Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:00

«Tələyə düşməyin…»


«Qadınları insan alverinin qurbanı edən daha çox ailə qurmaq arzusu olur»
«Qadınları insan alverinin qurbanı edən daha çox ailə qurmaq arzusu olur»

«Şirkət öz görünüşünə güvənən 18-35 yaş arası gəncləri xaricdə işə dəvət edir. Ev və yüksək maaşla təmin edir. Əgər xaricdə çalışaraq beynəlxalq təcrübə qazanmaq və karyeranızı yüksəltmək istəyirsinizsə dayanmayın…»


Qəzetdə verilən bu elan xoşbəxtlik və rahat həyat qurmaq üçün kifayət qədər şirnikdirici səslənir. Həmin o parlaq gələcəyi vəd edən şirkət və yaxud təşkilatla əlaqə saxlamaq üçün yeganə əlaqələndirici olan telefon nömrəsini bərk-bərk təkrar edirsən ki, qırmız hərflərlə və vahiməli şriftlə başqa bir elana rast gəlirsən: «Əgər sizə xaricdə iş və təhsil təklif olunursa, mütləq bizə müraciət edin. Tələyə düşməyin…»


Bax elə burada da xəyallar qırılır və çaşqınlıq yaranır. İkinciyə əsla inanmaq istəmirsən. Kimə inanasan? Əslində, tora salan kimdir?


Bu cür elanlar insan alveri qurbanlarını tora salmaq üçün sadəcə bir vasitədir. Xarici ölkə, yüksək maaş, evlə təminat. Elə ABŞ Dövlət Departamentinin 2007-ci il Azərbaycanla bağlı açıqladığı hesabatda da deyilirdi ki, bu ölkə insan alveri üçün mənbə və tranzitdir. İnsan alverinə həm qadın, həm uşaq, həm də kişilər cəlb olunub. Əsasən yerlilər, daha sonra isə Rusiya və Orta Asiyadan olan qadınlar İran, Türkiyə, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri və Pakistana aparılıb.


Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev: «Azərbaycan insan alveri üçün yalnız mənbə yox, həm təyinat, həm də tranzit ölkədir. Burada həm cinsi, həm də əməyin istismarı faktları aşkar edilir».


Miqrasiya İnformasiya Mərkəzinin direktoru İlham Mazanlı isə deyir ki, Azərbaycanda insan alverinin mövcudluğunun ən əsas səbəblərindən biri də onun bu cür bizneslə məşğul olmaq üçün əlverişli coğrafi mövqedə yerləşməsidir: «1996-cı ilə qədər Azərbaycan haradasa mənşə ölkəsi idi. Amma indi tranzit ölkəyə çevrilməkdədir».


İlham Mazanlı deyir ki, xaricə aparılan qadınlar və azyaşlılar daha çox şirnikləndirici nikah və yaxşı iş vədinin qurbanları olurlar.


İnsan alveri məsələsini cənub rayonlarında araşdıran jurnalist Zahir Əmənov da bu fikri təsdiqləyir. Onun sözlərinə görə, qadınları insan alverinin qurbanı edən daha çox ailə qurmaq arzusu olur. Ölkənin cənub rayonlarındakı bu meyillilikdən daha çox istifadə edənlər isə İrandan gələn şəxslər olur.


Tranzit bölgə kimi həmçinin Naxçıvandan da istifadə edilir. Qurbanı təyyarə ilə Naxçıvana, oradan İdqır əyalətinə, daha sonra isə Türkiyənin istənilən şəhərinə aparmaq mümkündür. «Azadlıq» radiosunun Naxçıvan müxbiri Məlahət Nəsibovanın araşdırması onu da göstərib ki, bu qurbanlar iki dəfə istismar olunurlar: «İlkin olaraq qurbanlar Naxçıvanda müəyyən obyektlərdə, hotellərdə istismar olunurlar. Daha sonra onlar Türkiyəyə keçirilərək orada istismar olunurlar».


Məlahət Nəsibova onu da deyir ki, Naxçıvanda xeyli sayda hotelin olması da burada insan alveri üçün münbit şəraitin olduğunu göstərir. Onun sözlərinə görə, Muxtar Respublika turist bölgəsi olmadığından və ora gedişin yalnız təyyarə ilə mümkün olduğu nəzərə alınsa, hotelin gəlirinin insan alverindən çıxdığını demək mümkündür: «Hotellərin sayının belə artması onu göstərir ki, insan tacirləri üçün əlverişli şərait qalmaqdadır».


Türkiyədə keçmiş sovet ölkələrindən gətirilən qadınların cinsi istismara məruz qalması müzakirə olunan məsələlərdəndir. «Azadlıq» radiosunun İstanbul müxbiri Mais Əlizadə deyir ki, 1990-cu illərin sonundan bir çox keçmiş sovet ölkələrindən Türkiyəyə aparılan qadınların sayı azalıb: «Qalıb bir neçə ölkə. Bu ölkələrdən biri Azərbaycan, digəri isə Moldovadır. Bu işi həyata keçirən isə müəyyən şəbəkələrdir. Şəbəkəyə müxtəlif insanlar daxildir».


Bir çox mətbuat orqanları Azərbaycanda insan alverinin arxasında məmurların durduğunu iddia edirlər. Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev ki, bunsuz insan alveri mümkün olmazdı: «Əgər belə müdafiə olunmasalar, onlar sərhədi tez-tez keçə bilməzlər. Elə insan alverçisi var ki, azı 5, 10 dəfə soyadını dəyişib. Bu, ən azı əməliyyat orqanının diqqətini çəkməli idi. Belə insanlar məsuliyyətə cəlb olunmurlarsa, deməli, onları himayə edənlər var».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG