Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:17

«Belə getsə, bir-birimizin ətini yeyəcəyik»


Kənd təsərrüfatı məhsullarının qiymətləri daha çox Bakıda artıb
Kənd təsərrüfatı məhsullarının qiymətləri daha çox Bakıda artıb

Azərbaycanda ərzaq məhsullarının bahalaşması prosesi 2007-ci ilin yanvarından – hökumət enerjidaşıyıcıların qiymətini 3 dəfədən çox artırandan sonra başlayıb. Bakı sakinləri deyirlər ki, o zamandan başlanan bahalaşma indi də sürətlə davam etməkdədir:


- Bəlkə də iki, ya üç ildən çoxdur ki, ət yemirəm. Yediyimiz ancaq kartof və vermişeldi.


- Yaxşı kartofun qiyməti 2 manatadır. Çörək olub 30 qəpik. Mal ətinin qiyməti qalxıb 6 manata. Duru yağ 2 manat bahalaşıb. Ancaq gücüm çatır toyuq ətinə. Onun da qiyməti 3 manat 40 qəpikdir. Belə getsə, bir-birimizin ətini yeyəcəyik.


Söhbətləşdiyim insanlar bildirirlər ki, son iki ildə pul gəlirlərinin artmasına baxmayaraq yaşayış səviyyələri aşağı düşüb, qida rasionları xeyli kasadlaşıb. Hətta bayramlarda belə, ürəkləri istəyən süfrəni açmağa imkanları çatmır.


İqtisadçı ekspert Azər Mehtiyevin fikrincə, hökumət dünya bazarında strateji ərzaq məhsullarının qiymətinin bahalaşmasının Azərbaycana təsirinin qarşısını almaq üçün heç bir ciddi addım atmır. Onun sözlərinə görə, hökumətin aqrar sektorda gördüyü işlər genişmiqyaslı dövlət proqramından çox, xaotik tədbirlər xarakteri daşıyır. Ekspert hesab edir ki, nə vaxtaşırı keçirilən ərzaq yarmarkaları, nə də fermerlərə verilən kiçik kompensasiyalar ərzaq bazarında bahalaşmanın qarşısını almaq üçün ciddi tendensiyaya çevrilə bilməz:



- Azərbaycanın imkanları elə genişdir ki, ehtiyac yaranarsa, zəruri kənd təsərrüfatı məhsulları dövlət hesabına alınıb ölkəyə gətirilə bilər. Belə bir addım atmaqla hökumət yarana biləcək gərginliyi aradan qaldıra bilər. Nəzərə alsaq ki, bu il ölkədə seçki ilidir və hökumət heç bir halda sosial gərginliyin yaranmasında maraqlı deyil, onda siyasi məqsədlər üçün olsa da hansısa qabaqlayıcı tədbirlərin görüləcəyini gözləmək olar.


Azər Mehtiyevin sözlərinə görə, kənd təsərrüfatı məhsullarının qiymətləri daha çox paytaxt Bakıda artıb: «Son illər sahibkarların bürokratik əngəllərlə üzləşməsi onların Azərbaycandan kənarda iş axtarmasına səbəb olub. Nəticədə Bakı bazarlarında Zirə pamidorunun yerini Çin, Nardaran xiyarının yerini isə Gürcüstan xiyarı tutub».


İqtisadi İnkişaf Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Abbas Əliyev isə narahatçılıq üçün heç bir əsas görmür. Onun sözlərinə görə, dünyada ərzaq məhsullarının qiymətinin artması Azərbaycana təsir etməyəcək:


«Buğda əkini ilə məşğul olan fermerlərə hökumət xüsusi qayğı göstərir. Dövlət vəsaiti hesabına bu sahənin stimullaşdırılması həyata keçirilir. İqtisadi İnkişaf Nazirliyi Yanında Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə fermerlərə ən güzəştli şərtlərlə kreditlər verilir».


Əliyevin sözlərinə görə, hökumət vətəndaşların ərzaq təhlükəsizliyinin qorunması üçün dövlət proqramlarını bundan sonra da davam etdirəcək.


Dünya Bankı isə xəbərdarlıq edir ki, ərzaq məhsullarının qiymətlərinin bahalaşması dünyanın bir çox ölkələrində yoxsulların sayının artmasına gətirib çıxaracaq. Bankın hesablamalarına görə, minimum istehlak səbətinin dəyəri hətta 50-60 faiz bahalaşa bilər. Bankın ekspertləri hesab edirlər ki, Azərbaycan da bahalaşma ilə üzləşəcək, bu səbəbdən ölkədəki yoxsulların sayı 2-3 faiz artacaq.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG