Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:04

Seçkiyə addımla marş!


«Nazirin yanaşmasına görə, Silahlı Qüvvələrin şəxsi heyətinin hamısı YAP-ın üzvüdür»

«Nazirin yanaşmasına görə, Silahlı Qüvvələrin şəxsi heyətinin hamısı YAP-ın üzvüdür»

Azərbaycan Silahlı Qüvvələri qarşıdan gələn prezident seçkisində prezident İlham Əliyevin namizədliyini müdafiə edəcək. Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Eldar Sabiroğlu bildirir ki, belə bir qərar Silahlı Qüvvələrin keçmiş prezident Heydər Əliyevin 85 illik yubileyi ilə bağlı keçirilən ümumi toplantısında verilib: «Toplantıda nazir Səfər Əbiyev dedi ki, qarşıdan gələn prezident seçkisində Silahlı Qüvvələr möhtərəm İlham Əliyevin namizədliyini irəli sürür. Toplantıya qatılan generallar, zabitlər hamılıqla bu təklifi müdafiə etdilər. Beləliklə, demək olar ki, İlham Əliyev Silahlı Qüvvələrin namizədi oldu».


Müxalifət düşərgəsində isə deyirlər ki, bu qərar Silahlı Qüvvələrin əsasnaməsi ilə tamamilə ziddiyyət təşkil edir. Müsavat Partiyasının başqanı İsa Qəmbərin sözlərinə görə, bu qərar göstərir ki, Silahlı Qüvvələrin rəhbər heyəti Azərbaycan vətəndaşları arasında ayrı-seçkiliyə yol verir: «Mən Müdafiə Nazirliyinin rəhbərliyinə bir daha məsləhət görürəm ki, Silahlı Qüvvələr haqqında normativ aktlarla tanış olsunlar. Onların hansısa siyasi qüvvəni müdafiə etməyə haqları yoxdur».



«Mən Müdafiə Nazirliyinin rəhbərliyinə bir daha məsləhət görürəm ki, Silahlı Qüvvələr haqqında normativ aktlarla tanış olsunlar. Onların hansısa siyasi qüvvəni müdafiə etməyə haqları yoxdur»

İ.Qəmbər deyir ki, Azərbaycan hakimiyyəti bütün seçkilərdə bu və ya başqa şəkildə Silahlı Qüvvələrin imkanlarından bəhrələnməyə çalışıb.


Xüsusilə də hər seçkidən sonra narazı əhalinin gözünü qorxutmaq üçün Silahlı Qüvvələr səfərbərliyə alınıb. İsa Qəmbərin sözlərinə görə, hakimiyyətin hərbçilərin mülki şəxslərlə bir yerdə səs verməsi ilə bağlı Venesiya Komissiyasının təklifinə rədd cavab verməsi də təsadüf deyil. Bu, onun fikrincə, o deməkdir ki, hakimiyyət yenə də qapalı seçki məntəqələri təşkil edib prosesi öz xeyrinə həll etmək istəyir.


Hərbi ekspert Üzeyir Cəfərov isə deyir ki, Müdafiə Nazirliyinin rəhbərliyinin qarşıdan gələn prezident seçkisində İlham Əliyevin namizədliyini irəli sürməsi təkcə Silahlı Qüvvələrin əsasnaməsinə zidd deyil, həm də siyasi yanlışlıqdır: «Bunlar qaş düzəltmək istəyəndə, vurub göz çıxartdılar. Bu, səhvdir, yanlışlıqdır. Azərbaycan beynəlxalq aləmdə haqlı yerə tənqid ediləcək. Onsuz da Silahlı Qüvvələr həmişə ali baş komandanı müdafiə edir. Ancaq bunu seçkilərdə açıq şəkildə bəyan etmirlər. Çünki qanun hərbçilərə partiya üzvü olmağa, hansısa siyasi qüvvəni müdafiə etməyə imkan vermir. Səfər Əbiyevin yanaşmasına görə, Silahlı Qüvvələrin şəxsi heyətinin hamısı YAP-ın üzvüdür. Çünki İlham Əliyev tək prezident deyil, o, həm də YAP-in sədridir».


Yeri gəlmişkən, Silahlı Qüvvələrin şəxsi heyətinin prezident seçkisində namizədlə çıxış etməsi Azərbaycan tarixində birinci dəfədir ki, baş verir. Görəsən, nədən Müdafiə Nazirliyinin rəhbərliyi əvvəlki ənənələrdən bu dəfə bir qədər kənara çıxaraq öz mövqeyini açıqca bəyan edir. «Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu: «Bunu bir neçə səbəblə izah etmək olar. Bir səbəb o ola bilər ki, nazir öz yerini möhkəmlətmək üçün prezidentin namizədliyini irəli sürsün».


Ərəstun Oruclu hesab edir ki, Azərbaycandakı güc strukturları arasında ciddi ixtilaflar mövcuddur. Üstəlik, onun iddialarına görə, artıq hakimiyyət Daxili İşlər Nazirliyinə o qədər də etibar etmir. Belə olan halda Müdafiə Nazirliyi də siyasi çəkişmələrin mərkəzində durmağa çalışır. Ancaq ekspert ehtimal edir ki, Müdafiə Nazirliyi iqtidara öz xidmətlərini o şəkildə təqdim etdi ki, bundan heç hakimiyyətin özü də razı qalmayacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG