Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:53

Atəşfəşanlıq neçəyə başa gəlir?


Fişəngin hay-küyü kiməsə sevinc, kiməsə də əsəb gətirir
Fişəngin hay-küyü kiməsə sevinc, kiməsə də əsəb gətirir

Bir neçə gündür ki, axşamlar paytaxtın səmasından parıltı, gurultu səsləri əskik olmur. Bakının rayonlarında, həmçinin ölkənin bölgələrində keçmiş prezident Heydər Əliyevin 85 illiyi münasibətilə keçirilən bayram mərasimləri fişəngsiz ötüşmür. Artıq təkcə bu tədbirlər zamanı yox, eləcə də rayon icra hakimiyyətlərinin təşkil etdikləri konsertlər, bayram mərasimləri zamanı da fişəng atmaq zəruri bir detala çevrilib.


Fişəngin hay-küyü kiməsə sevinc, kiməsə də əsəb gətirir. Bəzi şəhər sakinləri fişəngin tamaşasına çıxır, «Xoşuma gəlir, adama ləzzət edir», - deyirlər. Digərləri isə fərqli fikirdədir: «Uşaq 15 dəqiqə tir-tir əsib, gecə saat 12-də çıxıb binanın üstündən atırdılar, bütün qonşular səs-küydən bilmirdilər neyləsinlər».


Ötən ay isə Gəncənin mərkəzi meydanında keçirilən konsertdə fişənglərdən biri yerdə partladı. Fişəng üçün yer konsert meydanından təxminən 100 metr qıraqda ayrılsa da, ərazi şəhərin mərkəzi hissəsiydi və ətraf da adamla dolu olub. Fişəngin partlaması nəticəsində yaralananlar oldu. Gəncə sakini Samirə Səmədova fişəngin atıldığı yerdən xeyli uzaqda olsa da, güclü partlayışın qırağa səpələdiyi qırıntılardan biri onun gözünə düşmüşdü. Samirə hadisəni belə xatırlayır: «Oturmuşduq, qəfil elə bil gözümə iynə batırdılar. Qışqırdım, çox qorxdum. Həkimə getdik. Gözümü təmizlədi. İndi eynək taxıram, hərdən ağrıyır».



«Oturmuşduq, qəfil elə bil gözümə iynə batırdılar. Qışqırdım, çox qorxdum. Həkimə getdik. Gözümü təmizlədi. İndi eynək taxıram, hərdən ağrıyır»

Açıq satışda olan adi bayram fişənglərindən fərqli, təlim və digər fişəng patronları və fişəng atan alətlər odlu silah sayılır. Daxili İşlər Nazirliyindən «Azadlıq» radiosuna deyirlər ki, bu ləvazimatlar kimdə tapılarsa, həmin şəxs cinayət məsuliyyətinə cəlb edilə bilər. Hərbi məsələlər üzrə ekspert Ələkbər Məmmədovun sözlərinə görəsə fişənglərin atılması və hansı bayramda istifadə olunmasıyla bağlı Müdafiə nazirinin əmri lazımdı: «Əmrdə nə qədər və hansı növdən olan fişəngin atılacağı, kimin və hansı ərazidə atacağı və s. göstərilir».


Müdafiə Nazirliyindən isə deyirlər ki, bayram tədbirlərində düzənlənən atəşfəşanlıq üçün nazirin əmrinə heç bir ehtiyac yoxdu. Bu, daha çox ictimai asayişi qoruyanların işidi.


Yasamal Rayon İcra Hakimiyyətindən isə bildirirlər ki, onların keçirdikləri sonuncu bayram tədbirinin konsertini və atəşfəşanlığı müstəqil televiziyalardan biri təşkil edib. Açıq satışda olmayan fişəngləri Bakı Şəhər İcra Hakimiyyəti gətizdirir və bunun satışıyla məşğul olan firmalara paylayır.


Əsasən Çin istehsalı olan fişənglər elə də ucuz deyil. Fişənglər həm çeşidinə, həm də ölçüsünə görə fərqlənir. Məsələn, 12 düyməyə qədər ölçüdə olan fişəngin ən bahalısı 450 manat civarında olur. 3-5 düyməli fişənglər isə nisbətən ucuzdu - bir ədədi 50-80 manat civarındadı.


Ölçüsünə görə fişəng sifarişi tədbirin əhəmiyyətinə və miqyasına uyğun dəyişir. Adətən dövlət və ya yerli icra hakimiyyəti xəttiylə keçirilən bayramlarda və konsertlərdə 50-dən 300 patrona qədər fişəng atılır.


Bakıda fəaliyyət göstərən firmalardan birindən aldığımız məlumata görə, onlar əsasən dövlət sifarişləriylə işləyirlər. Fərdi sifarişlər zamanı isə yerli hüquq-mühafizə orqanlarının icazəsi lazım olur. Müsahibimizin sözlərinə görə, çox əhəmiyyətli sayılan tədbirdə daha çox 12 düyməli, 200 dənə fişəngə sifariş olur. Tədbirin miqyasından asılı olaraq icra hakimiyyətləri 2 min dollardan 100 min dollara qədər xərcə düşməli olurlar.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG