Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:21

Son 2-3 gündə unun qiyməti artıb


Topdan satış məntəqələrində deyirlər ki, unun qiymət qalxsa da alıcıların sayı azalmayıb

Topdan satış məntəqələrində deyirlər ki, unun qiymət qalxsa da alıcıların sayı azalmayıb

Əgər ötən həftə topdan satış məntəqələrində 50 kiloqramlıq un kisəsini 23 manat 40 qəpiyə almaq mümkün idisə indi onu təqribən 26 manata almaq olur. Topdan satış məntəqələrində bunu ölkəyə idxal olunan taxılın qiymətinin bahalaşması ilə izah edirlər:


«Qıtlıq yarandı. Rusiya əlavə rusum qoyub, Qazaxıstan da əlaqələri kəsib. Ona görə qiymətlər qalxıb…»
Topdan satış məntəqələrində deyirlər ki, qiymət qalxsa da alıcıların sayı heç də azalmayıb. Adamlar narahatdır ki, qiymətlər bir qədər də arta bilər. Ancaq indinin özündə də alıcılar qiymətlərin artmasından şikayətlənirdilər.


Artıq çoxları narahatdır ki, unun qiymətinin bahalaşması çörəyin qiymətinə də təsir edəcək. Ötən il bu vaxtlar 50 kq. un kisəsi təqribən 18 manata idi. İndi bu qiymət 26 manata çatıb. Ötən il 20 qəpiyə olan 500 qram çörək isə indi 30 qəpiyə satılır. Bakıdakı çörək sexlərindən birinin müdiri deyir ki, onlar unun qiyməti bahalaşdıqca çörəyin çəkisini azaltmaqla ziyandan qaçmağa çalışırlar:


«İndi çörəyi 20 qaram azalda-azalda işləmək olur. Ancaq unun qiyməti düşməsə belə templə getmək olmayacaq. Onda gərək bir çoxumuz işi dayandıraq…»


Ancaq mütəxəssislər vəziyyətdən müəyyən çıxış yolu görürlər. İqtisadçı Rövşən Ağayev deyir ki, hökumət çörək sənayesində vergiləri azaldarsa, istehsal müəssisələrinin ziyanlarını kompensasiya etmək olar. Üstəlik onun fikrincə hökumət çörək sənayesinə subsidiyalar da ayıra bilər:


«Ancaq mən qorxuram ki, sonradan subsidiyaların verilməsi korrupsiya mənbəyinə çevrilə bilər. Çünki hökumət kəndlilərə 80 milyon subsidiya verir. Ancaq bunun heç yarısı kəndlilərə gedib çatmır…»


Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Murtuzəli Hacıyev də deyir ki, hazırda hökumət çörək sənayesinə bəzi güzəştlər haqqında düşünməkdədir. Sadəcə hələ ki bununla bağlı hər hansı qərar yoxdur. Murtuzəli Hacıyev deyir ki, onlar daxili istehsalı da artırmaqla ümumilikdə taxıl qıtlığı problemini aradan qaldırmağa çalışırlar: «Bu il ötən illə müqayisədə 300 min ton artıq taxıl istehsalı gözlənilir. Keçən il 2 milyon taxıl istehsal olunub».


İqtisadçı Rövşən Ağayev isə hesab edir ki, Azərbaycanda taxıl istehsalında şişirtmələr var. Azərbaycanın 1 illik taxıl tələbatının təqribən 3 milyon ton olduğu bildirilir. Rövşən Ağayevin sözlərinə görə taxıl istehsalı ilə bağlı hansı rəqəmlər açıqlanır-açıqlansın yenə də tələbatın böyük bir hissəsi idxalın payına düşür. Həm Qazaxıstanın taxıl satışını dayandırması, həm də Rusiyanın hər tona əlavə 105 avro rüsum tətbiq etməsi Azərbaycanda istər-istəməz taxılın bahalaşmasına gətirib çıxarıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG