Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:41

«Azərbaycanın adı «aclıq xəritəsi»ndə»


«Artıq dünyada aclıq təhlükəsi ciddiləşir»

«Artıq dünyada aclıq təhlükəsi ciddiləşir»

«Azərbaycanda ərzaq məhsullarının sürətlə bahalaşması ölkədə aclıq təhlükəsi yarada bilər». «Yeni Müsavat» qəzeti yazır ki, Dünya Bankının bu günlərdə açıqlanmış hesabatında belə deyilir. Sənədə görə, bütün dünyanı əhatə edən ərzaq mallarının bahalaşması prosesindən ən çox elə ölkələr ziyan çəkəcək ki, həmin ölkələrdə bahalaşma nəticəsində ticarət balansı Ümumi Daxili Məhsulun ən azı 1 faizi həcmində azalsın.


Dünya Bankının «Aclıq xəritəsi»ndə Azərbaycan qiymət artımından ən çox zərbə alacaq ölkələrin sırasında göstərilir: «Çünki ölkədə ərzaq mallarının bahalaşması daha sürətlə gedir. Ermənistan da belə ölkələr arasındadır. Dünya Bankı xəbərdarlıq edir ki, Azərbaycanla yanaşı Ermənistan, Gürcüstan, Monqolustan, Banqladeş və bir sıra Yaxın Şərq ölkələri aclıqdan daha çox əziyyət çəkəcək. BMT ekspertləri qeyd edirlər ki, artıq dünyada aclıq təhlükəsi ciddiləşir və bunun qarşısını almaq üçün hələlik tədbirlər görmək mümkün deyil».


«Azadlıq» qəzeti yazır ki, qəzetlərin səyyar satışına qadağa qoyulub. Baş verənlərlə bağlı Səbail Rayon Polis İdarəsinin rəis müavini Kamal Vəlişov bildirib ki, Bakı meri Hacıbala Abutalıbovun göstərişilə paytaxtın bütün rayonlarında küçə ticarətinə qadağa qoyulub. Rəis müavini qadağanın şəhərdəki hər hansı tədbirlə əlaqədar deyil, küçə ticarətinin yığışdırılması ilə bağlı olduğunu bildirib: «Kütləvi informasiya vasitələrinin satışı köşklərdə, digər küçə ticarəti isə mağazalarda aparılmalıdır».


«Azadlıq» yazır ki, səyyar satışda ən çox müstəqil qəzetlər alınır: «Bu da müstəqil mətbuatın fəaliyyətinə stimul verir. Bütün vasitələrdən yararlanaraq azad mətbuatı susdura bilməyən Azərbaycan hakimiyyəti nəhayət ki, bu yolla müstəqil mətbuatı məhv etməyə qərar verib».


«Alma» qəzeti yazır ki, Bakının mərkəzindəki Tolstoy 191 ünvanında yerləşən parkda Azərbaycanın tanınmış klassik şairi İmadəddin Nəsiminin heykəli götürülüb: «Parkı sökən fəhlələr heykəlin iki gün əvvəl götürüldüyünü bildirsələr də, hansı məqsədlə götürüldüyünü deməyiblər. Yenidənqurma işlərinin sifarişçisi «Aydın MTK» şirkətidir. Şirkətin sədri Məmməd Məmmədov bildirib ki, həmin ərazidə prezident İlham Əliyevin sərəncamı ilə yeni 300 maşınlıq 3 mərtəbəli yeraltı qaraj tikiləcək. Park isə qarajın üzərində yenidən salınacaq və şairin heykəli bərpa olunmuş vəziyyətdə yenidən qoyulacaq. M.Məmmədov qeyd edib ki, tikinti 18 ay müddətinə başa çatdırılacaq».


«Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsinin ucaldılması planı artıq həyata keçirilir və düşünürəm ki, onun xatirəsinin əbədiləşdirilməsi Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinin mühüm bir təzahürü olacaq». «Azərbaycan» qəzetinin yazdığına görə, bunu Rusiyanın Ulyanovsk vilayətinin qubernatoru Sergey Morozov bildirib. O, qeyd edib ki, abidənin müəllifi tanınmış heykəltəraş Sergey Bobrakovdur: «O, Yuri Qaqarinin Moskvadakı abidəsinin də müəlliflərindən biridir. Abidə üzərində iş may ayında başa çatacaq. Hündürlüyü təxminən 5 metr olacaq abidənin açılış mərasimi 2008-ci ilin yayında Azərbaycan nümayəndə heyətinin iştirakı ilə keçiriləcək».


XS
SM
MD
LG