Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:27

Mənzil qovğası…


65 kvadratlıq mənzil almaq istəyən şəxs hər ay 400 manat pul ödəməlidir

65 kvadratlıq mənzil almaq istəyən şəxs hər ay 400 manat pul ödəməlidir

Son vaxtlar tikinti şirkətləri arasında uzun müddətə, bir sıra şərtlərlə mənzil satmaq istəyənlərin sayı artır. İndi hətta ilkin vəsait ödəmədən də mənzil sahibi olmaq mümkündür. Şirkətlər mənzilləri 15-25 il ərzində hər ay müəyyən məbləğ ödəməklə təklif edir. Bəzən heç bünövrəsi qazılmayan binaların mənzilləri də bu şərtlə satışa çıxarılır və ilk baxışdan əlverişli görünən təklif bazarda özünə alıcı tapır. Bəs bu qədər uzun müddətdə inflyasiya baş verərsə, bunun riski kimin üzərində qalacaq? Şirkət müştərinin hansı hüquqlarını tanıyır?

Əmlak bazarında ən uzun müddətə, 25 illik ödənişlə mənzil təklif edən «Akkord» şirkətlər qrupundan məsələn, 65 kvadratlıq mənzil almaq istəyən şəxs hər ay 400 manat pul ödəməlidir. Deməli, alıcı 25 il ərzində bu mənzil üçün təxminən 150 min manat ödəməli olacaq. Şirkətin standart müqaviləsində bəzi məqamlar diqqət çəkir:




- Satılmış mənzilin qiymətinin alıcı tərəfindən hər ay üçün manatın indeksasiyası nəzərə alınmaqla ödənilməsini alıcıdan tələb etmək;


- Alıcı tərəfindən müqavilənin icrasından imtina edilməsi hallarında ilkin ödəniş istisna olmaqla, ödənilmiş qalan məbləğ yalnız mənzil satıldıqdan sonra alıcıya qaytarılır. Bu zaman satıcı alıcıya çatası həmin məbləğin 10 (on) faizini mənzilin satılması ilə əlaqədar çəkilən xərclərin əvəzi kimi tutur.


«Akkord» şirkətlər qrupunun Mətbuat Xidmətinin rəhbəri Afaq Quliyevanın sözlərinə görə, bu şərtlər heç də alıcının ziyanına deyil. Müştəri iki il əvvəl mənzil üçün hansı qiymətə sövdələşibsə, ona təqdim olunan cədvəl üzrə də məbləği ödəyir. Mənzilin geri qaytarılması zamanı ödənilmiş pulun qaytarılmasına gəlincə, Quliyeva deyir ki, bəzən alıcılar öz gəlirlərini düzgün hesablamır və ortaya problem çıxır: «Məsuliyyətli olsunlar ki, mənzil alırlar, imkanlarına uyğun davransınlar».


Bəs alıcılarla fərdi şərtlərlə müqavilə bağlana bilərmi? Afaq Quliyeva indiyədək şirkətin hazırladığı standart müqavilədən istifadə olunduğunu, belə müraciətlər olarsa, baxıla biləcəyini söyləyir.


Bəzi mütəxəssislər isə bildirirlər ki, uzunmüddətli kreditlə satılan mənzillər üçün bağlanan müqavilələr daha çox şirkətlərin marağını əks etdirir. Belə ki, müqavilələrdə binanın təhvil veriləcəyi il göstərilmir. Eyni zamanda, nəzərdə tutulur ki, əgər bu müddətdə tikinti materiallarının qiyməti kəskin qalxarsa, onda mənzil bazara uyğun qiymətləndiriləcək. Mənzildə yaşaya-yaşaya müştərinin krediti ödəmə qabiliyyəti azalarsa, onda şirkət onun ödədiyi məbləği alıcıya qaytarmaq öhdəliyi daşımır, bu müddətdə ödənilən məbləği kirayə haqqı kimi dəyərləndirir. Amma ödənişin bir-iki il ərzində aparılmasını tələb edən bəzi şirkətlər inflyasiya riskini öz üzərilərinə götürür. Tikinti şirkətlərindən birinin satış üzrə meneceri Nail Qurbanov deyir k, onlarda mənzilin bir kvadratmetri 800 manatdır. İki il müddətinə müştəri ödənişi bu məbləğlə aparır. Əgər materiallar kəskin qalxsa, bunun riskini şirkət daşıyır.


Azərbaycanda elə hallara da rast gəlinir ki, satışa çıxarılan binanın bünövrəsi iki-üç il keçsə də, qoyulmur. «Kitab klubu»nun əməkdaşı Rafiq Məmmədli deyir ki, onlar Bakının mərkəzində yerləşən ofisə köçdükləri üç il ərzində bir çox adam onlara yaxınlaşıb deyib ki, bu ərazidə bina tikiləcək və artıq bu mənzildə ev də alıblar: «Kimisi üç il əvvəl mənzilin pulunun yarısını verib, amma hələ də səs-soraq yoxdur ki, bu bina nə vaxt tikiləcək. Camaat çox narahatdır. Pullarını da geri istəyə bilmirlər ki, artıq dəyərdən düşüb».


Bəzi mütəxəssislər isə deyirlər ki, hər bir hal şirkətlə müştəri arasında bağlanan müqavilədən asılıdır. Gərək müştəri müqavilə bağlayarkən, özünün və şirkətin öhdəliyini, hüquqlarını, məsuliyyətini hərtərəfli qiymətləndirə bilsin. İlk baxışdan cəlbedici şərt müştərinin diqqətini müqavilənin şirkətin mənfəətini güdən şərtlərdən yayındırarsa, sonra məhkəmə yoluyla da mübahisəni həll edə bilməz.


Günün bütün mövzuları

XS
SM
MD
LG