Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:48

Bakıda dörd divar almaq hər kişinin işi deyil…


İqtisadçılar hesab edir ki, Bakıda «tikinti bumu» hələ bir neçə il də davam edəcək

İqtisadçılar hesab edir ki, Bakıda «tikinti bumu» hələ bir neçə il də davam edəcək

Bakıda tikinti bumudur… Paytaxtda elə bir eyvan tapmaq çətindir ki, oradan baxanda ya yeni göydələnlər, ya da gecə-gündüz işin dayanmadığı inşaat meydançaları görünməsin. Amma, bununla yanaşı, quruca dörd divar almaq da artıq hər kişinin işi deyil. Azı 50-60 min manatın olmalıdır ki, özünə şəhər kənarında təmirsiz bir mənzil tapasan. İqtisadçıların fikrincə, inhisarçılıq, rəqabət mühitinin zəif olması daşınmaz əmlak bazarında qiymətləri artıran əsas amillərdir.


Yeni yaşayış evləri tikən şirkətlər mənzilləri uzunmüddətli kreditlərlə də təklif edirlər. Amma bu günə kimi nağd hesablaşmaların sayı kreditlə hesablaşmalardan daha çoxdur. Kredit sisteminə bu cür münasibət faiz dərəcələrinin yüksək həddi və əhalinin böyük qrupunun bu kreditləri ödəmək iqtidarında olmamasından irəli gəlir.


Orta əmək haqqı 200 manatdan bir az çox olan vətəndaşlar deyir ki, kredit şərtləri tikinti şirkətlərinin mənafeyini əks etdirir, onlarınkını yox.


Çingiz aeroport yarmarkalarından birində xalı ticarəti ilə məşğuldur, 6 ildir ailə qurub, amma hələ də özünün şəxsi mənzili yoxdur. 2 ilə yaxındır ki, kreditlə mənzil götürüb. Deyir ki, qazandığının çoxu kredit faizlərinin ödənilməsinə gedir:


«Bu gün 500 manat vermək hər şəxs üçün çətindir. Balaca dükan işlədirəm, ailəmin adi ehtiyacını ödəməkdə çətinlik çəkirəm».


İpoteka vermək dövlətə niyə sərf etmir?..


İnsanların mənzil şəraitini yaxşılaşdırmaq üçün artıq bir neçə ildir ki, Azərbaycanda ipoteka kreditlərinin verilməsinə başlanıb. 2005-ci ildən indiyə kimi Azərbaycanda 1845 nəfərə bu tip kredit verilib. Amma ötən ilin yayından vəsaiti qurtardığından Milli Bank İpoteka Fonduna kreditlərin verilməsini dayandırıb. Dövlət rəsmiləri deyir ki, ipotekaya tələbat böyükdür, amma dövlətin təklif etdiyi kredit məbləği və şərtlər bazara uyğun deyil. Buna görə də adi ipoteka vermək dövlətə sərf etmir.


İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, hətta adi ipoteka kreditləri verilən vaxtlarda bəzi işbazlar bundan sui istifadə ediblər. Elə olub ki, bir nəfər 3-4 evi kreditə götürüb və sonradan ondan kommersiya məqsədilə istifadə edib:


«Çünki kredit meyarları dəqiq müəyyənləşməmişdi. Elə indi də ipoteka kreditlərinə mənzili olan şəxslər iddia edə bilər. Meyarlar elə müəyyənləşməlidir ki, yalnız mənzilə ehtiyacı olan, uzun müddətdir kirayədə, yataqxanada yaşayanlar krediti götürə bilsinlər».


Adi ipoteka ilə yanaşı bəzi sosial qruplar üçün güzəştli ipoteka kreditlərinin verilməsi də nəzərdə tutulur. Gənc ailə yaşı 35 olan məmurlar, alimlər, hərbçilər, şəhid və qaçqın ailələri və s. bundan faydalana bilərlər.


Güzəştli qrupa aid olan Bakı Dövlət Universitetinin müəllimi Natiq Məmmədov deyir ki, sosial ipotekanın verilməsi şərtlərində dəyişiklik edilməlidir:


«Əsas şərt ilkin ödənişlə bağlıdır ki, hansı ki, ümumi məbləğin 30 faizini vermək lazımdır. Amma az təminatlı, məsələn, akademiyanın elmi işçiləri, ya da təhsil sahəsində çalışanların bu ilkin ödənişi etməyə imkanları yoxdur. Sosial ipotekanı ilkin ödənişdən sonra da almaq sərf etmir. Çünki bu uzun müddətə götürülsə də, aylıq ödənişin məbləği ailəyə gələn gəlirdən çox olur. Məsələn, akademiyanın baş elmi işçisi 141 manat maaş alır və o öz gücünə gedib hər hansı sosial ipoteka götürə bilməz. Dövlətin sosial ipoteka siyasəti sosial yönümlü deyil, biznes yönümlüdür.


-Bəs təklifiniz nədir?


-Subay hərbçilərə aid edilən şərtlər, digər güzəştli təbəqənin nümayəndələrinə də şamil edilsin. Yəni ipoteka krediti götürmək üçün gənc müəllim ailə qurmalıdır. Ancaq bu, hərbçilərə şamil edilmir».


«Dünyanın heç bir yerində güzəştli ipoteka krediti 7 faizlə verilmir»


Hazırda sosial ipoteka kreditlərinin verilməsi dayandırılıb. İqtisadçı Vüqar Bayramov deyir ki, buna səbəb həm inflyasiya, həm də bazarda mənzillərə tələbatın böyük olduğu halda, güzəştli kredit məbləğinin çox aşağı olmasıdır:


«Bu gün sosial ipotekanın faiz dərəcəsinin 7 faizə artırılması ilə bağlı müzakirələr gedir. Əgər sosial ipotekanın faiz dərəcələri artırılsa, hətta maksimum məbləğin 35 mindən 50 min manata qaldırılacağı təqdirdə belə, həmin adamlar ayda təxminən 300 manat vəsait ödəməlidirlər. Nəzərə alsaq ki, güzəştli ipoteka kreditləri o insanlar üçündür ki, o insanların gəlir səviyyəsi aşağıdır, onda bu insanların kreditdən istifadə etmək imkanları olmur. Dünyanın heç bir yerində güzəştli ipoteka krediti 7 faizlə deyil».


İpoteka Fondunun mətbuat xidmətinin rəhbəri Samirə Nəsibova isə etiraf edir ki, güzəştli ipoteka kreditlərinin verilməsi ilə bağlı onlar ötən ay Nazirlər Kabinetinə təkliflərlə müraciət ediblər. Amma fond rəsmisi təkliflərin nədən ibarət olduğunu açıqlamaq istəmədi:


«Biz öhdəmizə düşəni etmişik. Artıq Nazirlər Kabinetindən bu təkliflərə qərar verilməlidir».


Müqayisə üçün deyək ki, Azərbaycandan fərqli olaraq, indi qonşu Gürcüstanda, eləcə də Türkiyədə ipoteka kreditlərinin verilmə şərtləri daha münasibdir. Məsələn, Gürcüstanda ipoteka kreditinin götürülməsi şərti daha sadə olduğundan son 2 ildə ipoteka krediti götürənlərin sayı 4 dəfə artıb. Gürcüstanın Milli Bankının meneceri Sofo Bolkvadze belə deyir:


«Gürcüstanda prinsipcə, işi olan istənilən adam bunu ipoteka krediti götürə bilər. İş yerinin mövcudluğunu, ayda heç olmasa 400 dollar maaş aldığını sübut edən istənilən şəxsə kredit verilir».


Türkiyədə isə mənzilin qiymətinin 10 faizi nağd şəkildə ödənildikdən sonra qalan məbləğ isə 15-20 ilə ayda 200-350 dollar olmaqla, kirayə kimi ödənilir. Türkiyədə orta aylıq əmək haqqının vergilər çıxılandan sonra 400 dollar olduğunu nəzərə alsaq, kredit şərtlərinin Azərbaycanla müqayisədə yenə də daha münasib olduğunu görmək olar.


Şərqi Avropa ölkələrindən, məsələn, Çexiyada da Azərbaycanla müqayisədə ipoteka şərtləri daha yaxşıdır. Məsələn, bu ölkədə ipoteka almaq üçün mənzilin dəyərinin 30 faizini ödəmək lazımdır, illik faiz isə 4 və ya 7 faizdir.


Özəl təşəbbüslər


İndi Bakıda ev almaq arzusunda olanlar üçün özəl banklar da kreditlər təklif edirlər. Amma onların təklif etdikləri şərtlər hətta inkişaf etmiş Avropa ölkələri ilə müqayisə də belə xeyli yüksəkdir. Bir faktı xatırladaq ki, Azərbaycan banklarının təklif etdiyi faiz dərəcəsi 16-18 faiz arasında dəyişir.


Bankların təklif etdiyi şərtlərlə tanış olduğunu deyən tarix elmləri namizədi Natiq Məmmədov isə deyir ki, bank faizləri də onun üçün cəlbedici deyil:


«Banklardan hətta 100 min manata qədər kredit götürmək olar. Amma ödəmə müddəti azdır. Bundan başqa özəl bankların verdiyi kreditlərin illik faizləri də çoxdur. Bu da o deməkdir ki, kredit götürürsənsə, ayda təxminən 900-1300 manat məbləğində ödəniş etməlisən. Bu da praktiki cəhətdən mümkün deyil. Axı ipoteka sahibkarlıq növü deyil ki. Yəni o qədər imkanı olan adam heç ipoteka krediti götürməz».


İqtisadi Tədqiqatlar Mərkəzindən Vüsal Qasımlı deyir ki, orta kredit faizinin 17 faiz olması həqiqəti əks etdirmir. Bu rəqəm qeyri-rəsmi ödənişlərin hesabına yüksək olur.


Hazırda Azərbaycanın əmlak bazarında ən uzun müddətə-25 illiyinə mənzil təklif edən «Akkord» şirkətlər qrupudur.


«Akkord» şirkətinin satış departamentinin direktoru Rüstəm Mustafayev deyir ki, əvvəllər şirkət mənzilləri daha qısa müddətə 8,9,11 illiyinə kreditlə verirdi. Sonradan bu müddətin uzadılmasında isə məqsədləri əhalinin aşağı təbəqəsinin də onların layihələrindən yararlana bilməsi olub.


Amma bəzi mütəxəssislər bildirir ki, uzun müddətə bağlanan müqavilələr daha çox şirkətlərin marağını əks etdirir.


Yarım milyon ailənin yarısı evsizdir


Paytaxt Bakı indi döyüş meydanını xatırladır. Hara baxsan toz-torpaq, tikintidə çalışan fəhlələrin, maşınların səsi, şəhərin hər yerində, günün istənilən vaxtı şütüyən beton qarışdıran maşınlar, daha nələr-nələr...


Sovetlər dağılandan sonra müstəqilliyini qazanan Azərbaycan öz iqtisadiyyatını neftə kökləsə də, son illər Bakıya gələn hər bir insanın gözünə ilk sataşan neft buruqlarından qabaq, məhz uca binalardır.


Bəlkə də kənar adam elə düşünə bilər ki, ölkədə mənzillə bağlı heç bir problem yoxdur. Əslində isə son 10 ildə Azərbaycanda qurulmuş 500 min ailənin yarıdan çoxunun mənzilə ehtiyacı var.


İndi Bakıda bir qədər ucuz evlər paytaxtın kəndlərində, Qaradağ rayonunda, Lökbatan, Ələt, Hövsan qəsəbələrində, Xırdalan şəhərindədir.


Düzdür torpaq alıb ev tikmək də olar. Bu bir qədər ucuz başa gəlir. Bunun üçün banklar istehlak kreditləri də verir. Amma mütəxəssislər hesab edirlər ki, bu cür kreditlərin populyar olmaması həm tələb olunan faizin yüksək olması, həm də girov istənilməsidir. Belə ki, bir çoxlarının girov şəklində qoya biləcəyi əmlakı da yoxdur.


İqtisadçılar hesab edir ki, Bakıda «tikinti bumu» hələ bir neçə il də davam edəcək. Bəzən çirkli pulların yuyulması kimi dəyərləndirilən tikinti sektorunda qiymətlər o zaman stabilləşə bilər ki, tələblə təklif bərabərləşsin. Bundan sonra isə daşınmaz əmlaka tələb azalacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG