Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:01

Qarayaxma kampaniyasına start verildi


AXCP sədrinin müavini Nurəddin Məmmədli

AXCP sədrinin müavini Nurəddin Məmmədli

Azərbaycanda prezident seçkisinə hələ altı ay qalsa da, qarayaxma kampaniyasına start verilib. Hər halda hakimiyyətə yaxınlığı ilə seçilən «Lider» telekanalında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimliyə qarşı çəkilmiş filmin nümayişindən sonra bəziləri belə düşünməyə başlayıb. Bu kampaniyada hədəf kimi Kərimlinin seçilməsi isə bir çoxları üçün heç də təsadüf sayılmır. Baxmayaraq ki, Əli Kərimli hələ prezident seçkisində iştirak etmək niyyətində deyil.

AXCP sədrinin müavini Nurəddin Məmmədli deyir ki, müxalifətin böyük bir kəsimi hakimiyyətin seçki oyunlarında könüllü şəkildə iştirak edir. Onlar isə bildiriblər ki, əgər azad və ədalətli seçkilər üçün şərait yaradılmasa, boykot qərarından geri çəkilməyəcəklər. Məmmədlinin sözlərinə görə, bu qarayaxmada məqsəd Azərbaycanda gerçək müxalifəti ləkələyib gözdən salmaqdır: «Başqa bir aspekt isə ondan ibarətdir ki, ictimaiyyətin diqqəti ölkənin düşdüyü əsl faciədən yayındırılır. Rüşvətxorluq, korrupsiya, neft pullarının talan edilməsi baş alıb gedir».


Nurəddin Məmmədli hesab edir ki, hakimiyyət bu qarayaxma ilə öz istəyinə nail ola bilməyəcək. Əksinə, onun fikrincə, siyasi rəqiblərin Azərbaycan xalqının əxlaqının yol vermədiyi üsullarla vurulması hakimiyyətin özünü gözdən salacaq.


«Turan» İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevə görə isə həmin verilişə təkcə Əli Kərimliyə böhtan atılması kimi baxmaq düzgün deyil. Baxmayaraq ki, o da hesab edir ki, boykot qərarı hakimiyyəti qəzəbləndirib: «Bu çirkin təbliğatda məqsəd Azərbaycan tamaşaçısının evinə soxulmaq, oranı təcavüz etməkdir. Bunun qarşısı alınmalıdır».


«Lider» telekanalı isə həmin verilişlə bağlı səslənən fikirlərə münasibət bildirmir. Bu kanaldan bizə bildirdilər ki, onların mövqeyi elə həmin verilişlə də ortalığa qoyulub.


«Azərbaycan» qəzetinin baş redaktoru, Mətbuat Şurasının üzvü Bəxtiyar Sadıqov isə hesab edir ki, qarayaxma ilə daha çox müxalifət mətbuatı məşğuldur. Sadıqov həmin verilişin Əli Kərimlini nüfuzdan salmağa yönəldiyi ilə bağlı fikirlərlə də razılaşmır: «Əli Kərimlinin onsuz da böyük nüfuzu yoxdur. O, bu seçkilərdə hakimiyyətə rəqib ola bilməz».


Ancaq məsələ heç də kimin bu seçkilərdə hakimiyyətə ciddi rəqib olub-olmamasında deyil. «Ayna» qəzetinin şərhçisi Azər Rəşidoğlu deyir ki, onsuz da Azərbaycanda demokratik mühit olmadığından hansısa müxalifətçinin rəqibliyindən danışmaq yanlışlıq olardı. O, hesab edir ki, söhbət ciddi rəqiblərin yox, ümumilikdə müxalifətçiliyin aradan qaldırılmasından gedir. Onun fikrincə, seçkiyə 6 ay qalmış qarayaxmaya start verilməsi də çox ciddi təhlükələrdən xəbər verir. Rəşidoğlunun fikrincə, bu, o deməkdir ki, yenə seçkilərin açar-kilidi hakimiyyətdəki Rusiyapərəst qüvvələrin əlində olacaq. Üstəlik, Ermənistanda baş verən hadisələr Azərbaycan hakimiyyətini daha risqsiz planlar düşünməyə sövq edib. Bütün bunlar isə nəinki demokratik seçkilərin keçirilmə imkanlarını, üstəlik, ölkənin Qərbə inteqrasiya prosesini də kölgə altına salır.


Günün bütün mövzuları

XS
SM
MD
LG