Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:34

«İnsan alveri ilə mübarizə tədbirləri səthi aparılır»


«Rəsmi dairələrdəki himayəçilər isə bir qayda olaraq cəzasız qalır»

«Rəsmi dairələrdəki himayəçilər isə bir qayda olaraq cəzasız qalır»

2008-ci ildə də daxili işlər orqanları insan alverilə bağlı bir neçə cinayətkar qrupu yaxalayıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, istintaq zamanı onların Türkiyə, Pakistan, Hindistan, İran, Birləşmiş Ərəb Əmirliklərinə cinsi istismar üçün aparıldığı bəlli olub. İnsan alverinin qurbanları xaricə əsasən xidmət sahələrində işləmək adı altında aparıldıqlarını bildiriblər. Şərti adı «Bahar» olan insan alverinin qurbanı deyir ki, tanımadığı qadın ona Türkiyədə restoranlardan birində qabyuyan işləməyi təklif edib. Bakıda heç yerdə iş tapa bilməyən qadın bu təkliflə razılaşıb. Yalnız Türkiyədə ona bəlli olub ki, buraya cinsi istismar üçün gətirilib. Onu bu yola çəkənlərdən şikayət edəcəyini bildirəndə isə belə cavab alıb: «Mənim hər tərəfdə adamım, vəzifəli adamlarla münasibətim var, pul verib səni məhv etdirəcəyəm».


«Bahar» deyir ki, Türkiyədə Azərbaycandan aparılan 20-yə yaxın insan alverinin qurbanları ilə bir yerdə saxlanılıb. Pasportları əllərindən alındıqlarından və pritondan nəzarətsiz kənara çıxmalarına imkan verilmədiyindən uzun müddət polisə şikayət etmək imkanı olmayıb. Tez-tez Azərbaycana gedib yeni qurbanlar gətirən qrup rəhbəri isə müştərilərinə onları qul kimi işlətdiyini deyirmiş.


Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev Azərbaycanda insan alveri ilə mübarizə tədbirlərinin səthi aparıldığını düşünür. Onun sözlərinə görə, istintaqa yalnız insan alveri qurbanlarını qrup şəklində ölkədən kənara çıxaranlar cəlb edilir. Onların rəsmi dairələrdəki himayəçiləri isə bir qayda olaraq cəzasız qalır. Ə.Əliyevin sözlərinə görə, insan alverilə mübarizə üzrə 2004-cü ildə qəbul edilən Milli Fəaliyyət Proqramının da yenilənməsi vacibdir: «Dövlət orqanları ilə QHT-lər arasında işbirliyi sıx olmalı, yerlərdə müdafiə mərkəzləri yaradılmalıdır. Çünki «İnsan alverinə qarşı mübarizə haqqında» qanunda həm sığınacaqların, həm də müdafiə mərkəzlərinin yaradılması nəzərdə tutulub».


Azərbaycanda insan alveri qurbanlarının reablitasiyası ilə yalnız «Təmiz Dünya» ictimai birliyi məşğul olur. Birliyin rəhbəri Mehriban Zeynalova isə mübarizə tədbirlərinin səthi aparılması fikirlərilə razı deyil. Onun sözlərinə görə, daxili işlər orqanları cinayət faktı ilə bağlı bütün informasiyaları dəqiqliklə araşdırır: «Bəzi qurumlarda rüşvət faktlarının olmasından danışılır. Ancaq cinayətkar tapılırsa, onun sosial vəziyyətindən, tutduğu vəzifədən asılı olmayaraq cinayət məsuliyyətinə cəlb edilir».


Mehriban Zeynalovanın sözlərinə görə, rəhbəri olduğu qurumda insan alveri qurbanları və belə bir ehtimalla üzləşənlər üçün 24 saat fəaliyyət göstərən qaynar xətt yaradılıb.


Daha bir qaynar xətt isə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsində yaradılıb. İnsan alveri cinayətinin qurbanı, yaxud şahidi olanlar 152 nömrəsinə zəng edib bu haqda polisə informasiya verə bilərlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG