Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:42

«Bakının üzərinə «ölüm buludu» çöküb»


Paytaxtdakı həddən artıq çirklənmə şəhərdə aparılan tikinti işləri ilə əlaqələndirilir

Paytaxtdakı həddən artıq çirklənmə şəhərdə aparılan tikinti işləri ilə əlaqələndirilir

«Bir həftədən çoxdur ki, Bakının bütün ərazisi toz-torpağa qərq olub. Xəfif küləyin göyə sovurduğu toz-torpaq qatı duman kimi şəhərin başı üzərində fırlanır. Paytaxtın nisbətən hündür nöqtələrindən baxanda nəinki geniş küçələr, parklar, heç adi vaxtlarda uzaqdan diqqəti cəlb edən ən uca binalar da görünmür». «Gün səhər» manşet məqaləsində belə yazıb.


Qəzet bildirir ki, həkimlərin dediyinə görə, yaranmış vəziyyət insanların tənəffüs sistemi üçün ciddi fəsadlar yaradır, ağciyər, ürək-damar və başqa problemi olan şəxslərdə isə həyat üçün təhlükəli ağırlaşmalar yaradır. «Gün səhər»ə açıqlama verən həkim bildirir ki, tozun tərkibi, onun infeksion, sənaye, yaxud başqa xarakterli qatqılarla zənginləşməsi isə epidemiyalara və başqa kütləvi bəlalara səbəb ola bilər.


Bəs, Bakının qısa müddət ərzində bu qədər çirklənməsinin səbəbi nədir? Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova paytaxtdakı həddən artıq çirklənməni şəhərdə aparılan tikinti işləri ilə əlaqələndirir. Onun sözlərinə görə, tikinti obyektlərində qazıntı işləri aparılarkən ətrafa yayılan torpaq küləyin təsiri nəticəsində ətraf mühiti çirkləndirir.


Milli Ekoloji Proqnozlaşdırma mərkəzinin rəhbəri Telman Zeynalovun sözlərinə görə, paytaxtı bürüyən toz-torpaq son günlərin deyil, 8-10 il əvvəl əsası pozulmuş şəhərsalma qaydalarının yaratdığı problemdir.


Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov deyir ki, artıq aspirantura təhsilinə maraq azalıb: «Magistr və aspirantların hərbi xidmətə çağırılması Azərbaycanda elmin inkişafına mənfi təsir göstərir. Ötən il aspiranturaya qəbul zamanı biz bu təsiri əyani hiss etdik. Aspirantura şöbələrinə 200-ə yaxın aspirantın qəbulunu nəzərdə tutsaq da, 46 yer boş qaldı». Bu barədə «Ekspress» yazıb.


Müsavat partiyası mayın 4-də mitinq keçirmək istəyir və hazırda bununla bağlı təşkilatda hazırlıq işləri gedir. «Yeni Müsavat» hakimiyyətin Müsavatın 4 may mitinqindən narahat olduğunu bildirir.


«2008-ci il prezident seçkilərinə 6 aydan da az vaxt qalmasına baxmayaraq müxalifət düşərgəsi hələ də qərarsızlıq içindədir». Bunun hakim partiyanın orqanı olan «Yeni Azərbaycan» yazıb. Qəzet iddia edir ki, «boykot ideyası «Azadlıq» blokunu parçalayır».


Günün bütün mövzuları

XS
SM
MD
LG