Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 10:56

«Bunlar deyirlər ki, Aqil Xəlil ölsün, ancaq istintaq aparılsın»


Aqil Xəlil, 7 aprel 2008

Aqil Xəlil, 7 aprel 2008

«Aqil Xəlil ölkə hüdudlarını tərk etmək məqsədilə 10 may 2008-ci ildə Bakı-İstanbul təyyarə reysi ilə Türkiyəyə, 11 may 2008-ci ildə isə saat 09.15 radələrində Balakən rayonu, elə həmin gün saat 10.00 radələrində Zaqatala rayonu ərazisindən başqa ölkəyə getmək istəyərkən müvafiq xidmətlər bunun qarşısını alıb».


Respublika Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri Vüqar Əliyev APA-ya belə deyib. O, həmçinin «Azadlıq» radiosuna bildirib ki, zərərçəkmiş kimi Aqil Xəlilin hüquqları olduğu kimi, vəzifələri də var:


«O, ibtidai istintaq orqanına gəlməli və düzgün ifadə verməlidir. Aqil Xəlilin iştirakının olmaması cinayət təqibi üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədə, istintaqın və məhkəmə baxışının yolverilməz dərəcədə uzadılmasına səbəb ola bilər. Bununla da Azərbaycan Respublikasının qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin (işin ağlabatan müddətdə başa çatdırılması) tələbi pozula və səmərəli ədalət mühakiməsinin həyata keçirilməsi təhlükə altına alına bilər. Ona görə də onun ibtidai və məhkəmə istintaqında iştirakı məqsədəmüvafiq olmaqla zəruridir».


Jurnalistin vəkili Elçin Sadıqov isə «Azadlıq» radiosuna deyib ki, Baş Prokurorluq daxil olmaqla hər hansı dövlət orqanı Aqil Xəlilin həyatının müdafiəsi üçün tədbir görməyib: «Aqil Xəlil mayın 7-də məhkəməyə müraciət etdikdən sonra onun həyatı üçün təhlükələr artdı. Buna görə də məcbur oldu ki, ölkəni bir müddətə tərk etsin. Bu günlərdə onu metroda vaqonun altına itələmək və oğurlamaq istəyiblər. Sadəcə olaraq o, öz həyatını qorumaq üçün bu addımı atıb».


Vəkil Aqil Xəlilin hazırda Azərbaycanda olduğunu da bildirib.


E.Sadıqov deyib ki, Baş Prokurorluğun zərərçəkmiş şəxsi həyatı bahasına ölkədə saxlamaq hüququ yoxdur və bundan şikayət verəcəklər: «Bunlar deyirlər ki, Aqil Xəlil ölsün, ancaq istintaq aparılsın».


«Azadlıq» qəzetinin əməkdaşı Aqil Xəlil iki dəfə hücuma məruz qalıb, ürək nahiyəsindən bıçaqlanıb. Jurnalist həmçinin prokurorluqda dindirilmə zamanı ondan zorla ifadə alındığını və döyüldüyünü bildirib.


Respublika Prokurorluğu mətbuata verdiyi açıqlamada onun dediklərini təkzib edib və homoseksuallar tərəfindən bıçaqlandığını bildirib.


Günün bütün mövzuları

XS
SM
MD
LG