Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:27

Bir gündə 70-ə yaxın işçi işdən çıxarılıb


Çıxarılanlar əsasən, tibb bacıları və kiçik tibb işçiləridir

Çıxarılanlar əsasən, tibb bacıları və kiçik tibb işçiləridir

Aprelin 14-də Naxçıvan Muxtar Respublikasının Culfa rayon xəstəxanasından və poliklinikasından bir gündə 70-ə yaxın işçi işdən çıxarılıb. Çıxarılanlar əsasən, tibb bacıları və kiçik tibb işçiləridir. «Azadlıq» radiosuna danışan işdən çıxarılanların sözlərinə görə, onların əksəriyyəti qadınlardı. 15-20, bəzi hallarda isə 25 ildir ki, eyni müəssisədə çalışırlar. Çoxlarının heç həyat yoldaşları da yoxdur, üstəlik, himayələrində əlil və aşyaşlı övladları olanlar da az deyil. İşdən çıxarılanlar deyirlər ki, yeni iş yerləri tələb etmələrinə baxmayaraq, onları yalnız rayon məşğulluq idarəsinə göndərməklə kifayətləniblər:


«89-cu ilin oktyabr ayından poliklinikada süpürgəçi işləyirəm, yoldaşımdan ayrılmışam. Himayəmdə bir nəfər əlil uşağım var. Dedilər, iş yoxdur, sizi çıxarırıq. Mənimlə bərabər çoxlu adamları işdən çıxarıblar».


Başqa bir şikayətçi isə deyir ki, yoldaşı heç yerdə işləmir: «Məni işdən çıxarıb, çölə atdılar. Ya gedib oğurluq etməliyik, ya da başqa bir şeylə məşğul olmalıyıq, çarəsiz qalmışam».


Başqa bir işdən çıxarılan Sura Həsənova isə deyir ki, nə həyat yoldaşı var, nə də oğlu. Bir qızı var, o da orta məktəbdə oxuyur. İşdən çıxarılandan sonra döymədiyi qapı qalmayıb, iş tapa bilmir: «18 il idi ki, orda işləyirdim. Bir manat qazancım yoxdur, qalmışam avara».


Culfa Rayon İcra Hakimiyyətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb. Rayon Xəstəxanasından isə bildiriblər ki, işdən çıxarılan şəxslər ixtisara düşüblər. Rayonda yeni xəstəxana tikilir, orda bu qədər işçiyə yer yoxdur.


Hüquqşünas Elçin Sadıqov isə deyir ki, Əmək Məcəlləsinin 79-cu maddəsi himayəsində azyaşlı, daha doğrusu, 18 yaşına çatmamış övladı olan şəxslərin ixtisara salınmasına yol vermir: «Həmin şəxslər yalnız bir işdən başqasına keçirilə bilər».


Günün bütün mövzuları

XS
SM
MD
LG