Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:36

«Şah xalqa məşrutəni niyə vermək istəmir?»


«Bu, Azərbaycanın 99 faiz ərazisində aksiyaların keçirilməməsi qanunudur»

«Bu, Azərbaycanın 99 faiz ərazisində aksiyaların keçirilməməsi qanunudur»

Bir neçə ildir ki, Azərbaycan müxalifəti bəzi istisnaları çıxmaqla kütləvi aksiyalar keçirə bilmir. Müşahidəçilərin fikrincə, bunun səbəbi çox sadədir. Artıq mövcud «Sərbəst toplaşmaq azadlığı haqqında» qanun işlək mexanizmini itirib. Hakimiyyət müxalifətə şəhərin mərkəzində toplaşmağa icazə vermir. Müxalifət isə şəhərdən kənarda, onun üçün əlverişsiz görünən ərazilərə getmək istəmir. «Sərbəst toplaşmaq azadlığı haqqında» qanuna edilən yeni düzəlişlər layihəsi isə bu günlər parlamentin müzakirəsinə çıxarılmalıdır. Vəziyyət dəyişə bilərmi?


Müxalifətdən olan millət vəkili Pənah Hüseyn vəziyyətin dəyişəcəyinə şübhə edir. Onun sözlərinə görə, mövcud qanunda əks edilən bəzi mürtəce məqamlar yeni düzəlişlər layihəsində də saxlanmaqdadır. P.Hüseyn deyir ki, yeni variantda da aksiyanın icra hakimiyyəti ilə razılaşdırılması məqamı qalır. Kütləvi aksiyalara yenə Bakı Şəhər İcra Hakimiyyətinin müəyyən etdiyi yerlərdə icazə veriləcək. Bu isə onun fikrincə, sərbəst toplaşmaq azadlığının hakimiyyətin iradəsinə tabe etdirilməsi deməkdir: «Bu, Azərbaycanın 99 faiz ərazisində kütləvi aksiyaların qadağan edilməsi ilə bağlı qanundur».


Hakim Yeni Azərbaycan Partiyasından olan millət vəkili Mübariz Qurbanlı isə yeni düzəlişlərdə bir sıra irəliləyişlərin olduğunu deyir. Onun sözlərinə görə, əgər mövcud qanunda hökumət orqanlarının 300 metrliyində kütləvi aksiyalara icazə verilmirdisə, indi bu məsafə 200 metrə endirilib.


M.Qurbanlı hesab edir ki, yenə kütləvi aksiyalara şəhər icra hakimiyyətinin ayırdığı ərazilərdə icazə verilməsi mürtəce hal kimi qarşılanmamalıdır: «Sərbəst toplaşmaq azadlığı o demək deyil ki, sən istədiyin vaxt, xəbərdar etmədən, icra hakimiyyətilə razılaşmadan istədiyin yerdə istədiyini edə bilərsən».


Hər halda Azərbaycanda sərbəst toplaşmaq azadlığına belə fərqli yanaşmalar göstərir ki, yaxın gələcəkdə də kütləvi aksiyalarla bağlı hakimiyyətlə müxalifət arasında mübahisələr davam edəcək.


«Sərbəst toplaşmaq azadlığı haqqında» alternativ qanun layihəsinin müəlliflərindən biri hüquqşünas Ənnağı Hacıbəyli isə hesab edir ki, məhdudiyyətlər beynəlxalq normalardan kənara çıxmamalıdır. Onun fikrincə, Azərbaycanın mövcud qanunu və ona edilən düzəlişlər isə məhdudiyyətlərlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə böyük səlahiyyətlər verir: «Mənim yadıma Sabirin «Şah xalqa məşrutəni niyə vermək istəmir?» şeiri düşür. Sadəcə hakimiyyət xalqa azadlıq vermək istəmir».


Milli Məclisdən verilən məlumata görə, «Sərbəst toplaşmaq azadlığı haqqında» qanuna edilən düzəlişlərin yaxın günlərdə müzakirəyə çıxarılacağı gözlənilir. Hər halda may ayının sonuna qədər həm bu qanuna, həm də Seçki Məcəlləsinə edilən düzəlişlər qəbul edilməlidir.


Günün bütün mövzuları

XS
SM
MD
LG