Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:51

Hemofiliyalı xəstələrin 60%-i məktəbyaşlı uşaqlardır


Azərbaycanda hemofiliyalı xəstələrin əksəriyyəti şəhərlərdə yaşayır
Azərbaycanda hemofiliyalı xəstələrin əksəriyyəti şəhərlərdə yaşayır
Hemofiliya krallara xas, taxt-tac xəstəliyi olsa da, Azərbaycanda da geniş yayılıb. Müalicəsi heç də ucuz olmayan bu irsi qan xəstəliyindən isə indi Azərbaycanda 1100-dən artıq adam əziyyət çəkir. Amma qeyri-rəsmi rəqəmlər əlbəttə bundan daha çoxdur. Qohum nikahların Azərbaycan üçün xarakterik olması bu xəstəliyin yayılmasına bir növ şərait yaradır.

Hemofiliya - qanda laxtalanmanın çatışmamazlığı faktoru hesab olunur. Zahirən bu cür xəstələr sağlam görünsələr də, adi bir travma, diş çəkilməsi, ya da cərrahi müdaxilə xəstəliyi büruzə verə bilər.


Respublika Elmi-Praktik Hemofiliya Mərkəzinin rəhbəri Elmira Qədimova deyir ki, bu əsasən kişilərə xas olan xəstəlikdir, amma qadınlarda da bəzən təsadüf edir.


«Bu özünü ilk dəfə sünnət zamanı büruzə verə bilər, yaxud ağır formalı hemofiliyalarda oğlan uşaqları iməkləyəndə diz oynaqlarında qansızma, şişkinlik ola bilər. O zaman hemofiliya aşkara çıxır».


2006-cı ildən bəri Azərbaycanda hemofiliyalı xəstələr «Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramın»dan yararlanır. Yəni proqram xəstələrə pulsuz dava-dərman almağa, müalicə olunmağa imkan verir. Elmira Qədimova deyir ki, xəstələrə verilən dərman o qədər də ucuz deyil. Məsələn dərman preparatlarından bəziləri 150 dollaradır. Gün ərzində isə elə olur ki, xəstəyə 1000 dollarlıq dərman verilir.


Amma bu proqram bütün dərdlərə yenə də dərman deyil. Belə ki, regionda qəfil travma almış xəstə müalicə olunmaq üçün Bakıya gəlmək məcburiyyətindədir. Səbəb isə, regionlarda nə həkim hematoloqların, nə də xüsusi dərman preparatlarının olmamasıdır.


Respublika kliniki xəstəxanasında danışdığım hemofiliyalı xəstələr də dedi ki, hər dəfə Bakıya gəlmək onlara əziyyətdir.


Hemofiliya Xəstələri Assosiasiyasının sədri Gülnarə Hüseynova da deyir ki, hazırda dövlət proqramı ilə xəstələr üçün böyük pullar ayrılır, amma yaxşı olardı ki, regionlarda da hemofiliyalılar üçün şərait yaradılsın. O, deyir ki, hazırda Azərbaycanda müasir laboratoriyada da yoxdur ki, nikahdan əvvəl, ya da hamiləlik zamanı dölün dəqiq analizi aparılsın. Bu da bir tərəfdən xəstəliyə stimul verən amillərdən biridir.


Respublika Elmi-Praktik Hemofiliya Mərkəzinin rəhbəri Elmira Qədimova isə deyir ki, yaxın vaxtlarda Heydər Əliyev Fondunun dəstəyi ilə diaqnostika mərkəzi açılmalıdır.


Hazırda Azərbaycanda hemofiliyalı xəstələrin əksəriyyəti Bakıda, daha sonra Əli Bayramlı, Gəncəbasar, Lənkəran, bir də Şəkidə yaşayır. Onların 60%-ni isə məktəbyaşlı uşaqlar təşkil edir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG