Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:38

«Mərkəzi Asiya enerji bazarında əsas partnyordur»


«Aşqabaddakı danışıqlar birliklə Asiya ölkələri arasında əməkdaşlığı gücləndirəcək»

«Aşqabaddakı danışıqlar birliklə Asiya ölkələri arasında əməkdaşlığı gücləndirəcək»

Avropa Birliyinin xarici əlaqələr üzrə komissarı Benito Ferrero-Uoldner deyib ki, Aşqabaddakı danışıqlar birliklə Asiya ölkələri arasında əməkdaşlığı gücləndirəcək. Aşqabadda Ferrero-Uoldner Türkmənistan, Tacikstan, Özbəkistan, Qırğızıstan və Qazaxıstanın Xarici İşlər nazirləriylə görüşür.


Avropa enerjiyə görə, indi Rusiyadan çox asılıdır. Mərkəzi Asiya ölkələrindən Qazaxıstan, Türkmənistan və Özbəkistan isə dünyanın ən iri qaz və neft yataqlarına malikdir və bu region Avropanın enerji mənbələrini artırmaq üçün əsas hədəfdir.


«Azadlıq» radiosuna müsahibəsində Benito Ferrero-Uoldner etiraf edib ki, enerji baxımından Mərkəzi Asiya Avropa üçün getdikcə daha mühüm partnyora çevrilməkdədir: «Mərkəzi Asiya enerji bazarında əsas partnyordur. Bu bazarda Mərkəzi Asiyanın potensialı böyükdür. Amma biz enerjinin təkrar istehsalı sahəsində də əməkdaşlığımızı inkişaf etdiririk. Bu da mühüm mövzudur. Əlbəttə, biz idxal və ixrac marşrutlarımızın müxtəlifləşdirilməsi yönündə danışıq aparırıq».


Amma insan haqları təşkilatları Avropa Birliyindən tələb edirlər ki, vəziyyətdən istifadə edib, Mərkəzi Asiya hökumətlərinə təzyiqi artırsın. London İqtisadiyyat Məktəbindən Anna Matveeva bu həftəki danışıqların əhəmiyyətini belə izah edir: «Əvvəla, ilk dəfədir ki, Türkmənistanda belə tədbir keçirilir. Türkmənistan əvvəlki prezident Niyazovun vaxtında təcrid olunmuşdu. Bu həftəki tədbir beynəlxalq ictimaiyyətə, xüsusilə də Avropa Birliyinə yeni ölkənin açıldığını göstərir. İkincisi, Mərkəzi Asiya ölkələri belə görüşlərdə getdikcə daha yüksək səviyyədə təmsil olunurlar. Bu da Avropanın regiondakı oyununun əhəmiyyətinin artdığını göstərir».


Aşqabadda keçirilən danışıqlarda Avropa Birliyindən Benito Ferrero-Uoldnerdən başqa, Sloveniyanın Xarici İşlər naziri Dimitri Rupel, Fransanın Xarici İşlər naziri Bernard Kouchner də iştirak edir. Fransa Avropa Birliyinə gələn dəfə sədrlik edəcək ölkədir. Danışıqlarda Avropa Birliyinin Mərkəzi Asiyaya yardım strategiyası planının icrası da müzakirə olunacaq. Yardım strategiyası planı keçən ilin iyununda qəbul olunub. Sənəd Avropa Birliyinin Mərkəzi Asiyada öhdəliklərinin artırılmasını nəzərdə tutur. Bu öhdəliklər iqtisadiyyat, ticarət, enerji, təhsil, ətraf mühitin qorunması, təhlükəsizlik, insan haqlarının qorunmasıyla bağlıdır. Avropa Komissiyası bildirir ki, 2007-ci ildən 2013-cü ilə qədər Mərkəzi Asiya üçün 750 milyon avroluq yardım nəzərdə tutulub, bu isə əvvəlki dövrlə müqayisədə az qala iki dəfə çoxdur.


Keçən ilin sonlarında Avropa Birliyi Özbəkistan rəsmilərinə qoyduğu viza qadağasını müvəqqəti olaraq ləğv etdi. Qadağa Əndican hadisələri zamanı yüzlərlə adamın ölümündə günahlandırılan rəsmilərə qoyulmuşdu və Özbəkistanda insan haqlarıyla bağlı vəziyyət düzəlməsə yenidən tətbiq oluna bilər. Amma Avropa Birliyi rəsmiləri Daşkəndin xeyli müsbət addım atdığını deyirlər. Özbəkistan hökuməti Əndican hadisələri barədə üç dəfə danışıq aparıb. Bəzi siyasi məhbuslar buraxılıb, ölüm hökmü ləğv olunub.


Avropa Birliyinin komissarı Benito Ferrero-Uoldner Daşkəndin onları ruhlandırdığını deyir. Bəziləri hesab edirlər ki, Avropa Birliyi ilə yaxınlıq doğrudan da Mərkəzi Asiyada vəziyyəti düzəldəcək. Amma London İqtisadiyyat Məktəbindən Anna Matveeva əmindir ki, Avropa Birliyinin Mərkəzi Asiya ölkələri üzərində təsir vasitələri azdır: «Əlbəttə, diplomatik vasitələrin təsiri ola bilər. Amma biz möcüzə baş verəcəyini gözləyə bilmırik. Mərkəzi Asiya real olaraq Avropa Birliyindən asılı deyil, nə iqtisadi, nə siyasi, nə də təhlükəsizlik baxımından. Avropa Birliyiylə əlaqələr zəifləsə, regionda bu ölkələrin üz tutacaqları başqa oyunçular – Çin və Rusiya var».


İnsan haqları təşkilatı «Amnesty International» bəyanat yayaraq, Avropa Birliyini və Mərkəzi Asiya dövlət başçılarını öhdəliklərinə əməl etməyə çağırıb. Təşkilat bildirir ki, hər iki tərəf göstərməlidir ki, insan haqları məsələsini üzə tutub, iqtisadi əməkdaşlığa üstünlük vermirlər. «Human Rights Watch» isə Avropa Birliyini Mərkəzi Asiyayla bağlı strategiyasını şəffaf aparmağa, vətəndaş cəmiyyətlərilə əlaqəli işləməyə çağırıb.


XS
SM
MD
LG