Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:28

«Siyasi qüvvələrə bərabər şərait yaradılmalıdır»


ATƏT-in Bakı Ofisinin rəhbəri Xose Luis Herrero

ATƏT-in Bakı Ofisinin rəhbəri Xose Luis Herrero

«Prezident seçkisinin beynəlxalq standartlara cavab verməsi üçün lazım olan tədbirlərin həyata keçirilməsi hələ gec deyil». Bu fikri aprelin 30-da birgə mətbuat konfransı keçirən ATƏT-in, Avropa Komissiyasının və Avropa Şurasının Bakıdakı nümayəndələri dilə gətirdilər. Onlar həm qarşıdan gələn prezident seçkisi ilə bağlı görəcəkləri işlərə dair məlumat verdilər, həm də bir sıra tövsiyələrini açıqladılar. Avropa Komissiyasının Bakı Nümayəndəliyinin rəhbəri Alan Vaddams dedi ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra heç bir seçki tam beynəlxalq standartlara cavab verməyib. Onun sözlərinə görə, əgər Azərbaycan Avropa Birliyi ilə əməkdaşlığını gücləndirmək istəyirsə, seçkilərin demokratik keçirilməsinə diqqəti artırmalıdır. ATƏT-in Bakı Ofisinin rəhbəri Xose Luis Herrero da seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsinin vacibliyindən danışdı: «Seçkilər beynəlxalq standartlara cavab verməlidir. Bundan ötrü Avropa Şurasının, ATƏT-in imkanlarından istifadə edilməlidir».


Cənab Herrero dedi ki, seçkilərin beynəlxalq standartlara cavab verməsi üçün siyasi qüvvələrə bərabər şərait yaradılmalıdır. O, bununla bağlı həm sərbəst toplaşmaq azadlığının təmin edilməsinin, həm də seçki komissiyalarının müstəqil olmasının əhəmiyyətindən danışdı. Üstəlik, onun fikrincə, seçki günü bütün maraqlı qüvvələr səsvermənin gedişinə və səslərin sayılmasına nəzarət etməlidirlər.



«Beynəlxalq təşkilatlar həmişə seçkidən əvvəl lazımı tövsiyələr verir, seçkidən sonra prosesi obyektiv dəyərləndirirlər. Ancaq bu sözlərin arxasında ciddi iradə dayanmır»

Avropa Şurasının nümayəndəsi Denis Bribosia isə həyata keçirəcəkləri layihələrdən bəhs etdi. Onun sözlərinə görə, seçki qanunvericiliyilə bağlı islahatlar artıq başa çatmaqdadır. Bu günlər Azərbaycan parlamenti həm Seçki Məcəlləsinə, həm də «Sərbəst toplaşmaq azadlığı haqqında» qanuna edilən düzəlişlər layihəsini müzakirə edib qəbul etməlidirlər. O, belə bir ümid dilə gətirdi ki, düzəlişlər Venesiya Komissiyasının tövsiyələrinə uyğun həyata keçiriləcək və bu, seçkilərın daha demokratik keçirilməsinə imkan yaradacaq.


Bu günlər Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev də jurnalistlərə açıqlamasında seçki islahatları mövzusuna toxunmuşdu. Onun sözlərinə görə, Seçki Məcəlləsinə əsasən texniki düzəlişlər nəzərdə tutulur. Mehdiyev həmçinin demişdi ki, Azərbaycanda seçkilərin azad və ədalətli keçirilməsi üçün bütün imkanlar var.


Mətbuat konfransında jurnalistlər avropalı qonaqlardan soruşdular ki, texniki düzəlişlər seçki islahatları sayıla bilərmi?


Onlar isə belə cavab verdilər ki, seçki islahatları ilə bağlı ciddi müzakirələrdən sonra konkret hansı addımların atılmasının məsuliyyəti Azərbaycan hökumətinin üzərinə düşür.


Azərbaycan müxalifətində isə belə bir fikir var ki, beynəlxalq təşkilatlar seçkilərin demokratik keçirilməsi üçün kifayət qədər səy göstərmirlər. Müsavat Partiyasının başqanı İsa Qəmbər deyir ki, beynəlxalq təşkilatların bu istiqamətdə dəstəyi daha real olmalıdır: «Beynəlxalq təşkilatlar həmişə seçkidən əvvəl lazımı tövsiyələr verir, seçkidən sonra prosesi obyektiv dəyərləndirirlər. Ancaq bu sözlərin arxasında ciddi iradə dayanmır».


İ.Qəmbər deyir ki, Azərbaycanda demokratik islahatların məsuliyyəti daha çox cəmiyyətin və hakimiyyətin üzərinə düşür. Ancaq o, hesab edir ki, bu sahədə beynəlxalq təşkilatların da müstəsna xidmətləri ola bilər. Çünki demokratiyanın, insan hüquqlarının pozulması bir ölkənin daxili işi ola bilməz.


Günün bütün mövzuları

XS
SM
MD
LG