Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:42

Azərbaycan muzeyləri qiymətli eksponatlarını itirə bilər


Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi

Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi

Azərbaycanda irili-xırdalı 190-a yaxın muzey var. Hazırda Bakıdakı iri muzeylərin əksəriyyətində təmir-bərpa işləri gedir. Tarix Muzeyinin təmirinin sifarişçisi İşğaldan Azad Olunmuş Azərbaycan Ərazilərinin Bərpası və Yenidən Qurulması Agentliyi, muzey ekspoziyasının bərpasını həyata keçirən isə İtaliyanın «ELECA» firmasıdır.

Muzeyin direktoru Nailə Vəlixanlı deyir ki, əslində işlər aprelin sonuna qədər bitməlidi. Amma işi Dövlət Komissiyası qəbul etməsə, təmirin müddətü uzana bilər.


Təmir-bərpa işlərinə nə qədər vəsait ayrıldığı gizli saxlanır. Bunu nə təmir-bərpa işlərini aparan agentliyin nümayəndəsindən, nə işi görən italiyalı mütəxəssislərdən, nə də muzey rəhbərliyindən öyrənə bilmədim. Muzey direktoru Nailə Vəlixanlı yalnız onu dedi ki, görülən işlərə böyük vəsait ayrılıb.


İtaliyanın rəsmi dövlət saytlarından əldə etdiyim məlumata görə isə «ELECA» şirkətinin gördüyü işə 4 milyon 400 min manat pul ayrılıb. Azərbaycandakı bəzi mənbələrin Ərazilərin Bərpası və Yenidən Qurulması Agentliyinə istinadən yaydığı məlumatlara görə, bərpa işinə daha sonra 3 milyon manat da ayrılıb. Yəni ümumilikdə təkcə muzeydəki ekspozisiyaların bərpasına 7 milyon 400 min manat xərclənib. Bəzi mənbələr Tarix Muzeyinin təmir və bərpasına dövlət büdcəsindən 15 milyona yaxın, digər mənbələr isə 18 milyon manat – indiki kursla təxminən 21 milyon dollar vəsait ayrıldığını yazırlar. Orda işləyən fəhlələrin dediyinə görə, bu qədər vəsait ayrılmasına baxmayaraq muzeyin zirzəmisi o qədər də keyfiyyətli təmir olunmayıb. Bundan başqa, təmir işlərini aparan fəhlələrə də çox aşağı əməkhaqqı verilir.


Təmir–bərpa və yenidənqurma işləri təkcə Tarix Muzeyində deyil, digər muzeylərdə də aparılır. Misal üçün İncəsənət, vaxtilə Lenin muzeyi kimi tanınan indiki Muzey Mərkəzində, Hüseyn Cavidin Ev Muzeyində və bəzi rayonlardakı diyarşünaslıq muzeylərində.


Ən geniş təmirin davam etdiyi muzeylərdən biri də Rüstəm Mustafayev adına Dövlət İncəsənət Muzeyidi. İki korpusdan ibarət olan bu muzeyin birinin fasadındakı təmir artıq yekunlaşmaq üzrədi. Direktorunun dediyindən aydın oldu ki, muzeyin hər iki korpusu təmir olunmaqla yanaşı onların arasındakı ərazidə daha bir korpus tikiləcək. Bununla da muzeyin əvvəlki iki korpusu birləşəcək. Muzey direktoru deyir ki, bütün işlərə 20 milyon manatdan artıq vəsait ayrılıb. Ümumilikdə Azərbaycanda hələ də təmir olunan yeddi muzeyə son 3 ildə dövlət büdcəsindən 40 milyon manata yaxın pul ayrılıb. Onlardan üçü iri, qalan dördü isə tanınmış şəxslərin ev muzeyləri və rayonlardakı tarix-diyarşünaslıq muzeyləridi. Azad İqtisadiyyata Yardım Mərkəzinin rəhbəri Zöhrab İsmayıl hesab edir ki, həmin vəsaitə təmir olunan muzeylərdən bir neçə dəfə çox və daha müasir muzey binaları tikmək olardı.


«İnterpol» hələ də oğurluq eksponatları axtarır. Görəsən, tapacaqmı?


16 il əvvəl İncəsənət Muzeyindən oğurlanan eksponatların axtarışı hələ də dayanmayıb. İncəsənət Muzeyinin direktoru belə deyir. Oğurlanan 300-ə yaxın eksponatdan 122-sinin harada olduğu hələ də məlum deyil. Azərbaycanın digər bir neçə muzeyində də oğurluq olub. Bu muzeydəki oğurluqla bağlı təqsirləndirilən şəxsin vəkili olmuş Aslan İsmayılov deyir ki, məhkəmə muzey oğurluğuna görə, iki nəfəri cəzalandırdı. Amma o, əmindi ki, muzey oğurluğu təsadüfi adamlar səviyyəsində yox, daha yüksək vəzifəli məmurların himayəsi altında olub: «Əlbəttə, həmin oğurluqda muzey əməkdaşlarının da əli var. Amma həmin eksponatların qiymətlərilə bağlı məlumatlar, onların xaricə çıxarılması sıravi muzey işçisinin imkanları xaricindədi».


2005-ci ildən təmirə dayanan Tarix Muzeyindən isə vaxtilə 50-yə yaxın 18-19-cu əsrə aid xalçalar oğurlanıb. İncəsənət Muzeyindən fərqli olaraq bu muzeydən oğurlanan xalça eksponatlarının heç biri tapılmayıb. Muzey direktoru Nailə Vəlixanlının dediyinə görə, hüquq-mühafizə orqanları bu xalçaları axtarmaqdadır.


Araşdırmalardan o da məlum oldu ki, paytaxtdakı muzeylərdə olan oğurluqlardan az-cox danışılsa da, rayonlar ictimaiyyətin tam nəzarətindən kənarda qalıb. Muğan bölgəsindəki rayonlardan birindəki muzey direktorunun dediyinə görə, son 10-15 ildə rayon muzeyləri əməli-başlı talanıb. Ən qiymətli eksponatlar xaricə daşınıb. Adının çəkilməsini istəməyən həmin muzey direktorunun dediyinə görə, hətta dəfələrlə olub ki, rayon ərazisindən tapılan qədim və qiymətli zinət əşyalarına Bakıdan göz dikənlər olub.


Vəkil Aslan İsmayılov da deyir ki, Azərbaycandakı əksər muzeylərdən qiymətli eksponatlar yoxa çıxıb. Onun sözlərinə görə, əslində 1993-cü ildə ölkədə yaranan qarışıqlıq dövründə Bakıda və bölgələrdəki əksər muzeylər talan olunub: «Hesab etmirəm ki, muzeylərdən oğurluq təsadüfən olub. Bir hakimiyyətin devrilib digərinin də hələ möhkəmlənmədiyi bir vaxtda ölkədəki qarışıqlıqdan istifadə edən bir qrup şəxs muzeyləri necə gəldi talayıb. Digər muzeylərdən də oğurluq olub, «Saz əsa», «Qədim fleyta» hələ də tapılmayıb».


Tapılmayan eksponatlar və ya sirli 325-ci otaq


Vaxtilə İncəsənət Muzeyindən oğurlanmış eksponatlardan 122-sinin hələ də axtarışda olmasına bəzi şübhələr var. Hərçənd həmin muzeyin direktoru oğurlanan 300-ə yaxın eksponatdan məhz bu qədərinin hələ də tapılmadığını deyir. Amma muzey oğurluğu ilə bağlı çoxsaylı araşdırmaların müəllifi, sənətşünas Ziyadxan Əliyev iddia edir ki, oğurlanan məlum eksponatlardan 69-u tapılmayıb. Sənətşünas deyir ki, əgər indi tapılmayan eksponatların 122 olduğu bildirilirsə, onda belə çıxır ki, İncəsənət Muzeyindən sonralar da başqa oğurluqlar olub: «O vaxt 275 oğurlanan əsərdən 69-u tapılmamışdı. Əgər indi deyilirsə ki, 122 eksponat yoxdu, mən buna şübhə ilə yanaşıram. Mən fikirləşirəm ki, bəlkə də həmin oğurluqdan sonra başqa bir oğurluq da olub».


Ziyadxan Əliyev deyir ki, muzey oğurluğuyla bağlı bir məsələ də müəmma olaraq qalır: «O vaxt məhkəmədə üzə çıxdı ki, oğurluğu muzey direktorunun tapşırığı ilə muzeyin işçisi edib. Əvvəlcə eksponatlar aparılıb muzey direktorunun evinə, ertəsi gün də çatdırılıb Mədəniyyət Nazirliyindəki 325-ci otağa, bu otağın sirrini heç kim açmadı».


İşğal altında qalan muzeylər


Azərbaycandakı 190-a qədər muzeydən 22-si Ermənistan Silahlı Qüvvələrinin işğal etdiyi ərazilərdə yerləşir. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, işğal zamanı həmin muzeylərdən bir neçəsinin əmlakı daşınıb Bakıya gətirilsə də, əksəriyyəti dağıdılıb, bütün eksponatlar aparılıb. Bu isə təxminən 100 mindən çox eksponat deməkdir.


Nazirliyin məlumatına görə, hadisələr zamanı yalnız Xalça və Tətbiqi Sənət Muzeyinin Şuşadakı filialı, Üzeyir Hacıbəyovun Şuşadakı Ev Muzeyinin eksponatları çıxarılıb, amma həmin muzeylərin fondu da tam xilas edilməyib.


Şuşa şəhərində Natəvanın, Bülbülün, Əbdürrəhimbəy Haqverdiyevin və başqalarının ev muzeyləri, şəkil qalereyası, Şuşa və Xankəndi diyarşünaslıq muzeyləri, keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək Muzeyi, bir çox başqa muzeylər tamamilə dağıdılıb.


İşğal olunmuş ərazilərdəki muzeylərlə bağlı Azərbaycanın istəyi əsasında Beynəlxalq Muzeylər Şurası, o cümlədən, UNESCO Ermənistana müraciət göndərib. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, hələ ki, qarşı tərəfdən bu müraciətə hər hansı cavab verilməyib.


Azərbaycandakı muzeylərdən 40-ı Heydər Əliyev Muzeyidi


Son illər Azərbaycanda yeni muzeylər də tikilməkdədi. Əsasən rayonlarda yerləşən bu muzeylərin hamısı da Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin adını daşıyır. Mədəniyyət və Turizm Nazirliyinin internet səhifəsindən götürdüyüm məlumata görə, hazırda Azərbaycanda 40-a yaxın Heydər Əliyev Muzeyi fəaliyyət göstərir. Bu muzeylər yeni olduğundan o qədər də zəngin eksponata malik deyillər. Eksponatlar əsasən Heydər Əliyev haqqında kitablardan, onun bölgələrdə olduğu vaxtları əks etdirən foto-şəkillərdən ibarətdir.


Bəs bu muzeylər hansı vəsait hesabına tikilir? Apardığım araşdırmalardan məlum oldu ki, dövlət büdcəsindən Mədəniyyət və Turizm Nazirliyinə ayrılan vəsaitlər içərisində belə bir təsnifat yoxdu. Ümumiyyətlə, heç bir maliyyə ayırmalarında ayrıca Heydər Əliyev muzeylərinin tikintisilə bağlı məlumat tapa bilmədim. Mədəniyyət və Turizm Nazirliyindən öyrəndim ki, bu muzeylər hər bir rayon icra hakimiyyətinin öz büdcəsi hesabına tikilir. Bu muzeylərin nə qədər vəsaitə başa gəlməsini isə icra hakimiyyətləri az qala sirr kimi saxlayırlar.


Mədəniyyət və Turizm Nazirliyinin Masallı rayon şöbəsinin müdiri Lətifə Mövsümova deyir ki, Masallıdakı ikimərtəbəli, 850 kvadrat metrlik Heydər Əliyev Muzeyi rayondan yığılan ianələr hesabına tikilib. Ancaq o, hər hansı rəqəm deyə bilməyəcəyini söyləyir.


Muzeylərdə elə sirrlər var ki, onlar açılsa, çox şey dağılar!


Azərbaycan muzeylərində bəzi eksponatlar var ki, onları digər eksponatlar kimi üzə çıxarmağa ehtiyat edirlər. Neçə on illər həmin eksponatların Azərbaycanda olmasına baxmayaraq muzeylər ehtiyat edir ki, qiymətli əşyalara sahib çıxanlar ola bilər. Bu baxımdan da həmin eksponatlar illərdi ki, xüsusi mühafizə olunan bağlı otaqlarda saxlanılır. Amma elə başa düşülməsin ki, bu eksponatlar hardansa oğurlanıb. Əsla yox! Sadəcə, bu qiymətli eksponatlar vaxtilə sovet dövründə fəaliyyəti qadağan edilən qurumlardan alınıb muzeylərə verilib. Həmin qurumlar sonradan fəaliyyətlərini bərpa etdiyindən onların eksponatları nə vaxtsa geri istəyə biləcəyi ehtimalı hələ də qalmaqdadı.


Muzey haqqı! Azərbaycanda belə and varmı?!


Azərbaycan muzeylərini ən çox ziyarət edən əcnəbilərdi. Rüstəm Mustafayev adına İncəsənət Muzeyinin direktoru İsrafil İsrafilov deyir ki, Azərbaycana gələn bütün əcnəbilərin səfər proqramında muzeylərin ziyarəti birmənalıdı. Amma yerli adamlarda muzeyə maraq o qədər də güclü deyil: «Mən hələ indiyə qədər bir dəfə də görməmişəm ki, üzdə olan hansısa tanınmış tarixçi, yazıçı və s. öz övladıyla, nəvəsiylə muzeyə gəlsin, onlara eksponatları göstərsin».


Muzey işçilərini sıxan məsələlərdən biri də elə ziyarətlərə gələnlərin azlığıdı. Sənətşünas Ziyadxan Əliyev deyir ki, əslində muzeylər də müqəddəs bir yerdi, lap and içiləcək qədər: «Mən həmişə demişəm muzey məbəddi, muzey bizim mənəviyyatımızın saxlancıdı. Əgər muzeylərdə bizim dünənimiz, bu günümüz və gələcəyimiz qorunursa, ora and içməyə dəyər».


Azərbaycandakı muzeylər əsasən ziyarətçi problemini müxtəlif yollarla, əsasən də təhsil müəssisələrilə müqavilələrin bağlanmasıyla həyata keçirir. Bəzi məktəblər bir-sıra dərsləri muzeylərdə keçirirlər.


Onu da deyim ki, maaş azlığı əksər post-sovet ölkələrində, o cümlədən Rusiya muzeylərində də aktualdır. Amma adamların muzeylərə getməsi tam fərqli bir məsələdi. Sankt-Peterburq Dövlət Muzeyinin direktor müavini Nataliya Kulişovanın «Azadlıq» radiosuna dediyinə görə, təkcə fevral ayında rus rəssamı Arxip Kuincinin əsərlərinin sərgisi zamanı 40 min nəfər ziyarətçi olub. Kulişova deyir ki, muzeylərin ziyarətçi problemi daha çox sərgilərdən, ekspozisiyalardan asılı bir məsələdi: «Adamlar təkcə bilet alıb sərgiyə gəlmirlər. Onlar sərgidən kitablar, suvenirlər, uşaqlara dondurmalar alırlar. Yəni bir dollar xərc çəkilibsə, muzey 10 dollar vəsait götürür. Muzeylər gərək sakit dayanmasın, müxtəlif sərgilər keçirsin».


Avropada olmuş jurnalist həmkarlarımdan birinin dediyinə görə, muzeyə gələn adamların çoxluğundan, o, Fransada muzeyə girmək üçün düz üç saat növbədə dayanıb.


Onu da deyim ki, Bakıdakı muzeylərin hər hansı birində qələbəlik görmədim. Baxmayaraq ki, Azərbaycandakı əksər muzeylərdə biletin qiyməti bir manatdır.


Dünya muzeylərinə çatmaq istəyən Azərbaycan muzeyləri...Görəsən, təmirdən sonra istəklərinə çata biləcəklərmi?


Gəzdiyim muzeylərin çoxunda internet səhifəsinin olmadığı üzə çıxdı. Amma muzeylərin rəhbərləri əmindilər ki, təmirdən sonra hər şey 100 faiz dəyişəcək. Muzeylərin internet səhifəsi də olacaq, onlar beynəlxalq şəbəkəyə də qoşulacaqlar. Üstəlik, bütün eksponatların virtual kataloqu hazırlanacaq. Müqayisə üçün deyim ki, aprelin 9-da bir neçə muzeyin yerləşdiyi Azərbaycan Muzey Mərkəzilə virtual əməkdaşlığa başlayan Sankt-Peterburq Dövlət Muzeyinin hazırda Rusiyada və xaricdə 35 belə filialı fəaliyyət göstərir. Azərbaycanda isə belə muzey yoxdu. Bir neçə ev muzeyləri var ki, onların həm internet səhifəsi var, həm də orada ziyarətçilərə eksponatlar haqqında məlumatlar toplusu olan disklər təklif olunur.


Qiymətli xəzinənin kasıb keşikçiləri


Azərbaycanda bir sıra çox dəyərli eksponatların qorunduğu muzeylərdə işçilərin maaşı 200 manatdan yuxarı deyil. Sənətşünas Ziyadxan Əliyev hesab edir ki, qiymətli eksponatları 50-60 manat maaş alan adamlara həvalə etmək çox ağrılı bir məsələdi: «Doğurdan da bir-neçə milyonluq dəyəri olan əsəri 50-60 manat maaş alan adama necə etibar etmək olar?! Bu adama inanmaq olarmı ki, həmin eksponatı göz-bəbəyi kimi qoruyacaq? Dünyanın heç bir yerində belə deyil. Muzey işçisinə belə münasibət elə irsə münasibətdi».


İncəsənət Muzeyinin direktoru İsrafil İsrafilov da muzey və ümumilikdə mədəniyyət sahəsində çalışanların ən aztəminatlı adamlar olduğu qənaətindədi. Belə bir vəziyyət onları bəzən əcnəbi həmkarlarına yalan deməyə də vadar edir: «Bir dəfə Vaşinqton muzeyinin şöbə müdiri gəlmişdi, o dedi ki, mən ildə 80-85 min dollar maaş alıram. Məndən maaşımı soruşanda, elə bil cin məni yoldan çıxartdı, dedim ki, ilə 25 min dollar alıram. O, dedi ki, bu, çox azdı, amma bilmədi ki, mən heç bir ildə 2500 dollar da almıram».


Amma muzeylərdə işləyənlər problemdən çıxış yolunu tapıblar. Bu yol isə bir yox, bir neçə yerdə işləməkdən ibarətdir. Elə İncəsənət Muzeyinin direktoru İsrafil İsrafilov kimi: «Mənim dediklərimdən elə çıxmasın ki, biz acından ölürük, mən toya da gedirəm, yasa da, ad gününə də. Dörd yerdə işləyirəm, özümün də ayrıca yaradıcılıq işlərim olur».


Muzeylərin canlı eksponatları …


Az əmək haqqıyla qiymətli xəzinədə işləmək çətin bir iş olsa da əksər işçilər demələrinə görə, özlərini muzeysiz təsəvvür edə bilmirlər. Elə 83 yaşlı Nərmin Tağızadəni gənc yaşlarından Tarix Muzeyinə bağlayan da bu istək olub. Muzeyi ilk və son sevgisi sayan Nərmin xanım deyir ki, onu muzeydən yalnız ölüm ayıra bilər. Nərmin Tağızadə Tarix Muzeyində tək deyil, elə onun həmyaşıdı Zərifə Dulayevanın də indiyə qədər bir iş yeri olub, o da Tarix Muzeyidi.


Muzeylər qiymətli eksponatlarını itirə bilər


Muzeyə fotoaparatla girmək qadağandır! Bunu onunla izah edirlər ki, yağlı boya ilə çəkilən eksponatlar fotoaparat işığına həssasdı. Yəni fotoaparatla muzeydəki tablonun şəklini çəkəndə aparatın işığı tablonun keyfiyyətinə mənfi təsir göstərə bilir.


Bəzi muzeylərsə var ki, məsələn, Xalçaçılıq Muzeyi orda fotoaparata icazə verilir və hər çəkilən şəkilə görə, iki manat ödəməlisən. Ancaq deyəsən, Azərbaycandakı bir çox muzeylərdə elə fotoaparatsız da eksponatların keyfiyyətində xeyli problemlər var. Muzeylərdən birində məni müşayiət edən işçinin dediyinə görə, əksər qiymətli rəsm əsərləri getdikcə qaralmaqda, yəni keyfiyyətini itirməkdədi. Bunu əslində, naşı gözlə də sezmək mümkün idi. Muzey işçisinin dediklərindən məlum oldu ki, problemlər həmin eksponatlara baxımsızlıq üzündən baş verməkdədi. Bu baxımsızlıq isə maliyyə çatışmazlığı ilə bağlıdı. Əslində rəsm əsrlərinə vaxtaşırı qulluq olunmalıdı, amma olunmur. Muzey işçiləri deyirlər ki, pulun üzü qara olsun, o yoxdu deyə, rəsm əsərləri və digər eksponatlar getdikcə qaralır. Həmsöhbət olduğum muzey əməkdaşının dediyinə görə, vəsait ayrılsa, bu problemləri yerli və əcnəbi mütəxəssislərin köməyilə aradan qaldırmaq olar.


Sənətşünas Ziyadxan Əliyevsə deyir ki, Azərbaycan muzeylərində bərpa işiylə bağlı problem olmamalıdı. Bəs muzeylərin təmiri, müasir təhlükəsizlik sistemiylə təmin olunması Azərbaycan muzeylərini oğurluqdan sığorta edə biləcəkmi?


Ziyadxan Əliyev deyir ki, muzey oğurluğuna görə, bir-iki nəfər həbs edilib sonradan azadlığa çıxsa da, əsas təşkilatçı bu gün yenə də yüksək səlahiyyət sahibidi. Bu baxımdan da sənətşünas Azərbaycanda muzey oğurluğu təhlükəsinin hələ də sovuşmadığı qənaətindədi. Əliyev deyir ki, nə qədər ki, İncəsənət Muzeyindən aparılan 275 əsərin, elə həmin muzeyin bağından yoxa çıxan «Ana körpəsilə» heykəlinin, Filarmoniyadan itən qədim vazanın, Tarix Muzeyindən daşınan 70-ə yaxın xalçanın, Musiqi Mədəniyyəti Muzeyindən yoxa çıxan «Saz əsa»nın oğruları tapılmayıb, gələcəyə nikbinliyin heç bir əsası yoxdur.


Günün bütün mövzuları

XS
SM
MD
LG