Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:19

Senzura qayıdır?


Son vaxtlar bəzi jurnalistlər etiraf edirlər ki, onların daxilində bir senzor yaranmaqdadır
Son vaxtlar bəzi jurnalistlər etiraf edirlər ki, onların daxilində bir senzor yaranmaqdadır

Azərbaycan mətbuatında yenidən senzuranın bərpa ediləcəyi ilə bağlı narahatlıq var. Söhbət heç də «Qlavlit»in, yəni Mətbuatda Dövlət Sirlərinin Qorunması Baş İdarəsinin fəaliyyətinin barpasından getmir. Son vaxtlar bəzi jurnalistlər etiraf edirlər ki, onların daxilində bir senzor yaranmaqdadır. «Ayna» qəzetinin şərhçisi Azər Rəşidoğlu bu prosesi son illər bəzi jurnalistlərə təzyiqlərin artması və söz azadlığının daha çox boğulması ilə izah edir: «İndi çoxları ölümdən, işgəncədən, həbs edilməkdən deyil, sadəcə rüsvay olmaqdan qorxur».


Rəşidoğlu deyir ki, artıq Azərbaycan jurnalistləri üçün toxunulmaz mövzular da formalaşmaqdadır. Onun sözlərinə görə, bir neçə il əvvəl Azərbaycan jurnalistləri üçün prezidentin, onun ailə üzvlərinin fəaliyyətindən bəhs etmək böyük cəsarət tələb edirdi. İndisə artıq zeytun bağının qırılması problemini qaldırmaq jurnalist üçün həyatını təhlükəyə atmaq anlamına gəlir.



Son illər iki əməkdaşı həbs edilən və daha bir neçə müxbiri fiziki zorakılığa məruz qalan «Azadlıq» qəzetinin direktoru Azər Əhmədov da deyir ki, təzyiqlərin getdikcə artması onları da narahat edir. Onun sözlərinə görə, iş yoldaşları Aqil Xəlilin bıçaqlanmasından sonra qəzetin ümumilikdə ona yaxın əməkdaşı izlənməyə başlanıb.

«Bəzilərinin ailəsi, bəzilərinin körpə uşağı var, bunu nəzərə alır. Daxildə senzuranın qarşısını almağa çalışsalar da, öz yazılarına başqa təxəllüslər qoyurlar»
Bütün hallarda öz fəaliyyətlərini davam etdirmək niyyətində olsalar da, indi daha çox ehtiyat tədbirləri görürlər: «Bəzilərinin ailəsi, bəzilərinin körpə uşağı var, bunu nəzərə alır. Daxildə senzuranın qarşısını almağa çalışsalar da, öz yazılarına başqa təxəllüslər qoyurlar».


Ancaq hakimiyyət və ona yaxın kütləvi informasiya vasitələrində hər hansı xof yoxdur. «Yeni Azərbaycan» qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyir ki, Azərbaycanda daxili senzuranın yaranması üçün sosial-psixoloji mühit yoxdur. Onun fikrincə, Azərbaycanda jurnalistlər həm daxilən azaddır, həm də onların sərbəst fəaliyyət imkanları var: «Bizim mətbuat hətta həddən çox azaddır. Çünki normal ölkələrdə söz azadlığı anarxiya ilə qarışdırılmır, təhqirlə eyniləşdirilmir. Əgər kimsə təhqirə yol verirsə və bunun əvəzində ictimai qınaqla qarşılaşdıqdan sonra onda daxili senzuranın yarandığını iddia edirsə, bu, artıq psixomaniyadır».


Babaoğlu deyir ki, «Yeni Azərbaycan» qəzeti üçün heç bir qadağan olunmuş mövzu yoxdur. Əksinə onlar jurnalistlərə daha sərbəst imkanlar yaratmağa çalışırlar.


Hər halda Azərbaycan mətbuatının vəziyyəti ilə bağlı elə onun özündə fərqli mülahizələr var. Ancaq bəziləri də daxili senzura probleminə daha geniş baxmağın tərəfdarıdırlar. «Ayna» qəzetinin şərhçisi Azər Rəşidoğlu deyir ki, əslində indi bütünlükdə cəmiyyətdə bir xof var. Onun fikrincə, kəndli məmurdan şikayət etməkdən, siyasətçi isə qətiyyətli addım atmaqdan çəkinir. Rəşidoğlu hesab edir ki, bəzi jurnalistlərdə yaranan narahatlığı da elə bu prosesin tərkib hissəsi saymaq lazımdır. Sadəcə mətbuat azadlığının boğulması ictimai fikrin məhvi prosesini sürətləndirə bilər.


Azərbaycanda mətbuata senzura 1993-cü ildə tətbiq edilib, 1998-ci ildə isə ləğv edilib.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG