Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:14

Bu da dövlət dəstəyi…


«Hələlik bilinmir bu şura nə ilə məşğul olacaq»

«Hələlik bilinmir bu şura nə ilə məşğul olacaq»

Uzun müddət idi ki, ictimai təşkilatlar hökumətin onlara dəstəyi olmamasından gileylənirdilər. Hökumət isə QHT-ləri xarici mənbələrdən pul alıb onlara xidmət etməkdə ittiham edirdi. İndi hökumət Prezident yanından QHT-lərə dəstək Şurası yaradıb ictimai təşkilatlara dəstək vermək niyyətində olduğunu bəyan edir. Bu dəfə isə polemikaya səbəb dəstəyi kimin alacağı və bu dəstəyin əvəzində hökumətin nə istəyəcəyi ilə bağlıdır.

Artıq prezident aprelin 17-də QHT Şurası üzvlərinin tərkibini təsdiqləyib. Şuranın 11 nəfər üzvündən 3-ü hökumət təşkilatlarının nümayəndələridir. 8-i isə müxtəlif QHT qruplarının verdiyi namizədlər arasından seçilib.


Adı həmin siyahıda olmayan Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı hesab edir ki, burada QHT-lərin problemləri həll olunmayacaq. Hələlik bilinmir bu şura nə ilə məşğul olacaq. Yəqin ki, ilkin vaxtda Şura QHT-lərə ayrılan maliyyənin bölüşdürülməsilə məşğul olacaq. Və təbii ki, hökumət bundan istifadə etməyə çalışacaq:


«Neft gəlirlərinin xərclənməsi, şəffaflıq, korrupsiya, insan hüquqları və sairə ilə bağlı məsələlərdə QHT Şurası beynəlxalq təşkilatlara düz məlumat verməz, onlar da bunu obyektiv sayarlar. Və yaxud Şura deyə bilər ki, ölkədə siyasi məhbus problemi yoxdur. Bax bu sahələrdə problem yarada bilər».


Mirvari Qəhrəmanlı hesab edir ki, QHT Şurasının yarada biləcəyi ən ciddi problem isə seçki məsələsində ola bilər. Bu il ölkədə prezident seçkiləridir. Müstəqil QHT-lər hətta rayon televiziyalarına da çıxa bilmirlər. QHT Şurası isə bu imkanından başqa cür istifadə edə bilər.


«Həmin bu QHT Şurası deyə bilər ki, seçkilər demokratik keçdi. Ölkədə korrupsiya yoxdu. Məni bu qorxudur»-, deyə Mirvari Qəhrəmanlı bildirib.


Bəzi mütəxəssislər hesab edir ki, Şuraya üzv olan və dövlətdən maliyyə alacaq QHT-lərin necə fəaliyyət göstərməsi onların özlərindən asılı olacaq. Əgər QHT həqiqətən də müstəqil yaranıbsa, hər hansı siyasi partiyanın nəzarətində deyilsə o heç vaxt təsirə düşməyəcək.


Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım təşkilatın rəhbəri, Prezident yanında QHT Şurasının üzvlərindən biri olan Eldar İsmayılovun sözlərinə görə isə subyektiv faktorlar hazırda cəmiyyətdə o qədər rol oynayır ki, əvvəlcədən bir söz demək çətindir. Ancaq Azərbaycanın vətəndaş cəmiyyəti sektorunda pərakəndəlik, müyyən problemlər var. Onların aradan qaldırılması üçün belə ümumi bir qurumun yaranmasına ehtiyac var idi. Onun fikrincə, bu müsbət nəticələrə gətirib çıxaracaq: «Şura QHT-lərin fəaliyyətini təkmilləşdirəcək və buna çox böyük fayda verəcək».


Eldar İsmayılov deyir ki, onlar bu qurumun fəaliyyətinə dəstək verməyə hazırdırlar. Ancaq bu qurum bütün QHT-lərin ümidini doğrulda biləcəkmi, bunu zaman göstərəcək.


Hazırda Azərbaycanda fəaliyyət göstərən QHT-lərin bir çoxunun hakimiyyət tərəfindən yarandığını iddia edənlər də var. Ancaq müstəqil yaranıb sonradan iqtidarın siyasətini dəstəkləyərək bundan müəyyən dividentlər qazanmağa çalışan QHT-lərin olduğu da inkar edilmir.


Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Leyla Əliyeva isə deyir ki, QHT-lərin dövlətdən maliyyə dəstəyi alması təcrübəsi dünyada mövcuddur və bu çox yaxşı haldı. «Azərbaycanın böyük neft pulları var. Yaxşı olar ki, bu pullar təkcə hakimiyyət strukturlarının möhkəmlənməsinə yox, həm də cəmiyyətin möhkəmlənməsinə yönəlsin. Bu baxımdan QHT-lərə dövlətin maliyyə dəstəyi çox yaxşı fikirdir». Ancaq problem ondadır ki, inkişaf etmiş demokratik institutları olmayan neft ölkələrində neft pulları müxtəlif təşkilatlara siyasi loyallıq əvəzinə verilir. Bir neçə ildir ki, bu Azərbaycanda da belədir.


Əgər QHT alacağı maliyyənin hesabına hökumətə loyallıq nümayiş etdirəcəksə, bu qurumun yaradılmasına dəyməz. Çünki maliyyəni itirməmək istəyi həm də QHT-nin özünü senzurasına gətirib çıxaracaq. Yəni təşkilat hər hansı məsələyə münasibət bildirərkən hakimiyyətin maraqlarını nəzərə almalı olacaq. Leyla Əliyevanın fikrincə, belə bir təhlükə mövcuddur:


«Əgər Azərbaycanda normal parlament, müstəqil məhkəmə olsaydı, yəni cəmiyyət dövlətdən daha güclü olsaydı, onda bu təhlükə özünü az büruzə verərdi. Amma Azərbaycanda bu təhlükə yüksəkdir».


Mütəxəssislər əsasən bu fikirdə eyni qənaətdədirlər ki, formasından asılı olmayaraq dövlətin ictimai təşkilatlara dəstəyi yaxşı haldır. Amma bu dəstəyin həm də QHT-lərin fəaliyyətini hakim komandanın iradəsi altına salmasından ehtiyatlananlar da kifayət qədər çoxdur. Xüsusilə də seçki və başqa iri siyasi kampaniyalar zamanı hökumətin bu Şuradan öz siyasi məqsədləri üçün istifadə etməsinin qarşısını ala biləcək mexanizm hələlik yoxdur. İndi QHT Şurası özünün ofisini tapmaq, daxili sənədlərini hazırlamaqla məşğuldur. 2008-ci ilin büdcəsində QHT-lərin dəstəklənməsi üçün bir milyon yarın manat pul ayrılıb. Yəqin ki, yaxın vaxtlardan ölkədəki 2500-dən çox QHT öz layihələri Şuranın qapısını döyüb bu vəsaitlərdən ona da ayrılmasını istəyəcək. Daha ciddi ictimai polemikalar isə görünür məhz həmin vəsaitlərin ayrılması zamanı ortaya çıxacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG