Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:56

«Prezidentdən fövqəladə addım»


İlham Əliyev Dövlət Taxıl Fondunu Fövqəladə Hallar Nazirliyinə verdi

İlham Əliyev Dövlət Taxıl Fondunu Fövqəladə Hallar Nazirliyinə verdi

«Yeni Müsavat» yazır ki, aprelin 22-də dövlət başçısı fövqəladə sayıla biləcək və ciddi müzakirələrə səbəb olacaq bir addım atdı. Cənab Əliyev bir fərman imzaladı və Dövlət Taxıl Fondunu Fövqəladə Hallar Nazirliyinə verdi. Bununla da taxıl və un üzrə dövlət ehtiyatlarını tənzimləmək səlahiyyəti Kənd Təsərrüfatı Nazirliyindən alınaraq, Fövqəladə Hallar Nazirliyinə həvalə olundu.


Qəzet iddia edir ki, belə bir fərman ölkədə taxıl və un ehtiyatları ilə bağlı vəziyyətin bərbad olmasının rəsmən etirafıdır.


Millət vəkili Pənah Hüseyn şəhər icra hakimiyyətinin, başqa qurumların, tikinti, kənd təsərrüfatı sektorlarının, yanğınsöndürmənin, zibil daşımanın və sair və ilaxır sahələrin Fövqəladə Hallar nazirinin təbeçiliyinə verilməsini anormal hal sayır: «Əgər belə qoçaq, qabiliyyətli hesab edirlərsə, Kəmaləddin Heydərovu Baş nazir təyin etsinlər, məsələ bitsin...»


«Yeni Müsavat» yazır ki, rəyini soruşduğumuz bir siyasətçi isə maraqlı bir fikir söylədi: «Təklif edərdim ki, ölkəni Heydərova icarəyə versinlər. Onsuz da proses buna doğru gedir...»


«Gün səhər» yazır ki, «Qaçqınkom»da döyülən qadın ölüb. Qəzetin redaksiyasına daxil olan məlumata görə, aprelin 2-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində fiziki təzyiqlərə məruz qalan və uzun müddət xəstəxanada yatan Ağdam köçkünü Rəfiqə Əliyeva aprelin 22-də vəfat edib. Mərhumun yaxınlarından birinin verdiyi məlumata görə, 63 yaşlı ağbirçək polis çavuşu Məmmədəli Həsənovun fiziki təzyiqlərinə məruz qalıb: «Qadın bu dövlət idarəsinə şikayətə gəlibmiş. Polis çavuşu isə onun qarşısını kəsərək qadının rəhbərliyi narahat etməməsinə çalışırmış. Xəstəxanada yatdığı vaxt başına gələnlərə bağlı əməkdaşımıza məlumat verən Rəfiqə xanım deyib ki, polis məni təpiklə vurdu, yerə yıxıldım, güllələyəcəyi ilə hədələdi».


Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov «525-ci qəzet»ə deyib ki, «bu gün gündəlikdə Konstitusiyaya dəyişiklik etmək məsələsi dayanmır». Həsənov Konstitusiyada prezidentin iki dəfədən artıq seçilməsinə məhdudiyyət qoyan normanın çıxarılması ilə bağlı təklifləri şərh edərkən belə deyib. Onun sözlərinə görə, bu yöndə təkliflərin səsləndirilməsi başadüşülən və anlaşılandır: «İnsanlar öz istək və arzularını bildirməkdə sərbəstdirlər. Hər bir insan da bu və digər proseslərlə bağlı istənilən arzularını bildirə bilər. Biz də həmin insanların bu istək və arzularına daim hörmətlə yanaşırıq. Amma bu gün Azərbaycan dövlətinin gündəliyində Konstitusiyaya hər hansı bir dəyişiklik etmək məsələsi yoxdur. O cümlədən Azərbaycan dövlətinin, hakimiyyətin gündəliyində prezidentlik müddətinin 5 ildən 7 ilə qədər qaldırılması məsələsi və yaxud bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qadağa qoyan müddəanın Konstitusiyadan çıxarılması məsələsi durmur».


Bəs gələcəkdə necə, bu təkliflərdən hər hansı biri geniş müzakirə mövzusu ola və reallaşa bilərmi? Ə.Həsənov bunu istisna edib: «Xeyr, bunu düşünmürəm. Azərbaycan demokratik dövlətdir və bu gün Azərbaycan xalqının rəyi ilə qəbul olunmuş ölkə Konstitusiyasında da belə bir norma, müddəa yoxdur. Bu baxımdan, biz də belə bir norma, müddəa qəbul etməyə hazırlaşmırıq».


«Exspress» qəzeti yazır ki, Müsavat mitinq sükutunu pozmaq istəyir. Sözügedən partiyanın Mitinq Komitəsinin sədri Arif Hacılı qəzetə deyib ki, aksiyanın keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediblər və meriyanın mitinqə müsbət cavab verəcəyinə ümidlidirlər.


XS
SM
MD
LG