Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:40

Xaçmazın iki kəndinə günəş Rusiyadan doğur


Sakinlər Rusiyanı ondan dəfələrlə kiçik bir ölkəyə dəyişmək istəmirlər

Sakinlər Rusiyanı ondan dəfələrlə kiçik bir ölkəyə dəyişmək istəmirlər

Xaçmazda iki kənd var: Xraxoba və Üryanoba. Azərbaycan ərazisi olsa da, bu kəndlər daha çox Rusiyanın anklavı hesab olunur. Burda adamlar üçün günəş Rusiyadan doğur. Hər iki kəndin sakinləri Rusiya vətəndaşı olmaqla yanaşı, yaşadıqları ərazini də Rusiya torpaqları hesab edirlər. Azərbaycan isə bunu heç cür qəbul etmir. Xarici İşlər Nazirliyində hesab edirlər ki, 1954-cü ildə Azərbaycan bu kəndləri otlaq üçün Dağıstana icarəyə verib. Digər tərəfdən, bu kəndlərdən biri Xaçmaz rayon mərkəzindən təxminən 1-2, digərisə 7-8 km aralı olduğu halda, hər iki kəndi Rusiya sərhədlərindən ayıran məsafə 70-80 km-dən çoxdur.


Azərbaycanın rəsmi mövqeyi belədir ki, bu kəndlərdə Rusiya vətəndaşları yaşasa da, ərazi Azərbaycana məxsusdu. Sadəcə, iki dəfə 20 illiyə otlaq sahəsi kimi Dağıstana icarəyə verilib. İndi hər iki kəndin sakinləri son statuslarının nə vaxt müəyyənləşəcəyi günü gözləyirlər.


Xraxobada 60-dan artıq, Üryanobada isə cəmi 7 ailə yaşayır.


Hər iki kənd yaşıllıqlar içərisindədir. Yalnız həmin kəndlərə yaxınlaşanda buranın yaşayış yeri olduğunu görmək olur. Geniş taxıl zəmiləri və otlaqların əhatəsində olan bu kəndlərdə torpaq bölgüsü aparılmayıb. Burda hamı bir yerdə əkib-becərir. Üryanobada hələ də kolxoz quruluşudu, Xraxobanın daxil olduğu «Bolşevik» kolxozu isə sovetlər birliyilə birgə dağılıb.


Azərbaycan ərazisi olsa da, bu kəndlərin sakinləri özlərini daha çox rusiyalı hesab edirlər. Ən azından daşıdıqları pasport Rusiyanındı. Burda yaşayanların hamısı ləzgilərdir. Adamlar əsasən öz dilində danışır, rus və ləzgi dilində təhsil alır, Azərbaycanca da pis bilmirlər.


Kənd sakinlərinin tarixi


Burda hər kənd sakininin öz tarixi var, yeni nəsilin bildiyi tarix, kənd ağsaqqallarının bildiyi tarix qədərdi. Kəndin tarixini dərindən bilmək istəyəndə yeni nəsil səni qocaların yanına göndərir. Ancaq nə gənc, nə də yaşlı kənd sakinləri Azərbaycandakı rəsmi sənədlərdə bu ərazilərin 1954-cü ildə otlaq sahəsi kimi Dağıstana verilməsi məsələsini heç cür qəbul etmirlər. Deyirlər, bu torpağı vaxtilə rus çarı onlara hədiyyə edib: «Bu torpaq Rusiyanın ərazisidi! Bu kənd hardan oldu Azərbaycanın. Bu kənd bizə veriləndə Azərbaycan heç yox idi…»


Abdulla kişinin üstündə gəzdirdiyi pasportunda yaşadıqları Xraxoba kəndi Dağıstanın Qasımkənd rayonunun inzibati ərazisi kimi göstərilib. Xraxoba kəndinin sakinləri hesab edirlər ki, bu kəndlər Azərbaycan ərazisində olsa da, torpaqlar Dağıstana məxsusdur. Elə pasportlarında da belə göstərilib. Bir sözlə, sakinlər yaşadıqları kəndi Rusiyanın anklavı sayırlar. Amma Azərbaycanın rəsmi mövqeyi belədir ki, adı çəkilən kəndləri anklav adlandırmaq düzgün deyil. Rəsmi sənədlərə görə, 300 hektar sahəsi olan hər iki kənd 1954-cü ildə SSRİ Nazirlər Sovetinin qərarıyla örüş yeri kimi 20 illiyə Dağıstana icarəyə verilib. 1984-cü ildə Azərbaycan Nazirlər Soveti Xraxoba və Üryanoba kəndlərilə bağlı icarə müddətini daha 20 illiyə uzadıb. İcarə müddəti dörd il əvvəl bitdiyindən Azərbaycan istəyir ki, bu kəndlərdə yaşayan Rusiya vətəndaşları Xaçmaz rayonunda müvəqqəti qeydiyyata düşsünlər.


Rusiyaya müvəqqəti işləməyə gedən Azərbaycan vətəndaşları kimi.


Xaçmaz Rayon Polis Şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinin rəisi Ceyhun Zahirov deyir ki, Üryanoba kəndində hamı müvəqqəti qeydiyyata düşsə də, Xraxobada bəzi problemlər olub. Onun sözlərinə görə, Xraxoba kəndinin sakinləri əcnəbi vətəndaş kimi müvəqqəti qeydiyyata düşmək təklifini başqa cür qəbul ediblər. Şöbə rəisi deməsə də, kənd sakinlərindən aldığım məlumata görə, indiyə qədər Xraxobadan 11 nəfər müvəqqəti qeydiyyata düşüb. İndi həm polis şöbəsi, həm də adı çəkilən kəndlərin sakinləri iyul ayını səbirsizliklə gözləyirlər. Çünki həmin ayda Azərbaycan və Rusiya sərhədlərinin delimitasiyası, yəni dəqiqləşdirilməsi üzrə hökumətlərarası komissiyanın növbəti iclasında bu məsələnin müzakirə olunacağını gözləyirlər. Adamlar ümidlidir ki, son müzakirə onların vəziyyətilə bağlı qeyri-müəyyənliyə birdəfəlik son qoyacaq. Xraxoba kənd sakini Bağdagül Asvarova deyir ki, onlar kəndin statusu müəyyənləşməyincə hər hansı sənədə imza atmaq istəmirlər.


«Mən rusiyalıyam!»


İki ölkədən birini seçmək dilemması qarşısında qalan kənd sakinlərinin bir qrupu Rusiya kimi böyük bir ölkəni ondan dəfələrlə kiçik bir ölkəyə dəyişmək istəmirlər. Digərlərisə deyir ki, əgər iki ölkə razılaşsa, onların başqa yolu yoxdu. Ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da çıxıb getməlidirlər. Kənd ağsaqqallarından biri Abdulla Abdullayev deyir ki, onlar Rusiyanın vətəndaşı olmaqla çox hüquqlardan istifadə edirlər. Ehtiyat edirlər ki, Azərbaycan vətəndaşı olmaqla Rusiyanın onlara verdiyi hüquqlardan məhrum olarlar.


Abdulla kişi elə sadaladığı üstünlüklərə görə, Rusiyanın vətəndaşı olmaq məsələsində çox israrlıdı:


- Siz haralısız?


- Biz dağıstanlı, rusiyalı.


- Rusiyanın tərkibində yaşamaq istəyirsiz, yoxsa Azərbaycanın?


- Rusiyanın. Mən necə Azərbaycanın tərkibində ola bilərəm ki, bu ölkə əlləşir ki, ordusunu necə möhkəmləndirsin, özünün balaca olmasına baxmayaraq bütün dünyanı tutmaq istəyir. Axı bura Azərbaycanın ərazisi deyil, Rusiyanın, Çar Rusiyasının ərazisidi. Sağ olsun Lenin sizə dövlət verdi, Bakını paytaxt etdi...


Abdulla kişi Azərbaycan ordusunun güclənməsindən narahatlığını heç bir şeylə izah edə bilmədi, sadəcə onu dedi ki, Azərbaycandan fərqli olaraq Rusiyada hərbi xidmət bir illikdir: «Övladlarımızın əsgərliyə nə vaxt gedib-gəldiyini hiss etmirik».


Amma Xraxoba sakinləri hesab edirlər ki, iki ölkə razılaşandan sonra onların arzusu əsas götürülməyəcək: «İstəyən qalar, istəyər gedər. Azərbaycan bizim əmlakımızın dəyərini ödəsin, çıxıb gedək…»


İrana gedən yük və Xraxoba sakinlərinin yozumu


Kənd sakinləri Rusiyadan İran Atom Elektrik Stansiyasına göndərilən yükün Azərbaycan sərhəddində saxlanmasından da danışdılar: «Azərbaycan Amerikadan icazə alandan sonra yükü buraxdı, bu, nəyə lazım idi?»


Kənddəki maşınların əksəriyyətinin dövlət nömrə nişanları da Rusiyaya məxsusdur. Ara-sıra Azərbaycan nömrəsi daşıyan avtomobillərə də rast gəlmək olur. Sakinlərdən öyrəndim ki, həmin maşınların sahibləri Xaçmazda müvəqqəti qeydiyyata düşənlərdi.


«Mən Rusiya vətəndaşıyam, amma xeyri nədi»


Xraxobadan fərqli olaraq Üryanoba Azərbaycan vətəndaşlığını qəbul etmək istəyənlərin kəndidi. Üryanoba sakini Xalid Misirxanov: «Biz Rusiya vətəndaşı olsaq da, buranın suyu, havasıyla dolanırıq. Əgər bizim qeydiyyat məsələmiz həll olunsa, Azərbaycan vətəndaşı olmaqdan qürur duyarıq. Biz müavinət, uşaq pulu və s. məsələlərə görə, hər dəfə Dağıstana gedə bilmirik, yollar çətindi, hər bir işimiz Azərbaycanla bağlıdı. Ona görə də istəyirik ki, bu məsələ tezliklə həll olunsun».


Xalid Misirxanovun dediyindən belə aydın oldu ki, Xaçmazın ortasında Rusiya vətəndaşı olmağın ziyanı onun xeyrindən çoxdu: «Rusiya vətəndaşı olmağın bizə heç bir xeyri yoxdu. Bircə onu bilirlər ki, gəlib əkib-becərdiyimiz torpağın icarə haqqını alıb getsinlər, başqa bir köməklik yoxdu».


Yaşadıqları kəndin statusu ilə bağlı vəziyyətə gəlincə, Xalid Misirxanov bunu iki dövlətin qəbul edəcəyi qərardan asılı bir məsələ sayır. Deyir ki, dövlətlər hansı razılığa gəlsə, onlar da bunu müdafiə edəcəklər: «Gəmidə oturub gəmiçiylə dava etmək yersizdi. Mən buranı nə Rusiyanın ərazisi, nə də anklavı hesab edirəm. Anklav tamamilə başqa şeydi. Mən dəqiq bilirəm ki, bu torpaqlar vaxtilə Dağıstana örüş kimi icarəyə verilib. Bizim buranı Rusiyanın torpağı hesab etməyimiz gülməlidi. Bura əzəli Azərbaycan torpağıdı».


Mübahisə torpaqla yox, əhalinin qeydiyyatıyla bağlı olmalıdı


Xaçmazın sabiq icra başçısı, Quba-Xaçmaz bölgəsi üzrə İnsan Hüquqları Resurs Mərkəzinin əməkdaşı Müqəddəs Mehdiyev hesab edir ki, bu kəndlərlə bağlı bir yalnışlıq var. Onun sözlərinə görə, bəzi rəsmilər bilərəkdən və ya bilməyərəkdən belə ifadə işlədirlər ki, Xraxoba və Üryanoba Azərbaycanın ayrılmaz tərkib hissəsidi. Mehdiyev deyir ki, burda söhbət iki ölkə arasında iki kəndin yox, o kəndlərdə yaşayan adamların statusunun müəyyənləşməsindən gedir. Kəndlər vaxtilə Dağıstana icarəyə verilib, indi icarə müddəti bitdiyindən burdakı adamların statusu həll olunmalıdı. Müqəddəs Mehdiyev deyir ki, AXC hakimiyyəti dövründə onlar bu məsələnin həllinə başlamaq istəyiblər, amma hakimiyyətin dəyişməsi işləri yarımçıq qoyub.


«Xraxoba Rusiyanın ərazisi olaraq qalsın!»


Belə bir qərar adı çəkilən kənd sakinlərinin ümumi yığıncağında qəbul edilib. Adının çəkilməsini istəməyən kənd sakininin dediyinə görə, ötən il oktyabrın 28-də kəndin ümumi yığıncağı keçirilib. Yığıncaqda bir-neçə məsələ - Xraxoba kəndinin dövlət ərazi mənsubiyyəti, kənd sakinlərinin vətəndaşlığı, xraxobalıların Rusiya vətəndaşları kimi konstitusion hüquqlarının müdafiəsi və yeni icma nümayəndəsinin seçilməsi müzakirə edilib.


Qərara alınıb ki, Xraxoba Rusiya Federasiyasının tərkibində saxlanılsın və bu qərar kənd sakinlərinin imzasıyla təsdiq edilsin. Bundan başqa, icmaya Dərbənddən olan bir nəfər sədr seçilib. Qərar Rusiya prezidentinə, Dağıstan rəhbərliyinə və bir sıra xarici təşkilatlara ünvanlanıb.


«Separatçı qruplar bu kəndlərdən istifadə edə bilər»


Xaçmazın sabiq icra başçısı Müqəddəs Mehdiyev hesab edir ki, hər iki kənd sakinlərinin statusu nə qədər tez həllini tapsa, bir o qədər yaxşıdı. Onun sözlərinə görə, iş uzandıqca sərhədin o biri tayında olan separatçı qüvvələrin bundan öz məqsədləri üçün istifadə şansı da çoxala bilər.


«Gün səhər» qəzeti isə Bakının bu kəndlərlə bağlı rəsmi mövqeyini artıq Rusiyaya çatdırdığını yazır. Qəzetin məlumatına görə, müraciətdə hər iki kənd əhalisinin qanunvericiliyə uyğun olaraq ya Azərbaycan vətəndaşlığını qəbul etməsi, ya da onlara mühacir statusunun verilməsi məsələsinin vacibliyi qeyd olunub. Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim isə deyir ki, Xraxoba və Üryanoba kəndləri anklav deyil və Azərbaycanın ərazi vahidləridi. Bəzi məlumatlara görə, elə bu səbəbdən də Azərbaycan Rusiya ilə sərhədlərinin delimitasiyasına dair hökumətlərarası komissiyanın yayda keçiriləcək iclasında bu iki kəndlə bağlı məsələni müzakirəyə çıxarmaq fikrində deyil. Yəni icarə müddəti bitdiyindən bu kəndlər avtomatik Azərbaycan ərazisi hesab edilir.


Azərbaycanın «Miqrasiya haqqında» qanununa görə, xaricdən gələn vətəndaşlar üç gün müddətinə qeydiyyatdan keçməlidirlər. Müəyyən edilən viza müddəti bitdikdən sonra isə ölkəni tərk etməlidirlər. Əks halda miqrasiya xidməti viza müddəti başa çatmış vətəndaşı ölkədən deportasiya edir.


Elə bu səbəbdən də Xraxoba və Üryanoba kəndlərilə bağlı icarə müddəti bitdiyindən bu kəndlərdə yaşayan sakinlər Rusiya vətəndaşı olaraq qala bilməzlər. Ya Rusiya həmin kəndlərin sakinlərinə rəsmi mühacir statusu verməli, ya kənd sakinləri Azərbaycandan sığınacaq istəməli, ya da Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər. Əks halda hər iki kəndin sakinləri deportasiya edilə bilər.


Torpaq mənim, torpaq sənin, torpaq heç kimin…


«Gün səhər» qəzeti məsələnin hüquqi tərəflərilə yanaşı siyasi əhəmiyyətinin olduğunu da istisna etmir. Qəzetin yazdığına görə, faktiki olaraq son vaxtlara qədər Bakı adı çəkilən kəndlərin anklav olmadığını iddia etmirdi və həmin kəndlərdə Rusiya qanunlarının işləməsinə icazə verirdi. Artıq Bakının mövqeyində dönüş müşahidə olunduğunu yazan qəzet bunu son zamanlar Rusiyadan İrana gedən nüvə avadanlığını saxlamış Azərbaycan hökumətilə Kreml arasında ikinci ziddiyyət hesab edir. Rusiyaya verilən torpaqların icarə müddətinin bitməsindən dörd il keçəndən sonra Azərbaycanın birdən-birə belə bir bəyanatla çıxış etməsini siyasi təhlilçilər müxtəlif cür qiymətləndirirlər. Bəzi məlumatlara görə, icarə müddəti başa çatsa da, Rusiya Xraxoba və Üryanoba kəndlərində vətəndaşlarının yaşadığını əsas gətirərək həmin ərazilərlə bağlı güzəştə getmək niyyətində olmadığını nümayiş etdirir. Məsələnin indiyə qədər uzanmasının başa düşülən olmadığını deyən ekspertlərə görə, tərəflərin güzəştə getmək istəməməsi onu göstərir ki, bu problem hələ bir müddət iki ölkə arasında müzakirə mövzusu olaraq qalacaq. Siyasi təhlilçilərdən fərqli olaraq hər iki kəndin sakinləri Azərbaycanda keçiriləcək prezident seçkisinə qədər statuslarının həll olunacağına çox ümidlidirlər.


Buna da bax:

XS
SM
MD
LG