Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:41

«Məni aradan götürmək istəyirlər…»


Aqil Xəlil, 8 aprel 2008
Aqil Xəlil, 8 aprel 2008

«Papanində iki nəfər yaxınlaşıb məni zorla maşına basıb oğurlamaq istəyirdi. Əllərindən zorla çıxıb üç taksi dəyişməklə ordan uzaqlaşdım. Yaşayış yerimi dəyişməyə məcbur olmuşam. Azərbaycanda mənim təhlükəsizliyimə heç kim zəmanət vermir. Əksinə, istintaq davam edən müddətdə başıma min cür oyun açırlar. Məqsədli şəkildə məni aradan götürmək istəyirlər. Fakt budur ki, ev dustağıyam, evdən kənara çıxa bilmirəm…»


«Azadlıq» qəzetinin müxbiri Aqil Xəlil mayın 10-da Azərbaycanı bir müddət tərk etmək qərarına gəlməsini belə əsaslandırır. Onun sözlərinə görə, jurnalist fəaliyyətilə bağlı döyülməsinə, daha sonra isə ürək nahiyəsindən bıçaqlanmasına baxmayaraq hüquq-mühafizə orqanları bu cinayətləri törədənlərin tapılıb cəzalandırılması ilə bağlı heç bir addım atmır. Əksinə, jurnalist davamlı təqib edilir, hüquq-mühafizə orqanlarına şikayət edəndə isə kimlərsə onu oğurlamağa cəhd edir.


Aqil Xəlil deyir ki, həm hava limanında, həm də Balakən və Zaqataladakı sərhəd buraxılış məntəqələrində ona ölkədən çıxmasına qadağa qoyulması haqda qərarı Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsindən verildiyini bildiriblər: «Onlardan məni hansı əsasla saxladıqlarını soruşdum və sənəd tələb etdim. Mənə cavab verən olmadı. Açıq-aşkar görünür ki, məqsəd məni məhkəmə prosesinə qədər oğurlayıb başıma min cür oyun açmaqdır ki, öz qondarma istintaqları üçün dırnaqarası sübutlar əldə etsinlər».


Respublika Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri Vüqar Əliyev isə «Azadlıq» radiosuna müsahibəsində Aqil Xəlilin ölkəni tərk etməyə cəhd göstərməsini onun istintaqdan yayınması kimi qiymətləndirir. Onun sözlərinə görə, jurnalistlə bağlı bütün istintaq hərəkətləri qanunun tələblərinə cavab verməklə aparılır.


«Azadlıq» qəzetinin direktoru Azər Əhmədov isə düşünür ki, Aqil Xəlilin qarşılaşdığı qanunsuzluqlar, qəzetin bağlanmasına, eyni zamanda müxalifət mətbuatına yeni qüvvələrin gəlməsinin qarşısının alınmasına yönəlib. Direktor jurnalistin döyülməsi ilə bağlı ciddi faktların olmasına baxmayaraq cinayət işinin açılmamasını iqtidarın azad söz daşıyıcılarına qərəzli münasibətinin göstəricisi sayır. Onun sözlərinə görə, «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin və Aqil Xəlilin cinayət işlərinin müqayisəsi bunu deməyə əsas verir: «Belə çıxır ki, Qənimət Zahidin timsalında vurulmamış bir zərbəyə görə, az ağır xəsarət, ancaq Aqil Xəlilin timsalında öncə döyülmə, boğulma, sonra isə ürək nahiyəsindən 5 sm dərinliyində 2 sm enində deşilmiş yara isə yüngül xəsarət sayılır».


Aqil Xəlilin ölkədən çıxmasına qadağa qoyulması onun konstitusion haqlarının tapdanmasıdır. Jurnalistin vəkili Elçin Sadıqov belə düşünür. Vəkil bildirir ki, jurnalist davamlı olaraq təqib edildiyindən yalnız təhlükəsizliyinin təmin olunması üçün Azərbaycandan bir müddət getmək qərarına gəlib. Qanunvericilik isə cinayət prosesini həyata keçirən orqandan prosesdə iştirak edən bütün tərəflərin təhlükəsizliyini qorumağı tələb edir. Sadıqov jurnalistin hüquqlarının yalnız Avropa Məhkəməsində təmin ediləcəyini düşünür. Bununla bağlı Avropa Məhkəməsinin president qərarı da var: «Ona görə də biz Konvensiyanın 10-cu maddəsinə uyğun olaraq məhkəməyə müraciət etmişik».


Mayın 13-də Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi «Azadlıq» qəzetinin direktoru Azər Əhmədova məktub göndərərək Aqil Xəlilin saat 15-dək istintaqa gəlməsini tələb edib. Məktubda deyilir ki, jurnalist könüllü gəlməkdən imtina etsə, məcburi qaydada istintaqa gətiriləcək. Azər Əhmədov isə Aqil Xəlillə yalnız telefon vasitəsilə əlaqə saxladıqlarını, təhlükəsizliyinin təmin edilməsi üçün ondan indi harada yaşadığını soruşmadıqlarını bildirir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG