Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:02

Nəyə görə ikinci ali təhsil kimi əsasən hüquq fakültəsi seçilir?


İkinci ali təhsilə əsasən güc strukturlarında işləyən şəxslər meyl edirlər

İkinci ali təhsilə əsasən güc strukturlarında işləyən şəxslər meyl edirlər

Azərbaycan vətəndaşlarının ikinci ali təhsil almaq hüququ var. Ancaq çoxları bunun hansı yolla mümkün olduğundan xəbərsizdir. Mediada Təhsil Nazirliyi və Tələbə Qəbulu Üzrə Dövlət Komissiyalarının (TQDK) ikinci təhsillə bağlı səlahiyyətləri bölüşə bilməməsi, rüşvət faktorunun bu məsələdə önəmli rol oynaması ilə bağlı yazılar dərc edilir.


«Bizim yol» qəzetinin müxbiri Natiq Güləhmədoğlu şou-biznes nümayəndələrinin Bakı Dövlət Universitetinin (BDU) beynəlxalq hüquq fakültəsində ikinci ali təhsil alması ilə bağlı yazdığı yazının sədası hətta məhkəmə salonlarından gəldi. Buna həm Təhsil Nazirliyi, həm də TQDK-nın şou nümayəndələrinin hansı yollarla hüquq kimi fakültələrə qəbul olması səbəblərini açıqlamaması olmuşdu. Natiq Güləhmədoğlu deyir ki, araşdırmalar zamanı ilginc faktlarla qarşılaşıb.


Nazirlər Kabineti tərəfindən TQDK-nın elan etdiyi müsabiqədə nəzərdə tutulan tələbələrin sayından 3-4 dəfə çox həmin fakültələrdə təhsil alanlar var. BDU-nun hüquq fakültəsində qəbul planında əgər 20-30 yer göstərilirsə, son nəticədə bəlli olur ki, buranı 120 nəfər bitirib. BDU-nun rəsmi saytında ikinci təhsillə bağlı verilən məlumatlardan müəyyənləşdirmək olmur ki, Azərbaycan vətəndaşı hansı yolla ikinci təhsil ala bilər.


Dövlət Dillər Universitetinin rektoru Səməd Seyidov deyir ki, vətəndaşların ikinci ali təhsil almaları heç də asan məsələ deyil. Vətəndaş yalnız birinci ali təhsilinin profilinə uyğun ikinci ali təhsilə iddia edə bilər. Bu halda müsahibəni qanunla müəyyən edilmiş qaydada universitet rektorlarının xüsusi qərarı ilə yaradılan komissiyalar götürür.


İkinci təhsil Əsasnaməyə görə müsahibə əsasında həyata keçirilir. Ali təhsilli şəxslər, profillərinə uyğun, ödənişli əsaslarla ali məktəblərə daxil ola bilərlər. Veriləcək fərq imtahanlarının sayı 8-dən azdırsa, müstəsna hallarda 3-cü kursa qəbul oluna bilər.


TQDK-dan bildirirlər ki, yalnız bakalavr və magistr dərəcələri üzrə tələbə qəbulu qurumun müstəsna səlahiyyətindədir. Ümumi test imtahanından keçməyərək vətəndaşlara yalnız universitetlər ikinci ali təhsil almalarına imkan verir. Bəs belə olan halda şəffaflıq təmin olunurmu? Nəyə görə, Tibb Universitetinin məzmunu bioloq, ya da fizik olmaq istəmir? Nəyə görə ikinci təhsil kimi yalnız hüquq və beynəlxalq hüquq fakültələrinə müraciət edilir? BDU-nun hüquq fakültəsində kimlərin ikinci dəfə təhsil aldığını müəyyənləşdirəndə hər şey bəlli olur. Bu adamlar bir qayda olaraq polis rəisləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, gömrük, hərbi komissarlıq işçiləridir. Yəni güc strukturlarında işləyən və hüquq təhsili olmayan bu şəxslər ikinci ali təhsilə meyl edirlər.


Parlamentin Elm və Təhsil daimi komissiyasının üzvü Asəf Hacıyev də ikinci ali təhsil alınması ilə bağlı ciddi problemlərin olduğunu bildirir. Onun sözlərinə görə, çoxlarının yalnız hüquq və beynəlxalq hüquq üzrə ixtisaslara yiyələnmək arzusu normal görünmür.


Asəf Hacıyev düşünür ki, hətta proses ali məktəblərin səlahiyyəti daxilində olsa belə şəffaflığın təmin edilməsi üçün bütün proses avtomatlaşdırılmalıdır.


Parlament üzvü müzakirə mərhələsində olan «Təhsil haqqında» qanunun bu məsələləri nizamlayacağını da ehtimal etmir. Çünki bu, yalnız çərçivə qanunudur. Ali təhsildəki bu boşluğu aradan qaldırmaq üçün əlavə çərçivə qanuna ehtiyac olacaq.


XS
SM
MD
LG