Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:53

Ermənistan və Gürcüstan Pekin olimpiadasına necə hazırlaşır?


17 gün çəkəcək olimpiya oyunlarını 4 milyarda yaxın tamaşaçı izləyə biləcək
17 gün çəkəcək olimpiya oyunlarını 4 milyarda yaxın tamaşaçı izləyə biləcək

Keçən olimpiya oyunlarında Ermənistanın himni çalınmayıb. Afina olimpiadasına gedən 18 erməni idmançısının hamısı əliboş qayıdıb. Görəsən bu ilki Pekin olimpiadasında Ermənistanın himni çalınacaqmı? Gənclər və İdman naziri Armen Qriqoryan əvvəlcədən bu barədə nəsə danışmaqdan çəkinir:


«Gəlin keçmişi müzakirə etməyək, gələcəyə baxaq, irəli gedək. Olimpiya oyunları idman dünyasının ən məsuliyyətli yarışlarıdır. Məncə erməni idmançıları da əllərindən gələni edəcəklər».


Ermənitsnan Gənclər və İdman naziri Armen Qriqoryan həm də respublikanın Milli Olimpiya Komitəsinin sədridir:


«Nazirlik də, milli komitə də təşkilat işləriylə ciddi məşğuldur ki, Ermənistan builki olimpiadada yüksək səviyyədə təmsil olunsun. Formalar-idman və parad paltarları demək olar ki, hazırdır. Bizim yığmalar ciddi hazırlığa 2004-cü ildən başlayıblar. İdmançılarla, məşqçilərlə hər gün iş gedir. Lisenziya alan idmançılar xüsusilə diqqət mərkəzindədirlər».



Bu il olimpiya oyunlarında iştirak üçün artıq 15 erməni idmançısına lisenziya verilib. Lisenziya alanlar 6 idman növü üzrə təmsil olunacaqlar - Güləş, boks, cüdo, atıcılıq, yüngül atletika, ağır atletika.


Qriqoryanın dediyinə görə bu günlərdə erməni oyunçuları təkcə fiziki məşq etmir, onlar psixoloji, tibbi hazırlıqdan da keçirlər. Amma tam halda yalnız avqusta hazır olacaqlar. Nazirlik idmançıları və məşqçiləri maddi cəhətdən də tam təmin etdiyini deyir. Ermənistan Milli Olimpiya Komitəsi prezidentinin təşəbbüsüylə erməni idmançılara yüksək maaş, yaxşı təqaüd verilir.


Armen Qriqoryanın fikrincə məhz yüksək maaş idmançılara imkan verir ki, özlərini idmana tam həsr etsinlər, yalnız məşqləri diqqət mərkəzində saxlasınlar:



Əlbəttə, 2008-ci il olimpiya oyunlarında nə baş verəcəyini heç kim deyə bilməz. Amma məlum olan bir şey var; bu ilki oyunları olimpiya tarixində olmadığı qədər adam izləyəcək. Hesablamalara görə 17 gün çəkəcək olimpiya oyunlarını 4 milyarda yaxın tamaşaçı izləyə biləcək
«4 il əvvəl bizim idmançılara belə maddi dəstək yox idi. Amma indi onlar yüksək maaş-1000-3000 dollar alırlar. Üstəlik dünya, ya da Avropa çempionlarına Ermənistanda ev, avtomobil verilir».

Ermənistan idmançıları Pekinə oyunlardan bir neçə gün qabaq gedəcək. İdmançıların olimpiadaya qatılması üçün Ermənistan hökuməti büdcədən 90 milyon drama-yəni 300 min dollara qədər pul ayırıb.


Gürcüstanda da olimpiadaya lisenziya alan idmançılar intensiv məşqlərə başlayıblar. 26 idmançıya artıq lisenziya verilib, amma lisenziyaların verilməsi prosesi davam edir. Gürcüstan İdman və Mədəniyyət Nazirliyi ümid edir ki, bu il də olimpiadaya keçən dəfəki qədər oyunçu gedəcək.


2004-cü il Afina oyunlarında Gürcüstandan 33 idmançı çıxış edib, onlardan 2-si qızıl, 2-si gümüş medalla qayıdıb. Bu dəfə necə olacaq? Mədəniyyət və İdman Nazirliyininşöbə müdiri David Namqalauri proqnoz verməkdən çəkinir. Amma Namqalauri deyir ki, Afina oyunlarından sonra maliyyə məsələsi xeyli düzəlib. İdmançılar indi daha yaxşı şəraitdə məşq edirlər:


«İndi bizim maliyyə dəstəyimiz-maaşsız 8 milyon yarım laridir. Yəni 6 milyon dollardan çox. Bura əməkhaqqı da əlavə olunur-200 min lari, yəni təxminən 140 min dollar».


Gürcüstan idmançıları arasında medala ümidi olanlar əsasən güləşçilərdir. Gürcü cüdoçuları, klassik güləş ustaları dünyanın ən güclü güləşçiləri hesab olunur. David Namqalauri deyir ki, cüdo, güləş üzrə gürcü idmançıların cəmi bir neçə rəqibi var.


Bu ilki oyunlarda gürcülər arasında medala daha çox iddiası olanlardan biri Ramaz Nozadzedir. Nozadze bir neçə dəfə klassik güləş üzrə dünya çempionu, Avropa çempionu adını alıb. 2004-cü il Afina olimpiadasında Nozadze qızıl medala çox yaxın idi, amma gümüş medal aldı. İndi onun yüngül zədəsi var, ancaq həkimlər idmançının 10 günə formada olacağını deyirlər. Pekin olimpiadasına qədər Nozadze tam hazır olacağını bildirir: «Mən gümüş medal gətirdim. Bu il çalışacağam, əlimdən gələni edəcəyəm ki, nəticə daha yaxşı olsun. Amma hər şey orda-olimpiadada məlum olacaq».


Amma gürcülər olimpiadada yalnız güləşçilərə bel bağlamırlar. Sürprizlərdən biri Gürcüstanın çimərlik voleybolu üzrə komandasının çıxışı ola bilər. Gürcüstan ilk dəfə olaraq bu il həm də komandalar şəklində çıxış edəcək. Amma Gürcüstanın çimərlik voleybolu üzrə komandasının üzvləri braziliyalılardır. Braziliyalı voleybolçular iki il əvvəl Gürcüstan vətəndaşlığı alıblar. Düzdür bu idman növü keçən olimpiadaya hələ lisenziya verilməyib, amma Gürcüstanın voleybol federasiyasının prezidenti Levan Axvlediani deyir ki, gürcü voleybolçuları üçün lisenziya faktiki təmin olunub: «Ballar iyulun 20-nə qədər müəyyən olunur. O vaxta qədər demək olar ki, hər ölkədə turlar keçirilir. Bu turlardan yekun nəticə əldə olunur. Yəni yekun olaraq, hər şey iyulun 20-də bəlli olacaq. Amma bizim balımız o qədər yüksəkdir ki, problem olmayacağına əminəm».


Əlbəttə, 2008-ci il olimpiya oyunlarında nə baş verəcəyini heç kim deyə bilməz. Amma məlum olan bir şey var; bu ilki oyunları olimpiya tarixində olmadığı qədər adam izləyəcək. Hesablamalara görə 17 gün çəkəcək olimpiya oyunlarını 4 milyarda yaxın tamaşaçı izləyə biləcək.


XS
SM
MD
LG