Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:44

«Xəzər kürüsünün qiyməti kəskin artacaq»


«Qara kürü çox bahadır. Neçə illərdir dilimizə dəymir»

«Qara kürü çox bahadır. Neçə illərdir dilimizə dəymir»

Rusiya Xəzərin özünə aid hissəsində nərə balığının ovuna 5 illik qadağa qoyub. Moskva bu addımını son illər nərə cinsli balıqların sayının kəskin şəkildə azalması ilə bağlayır. Ekspertlər hesab edirlər ki, bu, dünya bazarında Xəzər kürüsünün qiymətini kəskin artıracaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən xəbərə görə, nazirliyin əməkdaşları nərə cinsli balıqların mühafizəsi ilə bağlı Xəzəryanı dövlətlərin Rusiyada keçirilən toplantısında iştirak edirlər. Aprelin 29-da başa çatacaq toplantıda iştirakçı dövlətlər Xəzərin bioresursları ilə yaxın gələcək üçün strategiyalarını müəyyən edəcəklər.


BMT-nin Tükənmək təhlükəsi qarşısında olan vəhşi flora və fauna növlərinin beynəlxalq ticarəti üzrə Konvensiyası - CİTES Azərbaycan qara kürüsünün ixracı üçün 6 ton, 660 kq illik kvota qoyub. Ölkədə istehsal olunan qara kürünün böyük hissəsi xarici bazarlara yönəldilir.


Həkimlər normal qidalanmaq üçün insanın ildə 19 kq-a yaxın balıq əti, o cümlədən 200 qrama qədər qara kürü yeməli olduğunu bildirir. Xəzərin sahilində yerləşən Azərbaycanın vətəndaşları isə deyir ki, qida rasionlarına ara-sıra balıq əti daxil etsələr də, qara kürü baha olduğundan onu ala bilmirlər:


- Qara kürü çox bahadır. Neçə illərdir dilimizə dəymir.


- Qabaqlar alırdıq. İndi ara-sıra toylarda görürəm.


- Qara kürünü hardan tapaq? O qədər bahadır ki, qiymətlərə yaxın durmaq olmur.


- Kimdi xalqa qara kürü satan? Qara kürü yaxşı pula xaricə satılır.


Uzun illər Bankə qəsəbəsində yerləşən balıqartırma zavodunda çalışan Nizami Kərimlinin sözlərinə görə, 30 il bundan əvvəl dünyada istehsal olunan qara kürünün 90 faizini Xəzər dənizi verib. Qalan 10 faizi isə Aral və Azov dənizlərinin payına düşüb. Ekoloji tarazlıq pozulduğuna görə, Xəzərdə nərə cinsli balıqların sayı xeyli azalıb.


İndi yalnız Xəzərin İran hissəsində sular təmiz qalıb. Orada iri sənaye obyektləri yoxdur. Nərə balığı isə təmiz suyu sevir. Ona görə də Xəzərin əsas nərə balığı ehtiyatı İran tərəfə toplaşıb.


Ekspert bildirir ki, əgər Xəzərətrafı ölkələr nərə cinsli balıqların qorunması və sayının artırılması üçün ciddi tədbirlər görməsə, yaxın 10 ildə nərə balığı tükənə bilər. Nizami Kərimlinin sözlərinə görə, Xəzərin ekoloji mühitinin yaxşılaşdırılması üçün ilk sırada dənizin neftlə çirklənmiş əraziləri təmizlənməli, sahil zolağında məişət sularının təmizlənmədən Xəzərə axıdılmasının qarşısı alınmalıdır.


XS
SM
MD
LG