Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:30

«Mövcud olmağın özü belə böyük uğurdur…»


«Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu

«Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu

«Azadlıq» qəzetinin əməkdaşı Aqil Xəlilin istintaqı ətrafında baş verən prosesləri bəzi jurnalist dairələri azad söz tərəfdarları ilə onu boğmağa çalışanların açıq cəbhələşməsi kimi dəyərləndirirlər. «Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev deyir ki, getdikcə hüquq-mühafizə orqanlarının hansı tərəfdə olduğu aydınlaşmaqdadır: «İstintaq materiallarının açıqlanması qanunsuzluq idi. Bu, həm də onu göstərdi ki, müdafiəsi üçün dövlətə müraciət edən şəxs özü dövlət orqanları tərəfindən hədəf seçilə bilər».


Ancaq rəsmi dairələrdə hesab edirlər ki, hökumətin basqısı altında əzilən azad mətbuat obrazı süniləşdirilib. Hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Musa Quliyev hesab edir ki, əgər Aqil Xəlilin istintaqında hər hansı bir yanlışlıq olubsa, məhkəməni gözləmək daha yaxşı olardı: «Nəyə görə biz elə hesab etməliyik ki, bütün jurnalistlər obyektivdilər, vicdanlıdılar, ancaq hüquq-mühafizə orqanları qeyri-obyektiv və saxtakar. Bu yanaşma düzgün deyil».


Jurnalist dairələrində isə Aqil Xəlilin müdafiəsinin necə qurulması gündəlikdədir.


Artıq Söz Azadlığının Müdafəsi Təşkilatının xahişi ilə millət vəkili Cəmil Həsənli Aqil Xəlilin ictimai müdafiəsini öz üzərinə götürüb. Həsənli deyir ki, onlar müdafiə işlərində ölkə qanunvericiliyinin imkan verdiyi bütün vasitələrdən istifadə etməyə çalışacaqlar: «Bu uşaq bir dəfə döyülüb, bir dəfə bıçaqlanıb. İndi də ona mənəvi zərbə vururlar. Onu qorumaq lazımdır. O, orduda xidmət edib, ali təhsillidir, Azərbaycan tarixində yeri olan bir mətbuat orqanında çalışır».


Ancaq jurnalist dairələrində belə fikir də var ki, Aqil Xəlilin müdafiəsi yetərli deyil. Yeri gəlmişkən, yada salaq ki, bu yaxınlarda həbsdə olan jurnalist Eynulla Fətullayevin müdafəsi ilə bağlı növbəli aclıq aksiyası keçirilmişdi. Həmin aksiya 13 gün davam etdi. «Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev Aqil Xəlilin yetərli şəkildə müdafiə edilməməsini jurnalist təşkilatlarında lazımı yekdillik olmaması və bütünlükdə yorğunluqla izah edir. Üstəlik, onun sözlərinə görə, hələ də çoxları «məndən ötdü qardaşıma dəydi» prinsipi ilə fəaliyyət göstərir.


Ancaq «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu hesab edir ki, əgər azad mətbuata qarşı bütün hakimiyyət sturukturları hücuma keçibsə, mövcud olmağın özü belə böyük uğurdur: «Bizə bazar müdirləri hücum etsəydi, müdafiə də olunmaq olardı, lap hücuma keçmək də. Ancaq hakimiyyət bu hücumda dövlətin bütün strukturlarından istifadə edir».


Nəşri dayanan «Gündəlik Azərbaycan» qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu isə deyir ki, əslində problem heç də bəzi jurnalistlərin haqsız yerə təqiblərə məruz qalmasında deyil. Çobanoğlu bildirir ki, jurnalistika cəmiyyətin ifadə azadlığını təmin edir: «Azad söz boğulanda isə cəmiyyətin ifadə azadlığı təhlükəyə düşür. Bu isə artıq təkcə jurnalistin deyil, bütün cəmiyyətin problemi deməkdir».


XS
SM
MD
LG