Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:48

Anonim mesajları kim göndərir?


«Yeni Müsavat» qəzetinin baş redaktoru məsələ ilə bağlı DİN-ə müraciət edib
«Yeni Müsavat» qəzetinin baş redaktoru məsələ ilə bağlı DİN-ə müraciət edib

«Gün səhər» qəzeti:


Aprelin 10-u axşam saat 22-23.00 radələrində millət vəkili Cəmil Həsənli, Azərbaycan Ziyalılar Hərəkatının sədri Eldəniz Quliyev, «Xalq qəzeti»nin keçmiş baş redaktoru Mahal İsmayıloğlu, «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu, «Azadlıq» qəzetinin direktoru Azər Əhmədov, «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, «Zerkalo» qəzetinin siyasi şərhçisi Rauf Mirqədirovun mobil telefonlarına təhqirli zənglər gəlib. Adı çəkilən şəxslərin hamısı «Azadlıq» qəzetinin müxbiri Aqil Xəlilə qarşı başlanılan təbliğata kəskin etirazlarını bildirirlər…


Artıq «Yeni Müsavat» qəzetinin baş redaktoru məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edib.


«Multimedia» İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin rəhbəri Osman Gündüz faktı şərh edərkən dedi ki, mobil telefonlar və texnologiyalar təzə vüsət almağa başlayarkən bu üsullar geniş tətbiq olunurdu:


«Əgər xatırlayırsınızsa, əvvəllər İnternet üzərindən mobil telefonlara məktub göndərmək mümkün idi. Sonralar bizdəki mobil operatorlar bu xidməti bağladılar. Lakin bu sistem hələ dünyada qalır. Fikrimcə, başqasının telefonundan özündən xəbərsiz kiməsə mesaj göndərilirsə, bu, İnternet vasitəsilə gerçəkləşdirilir»...


O. Gündüz həmçinin, telefon nömrələrinin klonlaşdırılması variantını da yada saldı:


«Yüksək hazırlığa malik hakerlər var ki, onlar mobil texnologiyaların alqoritmini sındırıb, digər texniki vasitələrdən istifadə edərək mobil nömrənin dublikatını çıxara bilir. Bu dublikat nömrədən istənilən nömrəyə mesajlar göndərmək mümkün olur»...



«Yeni Müsavat» qəzeti:


Aprelin 11-də Nizami rayonu Yusif Səfərov küçəsinin sakinləri evlərinin qanunsuz olaraq sökülməsinə etiraz əlaməti olaraq yolu bağlayıblar…


Sakinlər bizə ərazidə 64 ailənin yaşadığını və hər bir evin lazımi sənədlərinin olduğunu söylədilər. Lakin yol inşası ilə məşğul olan «Akkord» şirkətinin əməkdaşları iki gün əvvəl onlardan evlərinin və mağazaların boşaldılmasını tələb ediblər. Şirkətin əməkdaşları ərazidən keçən yolun genişləndirilməsi məqsədilə evlərin söküləcəyini bəyan ediblər.


Yusif Səfərov küçəsi 34, mənzil 5-də yaşayan, 2-ci qrup Qarabağ müharibəsi əlili Kərim Orucov 1978-ci ildən həmin mənzildə məskunlaşdığını söylədi:


«İndi nəqliyyat naziri Ziya Məmmədovun adamları gəlib bizə deyirlər ki, prezidentin göstərişinə əsasən evlərinizi boşaltmalısız. Onlar evlərimiz üçün kompensasiyanın verilməyəcəyini də söyləyiblər. Məhəlləyə gələn qaz, işıq və su xətləri artıq kəsilib. Hadisə ilə bağlı Prezident Aparatına, Nizami Rayon İcra Hakimiyyətinə, Nəqliyyat Nazirliyinə, «Azəryolservis»ə müraciət etsək də nəticəsi olmayıb. «Akkord» şirkətinin rəhbərləri bizə məsələ ilə bağlı «Azəryol» rəhbərlərindən olan Cavid Qurbanovla («Azəryolservis» ASC-nin sədri) Bayram Hüseynova müraciət etməyimizi məsləhət gördülər. Onlarla görüşə bilmədik. Lakin qurumun Şaban adlı əməkdaşı bizi qəbul etdi və bildirdi ki, evlərinizi boşaldın. Əks təqdirdə zor gücünə evlər söküləcək. Ən pisi isə həmin məmurların prezidentin adından istifadə etmələridir. Onlar bizə dönə-dönə bildiriblər ki, evlər birbaşa İlham Əliyevin sərəncamı ilə sökülür və kompensasiya ödənilməyəcək».


Məsələyə münasibət bildirən Nəqliyyat Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Namiq Həsənov qanuni sənədləri olan evlər və obyektlər üçün kompensasiya veriləcəyini söylədi:


«Biz əvvəldən də bəyan etmişdik ki, dövlət ehtiyacları üçün sökülən evlərə bazar qiymətlərinə uyğun şəkildə kompensasiya veriləcək. Əgər evlərin qanuni sənədləri varsa, bu sənədlər yoxlanılır və sakinlərlə razılaşdırılmış məbləğdə vəsait ödənilir. Ev və obyektlərin qanunla müəyyən edilmiş qaydada sənədləri mövcud deyilsə, kompensasiya ödənilmir»…



«Azadlıq» qəzeti:


Təhsil naziri Misir Mərdanov verdiyi son açıqlamada ali təhsil məktəblərinin rektorlarını ittiham hədəfinə çevirib:


«Ali məktəblərin çoxunda nə dərslik, nə vəsait, nə təlim texnologiyası, nə də müəllimlər təlim texnologiyalarına cavab verir. Ali məktəblərin proqramlarında əhəmiyyəti olmayan çox fənn var».


Əlbəttə, nazirin dediklərində həqiqət çalarları yetərincədir. Ancaq bütün bu çatışmazlıqları Təhsil Nazirliyi tənzimləməlidir və bu baxımdan, Misir Mərdanovun mövqeyi həm maraqlı, maraqlı olduğu qədər də anlaşılmazdır.


AXCP Rəyasət Heyətinin üzvü, professor Elmira Muradəliyeva deyir ki, təhsil sistemində mövcud olan nöqsanlara görə məsuliyyət ilk növbədə Təhsil Nazirliyinin üzərinə düşür:


«Təhsil Nazirliyi ölkənin təhsil sistemini idarə edir. Əgər baş verən nöqsanlara görə, ilk növbədə ali məktəb rektorları cavab verəcəksə, onda nazirlik nəyə lazımdır? Belə olan halda ali məktəblərə tam müstəqillik versinlər, sözügedən nazirlik də ləğv edilsin. Yenə də təkrar edirəm təhsilə istiqamət verən Təhsil Nazirliyidir və nazir ilk növbədə öz nöqsanlarından danışmalı, işin daha çevik qurulması üçün səylər göstərməlidir».


Təhsil sahəsi üzrə ekspert Etibar Əliyev isə nazirin ali məktəblərə təsir imkanlarının yetərincə zəif olması qənaətindədir:


«Ali məktəb rektorlarını prezident təyin edir və görünən, müşahidə edilən odur ki, Misir Mərdanov rektorlardan qorxur. Bu baxımdan, nazirin ali məktəblərdəki vəziyyətlə bağlı tənqidi açıqlama verməsi şəxsən məni təəccübləndirdi. Yaxşı olardı ki, Misir Mərdanov konkret adlar çəkəydi. O hansı universitetdə hansı problemlərin mövcud olması barədə danışsaydı, daha yaxşı olardı. Ümumiyyətlə bu gün nazirin ali məktəblərə təsir imkanları həddindən artıq zəifdir. Universitetlərdə nazirlik köçürməyə və ixtisas dəyişməyə nəzarət edə bilir. Ancaq onu da qeyd etmək lazımdır ki, Misir Mərdanovun dedikləri həqiqəti əks etdirir. Ali təhsil məktəblərində çox ciddi problemlər var».


XS
SM
MD
LG