Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:25

Atalar üçdən deyib?


Prezidentlik müddətinin uzadılması təklifləri yenidən aktuallaşır

Prezidentlik müddətinin uzadılması təklifləri yenidən aktuallaşır

Azərbaycanda prezidentlik müddətinin uzadılması ilə bağlı təklif və mülahizələr yenidən eşidilməyə başlayıb. Parlamentə müraciət edən bir qrup şəxs ölkə Konstitusiyasında iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılmasını təklif edib.

Hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Səyavuş Novruzov mətbuata açıqlamalarında bildirib ki, əgər həmin təklif parlamentin müzakirəsinə çıxarılarsa, onlar bunu müdafiə edəcəklər. Bir müddət öncə də hakimiyyətə yaxınlığı ilə seçilən «Ana Vətən» Partiyasının sədri Fəzail Ağamalı oxşar təkliflə çıxış etmişdi. Ağamalı deyir ki, Azərbaycanın inkişafı Heydər Əliyev kursunun davamını tələb edir. Onun sözlərinə görə, bu kursun ən parlaq davamçısı prezident İlham Əliyevdir. İlham Əliyevin isə artıq 1-ci prezidentlik müddəti başa çatır. Fəzail Ağamalı deyir ki, İlham Əliyevin bu il prezident seçilmək imkanı olsa da, 5 il sonra bu olmayacaq: «Belə çıxır ki, İlham Əliyev 52 yaşından sonra prezident ola bilməz. Bu, onun ən məhsuldar dövrü olacaq. Digər tərəfdən, hakimiyyətdə və yaxud da müxalifətdə həmin kursu layiqincə davam etdirməyi bacaran başqa sima varmı? Mən deyirəm yoxdur».

Fəzail Ağamalı belə bir təşəbbüsün reallaşmasında demokratiyaya zidd heç nə görmür. Onun fikrincə, hər şey məhz xalqın iradəsindən asılı olacaq. Ancaq müxalif düşərgədə bu təşəbbüs çox sərt şəkildə tənqid edilir. Müsavat Partiyasının başqanı İsa Qəmbər deyir ki, bu təklif Azərbaycanı orta əsrlər ənənəsinə qaytarmaq olardı. Onun sözlərinə görə, bir müddət əvvəl Türkmənistanda da ömürlük prezidentlik məsələsi həll edilmişdi. Ancaq onun fikrincə, indi hətta Türkmənistanın özündə belə, həmin məsələnin ziyanlarını aradan qaldırmağa çalışırlar: «Ölkəni məhdud düşüncəli insanlar idarə edirsə, hər bir təhlükəyə ciddi yanaşmaq lazımdır. Ancaq məsələ ondadır ki, bu cür cəhdlərin axırı yoxdur. Lap bir adam 8 dəfə prezident seçilsin, lap monarxiya sistemini tətbiq etsinlər. Ölkənin problemi ki belə həll edilməyəcək».
İndi bu məsələ ətrafında bəzilərini bir sual düşündürür; bu təklif aşağıların təşəbbüsüdür, yoxsa yuxarıların sifarişi? «Zerkalo» qəzetinin şərhçisi Azər Rəşidoğlu hesab edir ki, bu təklifə həm aşağılarda siyasi umacağı olan bəzi şəxslərin təşəbbüsü, həm də yuxarıların niyyəti kimi baxmaq lazımdır. Ancaq onun fikrincə, bu il prezident seçkisi başa çatana qədər bu təşəbbüsün reallaşması istiqamətində əməli addımlar atılmayacaq.

Rəşidoğlu deyir ki, hakimiyyət yalnız növbəti prezident seçkisində qələbəsini təmin etdikdən sonra öz ömrünü uzatmaq haqda real şəkildə yollar düşünməyə başlayacaq. Ancaq bəri başdan o, Azərbaycanda Rusiya modelinin gerçəkləşə biləcəyini istisna edir. Üstəlik, İlham Əliyevin ömürlük prezident elan ediləcəyinə də şübhə ilə yanaşır: «Buna Qərb dairələri etirazlar edəcək. Odur ki, variantlar düşünülür. Ola bilər prezidentlik müddəti uzadılsın. Ola bilsin, İlham Əliyev 3-cü dəfə də prezident seçilsin. Hadisələrin bundan sonrakı gedişini Azərbaycan kimi ölkələrdə proqnozlaşdırmaq çətindir».

Azər Rəşidoğlu deyir ki, hakimiyyətin ömrünün uzadılması üçün bir neçə amil şərtdir. Birinci mərhələ kimi növbəti prezident seçkisində mütləq demokratik qüvvələr tam sıradan çıxarılmalıdır. Onun fikrincə, ikinci mərhələ kimi isə 2010-cu il parlament seçkisində oliqarxların savaşı kəskinləşdirilməli və bu prosesin nəzarətdən çıxmasına imkan verilməməlidir. Daha sonra isə ortalığa idarə edilən siyasiləşmiş islam təhlükəsi atıla bilər. Rəşidoğlu hesab edir ki, belə planların uğurla başa çatması cəmiyyətin və Qərb dairələrinin reaksiyasından çox asılıdır. İndilikdə isə bunun necə olacağını dəqiq demək çox çətindir.

Günün bütün mövzuları

XS
SM
MD
LG