Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:34

«Orduda ölüm halları daha çox arxa cəbhədə baş verir»


2000-ci ildən sonra əsgər ölümləri ilə bağlı informasiyalar gizli saxlanılır
2000-ci ildən sonra əsgər ölümləri ilə bağlı informasiyalar gizli saxlanılır

Azərbaycan Müdafiə Nazirliyinin (MN) statistikasına görə, 1995-2000-ci illərdə Silahlı Qüvvələr 2000-ə qədər əsgər itirib, 3000 hərbçi isə şikəst olub. 2000-ci ildən sonra isə MN əsgər ölümləri ilə bağlı informasiyaları məxfi qriflə gizli saxlayır. Bu, xüsusən arxa cəbhədə silahla ehtiyatsız davranma və intihar nəticəsində baş verən ölüm faktlarına aiddir. İndi Müdafiə Nazirliyi daha çox Ermənistan-Azərbaycan cəbhəsində qarşı tərəfin gülləsindən həlak olan əsgərlərin adını açıqlayır.


Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzinin hesablamalarına görə isə Azərbaycan Ordusu ildə yenə 80-100 canlı qüvvə itkisi verir. Mərkəzin rəhbəri Ələkbər Məmmədov deyir ki, ölüm halları sərhəd bölgələrindən çox arxa cəbhədə baş verir. Səbəb isə hərbi hissələrdə nizamnamə pozğunluqlarıdır.


- Bütün bunlar isə korrupsiyalaşmış sistemdə rüşvətin, yeyintinin, əsgərlərin təhqir olunmasının nəticələridir.


Ə.Məmmədovun sözlərinə görə, hüquq-mühafizə orqanları əsgər ölümlərini çox zaman dəqiq araşdırmır. Bəzən əsas məsuliyyət sahibləri gizlədilir, yüksək rütbəli zabitlərlə konflikti olan zabitlər isə cəzalandırılır.


Ehtiyatda və İstefada olan Zabitlər Birliyinin sədr müavini, ehtiyatda olan polkovnik İldırım Məmmədovun fikrincə isə ordunun problemləri qanunvericilikdəki boşluqlardan başlayır:


- Ölkələr Avropaya, NATO-ya inteqrasiya olunmaq istəyir, Azərbaycan isə oturub iki sandalın üstündə. Bir tərəfdən yapışıb keçmiş sovetlər birliyinin qanunvericilik bazasından, digər tərəfdən də NATO-nun tərəfdaşlıq proqramlarına qoşulub.


İ.Məmmədovun sözlərinə görə, Müdafiə Nazirliyi sistemində korrupsiyanın ildən-ilə yüksəlməsi haqda sıravi Azərbaycan vətəndaşının belə yetərincə informasiyası olmasına baxmayaraq Korrupsiyaya Qarşı Mübarizə Komitəsi başda olmaqla heç bir rəsmi qurum bu faktlarla bağlı yoxlamalar aparmır:


- Azərbaycanın rayonlarında əgər dörd hörmətli insan varsa, onlardan biri də mütləq hərbi komissarlardır. Azərbaycanda da o adamlar hörmətli sayılır ki, onların çoxlu pulu-parası var. Hardandı bu qədər pullar?


Ehtiyatda və İstefada Olan Zabitlər Birliyinin daha bir üzvü, ehtiyatda olan polkovnik-leytenant Səməd Səmədov isə əsgər-zabit münasibətlərindəki gərginliyin səbəblərindən birini hərbi təhsil sistemindəki çatışmazlıqlarda görür. Onun sözlərinə görə, əgər hökumət Azərbaycan Ordusunun gerçəkdən NATO sandartlarına uyğunlaşması siyasəti yürüdürsə, diqqət yalnız zabitlərin yüksək səviyyəli hərbi təhsil almasına yönəldilməli, sovet ordusundan qalma prinsiplərə birdəfəlik son qoyulmalıdır.


Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Eldar Sabiroğlu ilə əsgərlərin qidalanmasında, hərbi hissələrin təchizatında heç bir problem olmadığını deyir:


- Ola bilsin ki, müəyyən çətinliklər olsun. Ancaq bunu dəhşətli formada cəmiyyətə çatdırmaq olmaz.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG