Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:46

«GUAM-ın bu formatda toplaşması Rusiyanı qıcıqlandırır»


Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovanın diplomatları Bakıda bir araya gəliblər

Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovanın diplomatları Bakıda bir araya gəliblər

Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovanın diplomatları Bakıda bir araya gəliblər ki, öz ərazilərindəki dondurulmuş münaqişələrin həlli yollarını axtarsınlar.


Bu tədbir Dağlıq Qarabağ, Abxaziya və Dnestryanı münaqişələri ətrafında diplomatik təmasların seyrəldiyi bir vaxtda keçirilir. Konfransın işində də əsasən GUAM-a dost olan ölkələr iştirak edirlər, Rusiya və digər vasitəçi dövlətlər isə demək olar ki, təmsil olunmurlar.


Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyir ki, dörd GUAM ölkəsinin hədəfi münaqişələrin həllində yaranmış durğunluğu aradan qaldırmaqdır. Çünki nazirin sözlərinə görə, mövcud konfliktlər artıq bu ölkələrin iqtisadi inkişafına maneçilik törədir:


«GUAM ərazisindəki mövcud münaqişələrin hamısı aqressiv separatizm tətbiq edilməklə yaranıb. Amma bu münaqişələrin həllində ikili standart yanaşması etimadsızlıq yaradır. Hesab edirik ki, beynəlxalq hüquq sistemi gücləndirilməlidir».


Gürcüstanın reinteqrasiya üzrə dövlət nazirinin müavini Dmitri Mandcavidze deyir ki, GUAM dövlətlərinin münaqişələrin həllində öz prioritetləri olmalıdır: «Gürcüstandakı münaqişələr ərazi bütövlüyü və bütün etnik qrupların maraqlarına uyğun həllini tapacaq. Bu məsələdə istənilən xarici faktorun müdaxiləsi qəbuledilməzdir. Biz prosesə sıfırdan başlamalıyıq».


Moldovanın reinteqrasiya üzrə dövlət nazirinin müavini İon Stevila münaqişələrin həllinə beynəlxalq ictimaiyyətin kifayət qədər diqqət yetirmədiyini deyir. Onun sözlərinə görə, digərləri ilə müqayisədə Dnestryanı münaqişənin həlli daha asandır, amma bunu edən yoxdur. Ona görə də GUAM çalışıb, özü nəticə əldə etməyə nail olmalıdır.


Yerli siyasi ekspertlər isə bu cür konfranslarla münaqişələrin həllinə nail olunacağına o qədər inanmırlar.



Məmmədyarov: «Bizim gələcək üçün bir sıra planlarımız var. Amma indi açıqlamaq istəmirik»

Politoloq İlqar Məmmədov deyir ki, bu ölkələri birləşdirən yalnız Rusiya ilə münasibətlərdə problemləri olmasıdır:


«Onların bu formatda toplaşması ilk növbədə Rusiyanı qıcıqlandırır. Bu baxımdan tədbirdə nə deyilirsə-deyilsin, məncə, format özü tədbirin məzmunundan daha əhəmiyyətlidir».


Amma politoloq Rasim Musabəyov deyir ki, GUAM səylərini əlaqələndirməklə beynəlxalq diqqəti özünə cəlb edə bilər. Onun fikrincə, üzv ölkələrin bunun üçün lazımi resursları var.


GUAM-ın Baş katibi Valeri Çeçelaşvili isə deyir ki GUAM məkanında mövcud olan münaqişələrin həllində vahid strategiyanın hazırlanması üçün bir növ «ağıl həmləsi» nümayiş etdirmək lazımdır. Onun fikrincə, Rusiyanın neqativ səyləri heç bir əhəmiyyət daşımır.


Bakı konfransının yekununda münaqişələrin həlli ilə bağlı tövsiyələr qəbul ediləcək. Amma ekspertlərin fikrincə, bu tövsiyələr o vaxt nəticə verər ki, onların davamı gəlsin və təcrübədə tətbiq olunsun. Çünki bəzi tənqidçilərə görə, GUAM əvvəllər də öz-özünə tədbir keçirib problemlərindən danışır, sonra da susub geri çəkilir.


Bu sualla konfransdan sonra Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarova müraciət etdik.


Məmmədyarov: «Bizim gələcək üçün bir sıra planlarımız var. Amma indi açıqlamaq istəmirik».


GUAM ölkələri üç ildir ki, BMT Baş Assambleyasına «dondurulmuş münaqişələr» haqqında qətnamə layihəsi təqdim ediblər, amma sənəd hələ də səsverməyə çıxarılmayıb. Azərbaycanın Xarici İşlər nazirinin müavini Araz Əzimov istisna etmir ki Bakı konfransının ardınca, tərəflər bu məsələ üzərində düşünəcəklər.


GUAM 1999-cu ildə Strasburqda yaradılıb. Sonradan bu formata Özbəkistan da daxil olsa da, dörd ildən sonra təşkilatı tərk edib. 2006-cı ildə Kiyevdə sammit zamanı GUAM-ın beynəlxalq təşkilat və «Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat - GUAM» kimi elan olunması haqda qərar çıxarılıb. Növbəti sammit bu il iyulun 1-2-də Tbilisidə keçiriləcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG