Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:07

Orduya ayrılan vəsait təyinatı üzrə xərclənirmi?


Bəzi ekspertlər deyir ki, cəmiyyətdəki korrupsiya şübhəsiz ki, orduda da var

Bəzi ekspertlər deyir ki, cəmiyyətdəki korrupsiya şübhəsiz ki, orduda da var

Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə orduya xüsusi diqqət yetirildiyini ildən ilə silahlı qüvvələrin büdcəsinin artırıldığını bildirib. Aprelin 18-də Fizuli, Beyləqan bölgəsinə səfəri zamanı isə dövlət başçısı bu məsələyə toxunaraq deyib ki, yaxın vaxtlarda orduya ayrılan xərclər 2 milyard manata çatdırılacaq.


Deməli prezident bu məsələdə öz öhdəsinə düşəni edir. Bəs bundan sonra nə baş verir. Ayrılan puldan orduya nə çatır?


Milli Məclisin Təhlükəsizlik və Müdafiə Məsələləri Daimi Komissiyasının üzvü Müsavat deputat qrupundan olan Pənah Hüseyn bildirir ki, ümumiyyətlə orduya deyilən qədər vəsaitin ayrılması da müəyyən şübhələr yaradır. Onun fikrincə, ordunun təchizatının, yaxud vəziyyətinin iki dəfələrlə yaxşılaşdığı müşahidə olunmur. Cəmiyyətdəki korrupsiya şübhəsiz ki, orduda da var. Sadəcə bu sahə qapalı olduğu üçün konkret rəqəmlər əldə etmək mümkün deyil. Ancaq KİV-dən, eləcə də orduda xidmət etmiş adamlardan ürəkaçan rəqəmlər səslənmir:


«Hər şeyi məxfilik altında qeyri şəffaf etmək də düz deyil. Bu cəhətdən o maliyyənin təyinatı üzrə xərclənib-xərclənməməsi müəyyən suallar doğurmaya bilməz. Hər halda bu dövlət vəsaitinə uyğun vəziyyətin yaxşılaşdığını, ona adekvat olduğunu deyə bilmərik».


Pənah Hüseyn hesab edir ki, xüsusən ordunun qeyri silah təchizatı ilə bağlı rəqəmlər açıq olmalıdır ki, nəyin hara və nə qədər xərcləndiyi bilinsin. Onlara nəzarət olunsun. Çünki həmin təchizatı aparan müəssisələrin bir qrupun əlində cəmləşməsi barədə məlumatlar var. Həmin məlumatlardan da görünür ki, generalitetin vəziyyətə nəzarət etmək imkanı yoxdur.


Yeri gəlmişkən, Hesablama Palatasının 2007-ci il üçün hesabatında qeyd olunmuşdu ki, orduya ərzaq bazardakından baha qiymətə alınıb.


Ancaq əslində orduya alınan ərzağın keyfiyyəti yüksək, qiyməti isə bazardakından aşağı olmalıdır. Çünki qanunla orduya ərzaq verəcək müəssisələr tenderlə müəyyənləşir.


Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu isə orduya bu cür münasibəti anlamadığını deyir. Onun sözlərinə görə son vaxtlar bəzi şəxslər nəyin bahasına olursa olsun ordunu cəmiyyətin gözündən salmağa çalışırlar: «Dövlət tərəfindən orduya ayrılan vəsait ciddi nəzarət altındadır. Konkret fakt olmadan belə fikirlər söyləmək məsuliyyətsizlikdir». Onun sözlərinə görə, Ali Baş komandan İlham Əliyev prezident seçildiyi gündən ordunun gücləndirilməsi üçün heç nəyi əsirgəmir. Buna sevinmək və dəyərləndirmək lazımdır.


Eldar Sabiroğlu hesab edir ki, özünü ekspert adlandıran şəxslər və bəzi jurnalistlər heç olmasa ordudan danışanda doğrunu söyləməli, cəmiyyəti çaşdırmamalıdırlar.


İstefada olan Zabitlər Birliyinin sədri Ələkbər Məmmədov isə hesab edir ki, vəsaitin artırılması ordudakı mövcud problemlərin aradan qaldırılması demək deyil. Ölkədə korrupsiyanın mövcudluğu orduda da vəsaitlərin düzgün xərclənməsini şübhə altına alır. Ona görə də mənimsəmə halları barədə fikirlər yaranır. Onun fikrincə, bütün bu söz-söhbətə son qoymaq və ordunu gücləndirmək üçün şəffaflığı təmin etmək üçün ilk növbədə qərb və NATO standartlarına uyğun, demokratik dəyərlərə söykənməklə ordunu tənzimləyən yeni qanunlar qəbul olunmalıdır:


«Bundan sonra islahatlar aparılmalıdır. Əks halda ordudakı mövcud korrupsiya bu vəsaitin təyinatı üzrə düzgün xərclənməsini şübhə altına alır».


Sonda onu deyim ki, haqqında danışılan və yaxın vaxtlarda 2 milyard manata qədər artırılacağı nəzərdə tutulan vəsait yalnız silahlı qüvvələrə şamil edilmir. Buraya müdafiə sənayesinin və bu sahə ilə bağlı digər strukturların da payı daxildir. Bununla belə bəzi mütəxəssislər deyir ki, ordunun büdcəsində illik artım inflyasiya artımından yüksək deyil. Ona görə də real qiymətlərlə götürəndə bu ilki vəsait heç də keçən ilkindən çox deyil.


Günün bütün mövzuları

XS
SM
MD
LG