfirlərə Aqil Xəlilin təhlükəsizliyinin təmin olunması üçün ölkədən çıxmasına icazə alınmasını xahiş edir.


ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Conatan Henik isə «Azadlıq» radiosuna deyib ki, onlar «Sərhədsiz reportyorlar»ın məktubu ilə tanış deyillər.


Bununla yanaşı, Henik bildirib ki, ABŞ səfirliyi məsələni çox yaxından izləyir: «Biz bir neçə bəyanat vermişik. Aqil Xəlilin məsələsini həll etmək üçün işləyirik. Problemi həll etmək üçün nə edə biləriksə, edirik».



Hələlik Prezident Aparatının məktuba reaksiyası məlum deyil. Amma jurnalistin istintaqı ilə məşğul olan Respublika Prokurorluğu Aqil Xəlilin ölkədən çıxmasını istəmir və bunu istintaqla əlaqələndirir.



«Azadlıq» qəzetinin əməkdaşı Aqil Xəlil iki dəfə hücuma məruz qalıb, ürək nahiyəsindən bıçaqlanıb . Jurnalist həmçinin prokurorluqda əvvəlki dindirilmə zamanı ondan zorla ifadə alındığını və döyüldüyünü bildirib.


Respublika Prokurorluğu mətbuata verdiyi açıqlamada onun dediklərini təkzib edib və homoseksuallar tərəfindən bıçaqlandığını bildirib.


Günün bütün mövzuları

XS
SM
MD
LG