Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:58

Bakının mərkəzində tövlələr…


Qaçqınlar mal-qaranı elə yataqxana həyətinin ortasına yığırdılar
Qaçqınlar mal-qaranı elə yataqxana həyətinin ortasına yığırdılar

Aprelin 23-də Bakının Yasamal rayonu ərazisində yerləşən Rabitə Kollecinin tələbə yataqxanasının həyətində qələbəlik idi. Bir neçə buldozer və yük maşınının gurultusuna mübahisə edən ərazi sakinləri, polis və məmurların da səsi qarışmışdı.


Mübahisə ərazidə yerləşən yolkənarı köşklər və yataqxananın həyətindəki tövlə və digər kiçik tikintilərin sökülməsi üstündə idi. Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri deyirlər ki, bu tikililərdə anti-sanitariya şəratində ət kəsilib, satılır, şəhərin mərkəzində mal-qara saxlanılır.


Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev deyir ki, bu köşkləri sökməmək mümkün deyil. Çünki pis qoxudan ərazidən keçmək mümkün deyil, gigiyenik normalara əməl olunmur: «Heç bir həkim nəzarəti olmadan heyvan kəsilir, yaxınlıqdakı iaşə xidmətlərinə və əhaliyə satılır. Qaçqın olanda nə olar ki! Qaçqın o demək deyil ki, heç bur qayda-qanuna tabe olmasın, istədiyi hərəkəti etsin».


Söküntüdən xəbər tutan sakinlərsə qıfıllanmış tövlələrinin qapılarını açaraq içəridəki qoyun və inəkləri buldozerin çalovundan xilas etməyə çalışırdılar. Onlar mal-qaranı yerləşdirməyə başqa yer tapa bilmədiklərindən elə yataqxana həyətinin ortasına yığırdılar.


Sakinlərin sözlərinə görə, mal-qara saxlamaq onların yeganə qazanc mənbəyidir: «Dolanışıq uzündən hərə bir köşk qoyub, balasını acından öldürəcək deyil ki! Belə də zülm olar!»


Lakin Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev deyir ki, onlar sakinlərə alış-veriş üçün başqa yer təklif edirlər: «Biz onlar üçün Yasamal rayonunda yer ayırmışıq, yaxınlıqda yarmarkamız da var».


Sakinlər arasında köşklərin sökülməsindən razı qalanlar da vardı: «Milçəkdən «balkon»da otura bilmirik, peyin iyi veririk».


Vəkil Muxtar Mustafayev isə bildirir ki, hər hansı tikilinin sökülməsi dövlət və ictimai ehtiyacı üçün məqbul hesab oluna bilər. Dövlət ehtiyacı anlayışına təhsil müəssisəsi, hərbi obyekt tikilişi və yol çəkilişi aiddir. Bu halda dövlət müəyyən bir qiymət müəyyənləşdirir və həmin ərazidə yaşayan şəxslər artıq oradan çıxmalıdır: «Amma hansı qaydada, hansı kompensasiya verməklə? Məhkəmələrdə bununla bağlı mübahisələrə baxılır. Vətəndaşların xeyrinə də, əleyhinə də çıxarılmış qərarlar var. Bu mexanizmi dəqiqləşdirmək lazım idi ki, məmur özbaşınalığı maksimum azaldılsın».


Vəkilin sözlərinə görə, bu məsələdə bəzi problemlər yarana, hətta mübahisələr Avropa Məhkəməsinə qədər gedib çıxa bilər.






















AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG