Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 02:35

Corc Buşun Heydər Əliyev haqqında xatirələri...


Ata Corc Buş və Heydər Əliyev, Kennebunkport, sentyabr 2002
Ata Corc Buş və Heydər Əliyev, Kennebunkport, sentyabr 2002

«Azərbaycan» qəzeti


«Baku» jurnalının keçmiş prezident Heydər Əliyevin 85 illiyinə həsr olunan üçüncü nömrəsi çapdan çıxıb. Jurnalda Heydər Əliyevin dostlarının və məsləkdaşlarının xatirələri dərc edilib.


ABŞ-ın 41-ci prezidenti, indiki prezident Corc Buşun atası Corc Herbert Uoker Buş məxsusi olaraq bu jurnal üçün Heydər Əliyev haqqında xatirələrini bölüşüb.


Corc Buş deyib: «Prezident Heydər Əliyev Azərbaycanın müstəqilliyinin ilk illərində onun təşəkkülündə oynadığı mühüm rola görə daim yaddaşlarda qalacaq. Üstəlik, onun səyləri sayəsində biz iki ölkə arasında möhkəm iqtisadi və diplomatik münasibətlər yaratmağa müvəffəq olduq».


Daha sonra Buş vurğulayır ki, məhz Heydər Əliyevin sayəsində Azərbaycanın iqtisadi təməli yaradılıb: «Mən ilk növbədə iqtisadiyyatın ən mühüm sahəsi olan energetika sektorunu nəzərdə tuturam. Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan beynəlxalq neft və qaz bazarlarının əsas təminatçısına çevrilməyə imkan vermiş addımlar atıb».


Ata Buş xatırlayır: «2002-ci ilin sentyabr ayında Prezident Əliyevin Kennebunkporta (Men ştatı) səfəri haqqında xoş xatirələrim var. Mən BMT Baş Məclisinin Nyu-Yorkda keçirilən iclasında iştirak etmək üçün ABŞ-a gəlmiş prezident Əliyevin şərəfinə qəbul təşkil etmişdim. Bu, bizim bir-birimizi tanımağımız və qeyri-rəsmi şəraitdə fikir mübadiləsi aparmağımız üçün yaxşı imkan oldu. Mən belə bir qonağı öz sevimli evimizdə qəbul etməkdən məmnun oldum. Bu ev mənim üçün və xanımım Barbara üçün çox böyük məna kəsb edir.


Heydər Əliyevin bizim evə gəlişi şərəfinə biz Azərbaycanın bayrağını asmışdıq. Zənnimcə, onu hansısa bir ofisdə deyil, evimizdə qarşılamağımız onun çox xoşuna gəlmişdi. Bu, Amerika-Azərbaycan münasibətlərinin əhəmiyyətini vurğulamış oldu.


Yadımdadır, biz evə daxil olmazdan əvvəl bir qədər açıq havada söhbət etdik. Prezident Əliyev okeana və mənim iki sevimli məşğuliyyətimə - balıq ovuna və qayıqla gəzintiyə çıxmağıma böyük maraq göstərdi.


Mənim oğlum Corc ABŞ prezidenti seçiləndən sonra biz Heydər Əliyevlə yazışırdıq. Mən Corcu seçkilərdə qələbə münasibətilə təbrik etmiş prezident Əliyevin diqqətini və xoş arzularını yüksək qiymətləndirdim. O, lütfkarlıq göstərərək məni də Azərbaycana dəvət etdi».



«Yeni Müsavat» qəzeti:


Ölkədə taxıl böhranı davam edir. İndi bir çox bölgələrdə unun bir kisəsi 36 manata satılır. Bəzi rayonlarda isə 600 qramlıq çörək artıq 50 qəpiyə qalxıb. Məlumatlara görə, ən qorxulu vəziyyət Naxçıvan Muxtar Respublikasında yaranıb. Belə ki, bölgədə taxıl qıtlığı əhali arasında təşvişə səbəb olub. Baş verənlərdən narahat olan insanlar taxıl və un tədarükünə başlayıb. Bundan isə ən çox möhtəkirlər xeyir götürür.


Eyni vəziyyət Göyçay və Ağdam rayonlarında da hökm sürür. Burada çörəyin qiyməti 50 qəpiyi ötüb. Bu da azmış kimi, fərdi sex sahibləri çörəyin çəkisini də azaldıb. Cənub bölgəsində isə əhali ən çox düyü qıtlığından əziyyət çəkir. Müsavat Partiyası bölgə təşkilatlarının verdiyi məlumata görə, Lənkəranda 500 qramlıq çörək 40 qəpiyə, bir kisə un isə 33 manata satılır: «Buna rəğmən bölgədə düyü demək olar ki, qəhətə çıxıb. Bu ərzaq məhsulu 60 faiz bahalaşıb».


Bakı şəhərində də unun qiyməti artmaqda davam edir. Paytaxtın bir çox çörək sexləri un çatışmazlığı üzündən fəaliyyətini artıq dayandırıb. Bəzi məlumatlara görə, hökumət ölkəni bürümüş bahalaşma ilə bağlı sərt tədbirlər görmək niyyətindədir. Artıq bununla əlaqədar ölkə başçısı yanında ilkin qapalı müzakirələr də aparılıb. Məlumatlara əsasən, hökumət yanacağın və elektrik enerjisinin qiymətini aşağı salmaq niyyətindədir. Bundan əlavə, sosial yardımlara ehtiyacı olan əhaliyə maddi yardım göstəriləcəyi də gözlənilir. Bu məqsədlə bu günlərdə məcburi köçkünlərə verilən çörəkpulunun məbləği 70 faiz artırılacaq.



«Azadlıq» qəzeti:


Hələ bir neçə il əvvəl Dünya Bankının ekspertləri belə qərara gəliblər ki, Azərbaycanın gələcəyi neftlə bağlı olmayacaq. Çünki bir müddətdən sonra Azərbaycanın neft ehtiyatları tükənəcək. Ölkənin gələcəyi isə turizm və kənd təsərrüfatıyla bağlı olacaq. Bu xəbər «Azadlıq»a hakimiyyətə yaxın mənbələrdən sızıb. Xəbərə görə, Dünya Bankının ekspertlərinin məlum proqnozları Əliyevlər hakimiyyətinin də diqqətindən qaçmayıb. Məhz bu hesabat açıqlanandan sonra Əliyevlər bu istiqamətdə müəyyən addımlar atmağa başlayıb.


Bu istiqamətdə ilk addım ölkədə turizmi tam ələ keçirməkdən ötrü yararlı əraziləri tutmaqdan ibarət olub. Əliyevlər çox qısa müddətdə elə də böyük maneə ilə üzləşmədən ölkənin dəniz zolaqlarını ələ keçirməyə nail olublar. İndi Xəzərin sahil zolağı demək olar ki, Əliyevlərin adamları tərəfindən hasarlanıb...


«Azadlıq»a məlumat verən mənbə bildirib ki, Əliyevlərin yol tikintisinə böyük önəm vermələri də turizmi inkişaf etdirməkdən irəli gəlir. Mənbə deyib ki, bu yaxınlarda hakim ailə bu məqsədlə Bakının Pirallahı qəsəbəsini də tamamilə boşaltmaq qərarı verib. Oradakı əhali və evlər siyahıya alınıb. Artıq qəsəbədəki əhalini Bakının ucqar qəsəbələrində yerləşdirmək üçün işlər aparılır.


Bu isə iki formada həyata keçiriləcək. Ya ailəyə məxsus şirkətlər ucqar qəsəbələrdə yeni göydələnlər tikəcəklər, ya da bazara çıxarılan evləri almaqla Pirallahı sakinlərini mərhələlərlə köçürəcəklər.


XS
SM
MD
LG